Lotu Qulinin Türkiyənin Antalya şəhərində qətlə yetirilməsi Rusiya mediasında da əks-səda verib.
Axar.az Lenta.ru-da dərc edilən “Sonuncu don. Azərbaycan mafiyasının rəhbəri öldürüldü. Rusiya oğru dünyasını “yenidən bölüşdürülmə” gözləyir” başlıqlı araşdırmasını təqdim edir:
Avqustun 20-də “Lotu Quli” adı ilə tanınan 47 yaşlı qanuni oğru Nadir Səlifovun öldürülməsi barədə məlumat kriminal aləmi sarsıtdı. O, Azərbaycan oğru dünyasının əsas simalarından olmaqla yanaşı, postsovet məkanında ən nüfuzlu şəxslərdən biri idi.
Qulinin adı İstanbulda güllələnən Rövşən Canıyevin (Lənkəranski) qətlində də hallanırdı. Onun Lənkəranskinin ölümündən düz dörd il sonra öldürülməsi də təsadüfi deyil.
Qətl necə icra edilib?
Quli dəfələrlə təhlükələrin astanasından dönsə də, ölümü öz adamı hesab etdiyi şəxsdən gəldi. “Praym Kraym” informasiya agentliyinin məlumatına görə, cinayəti Xaqan Zeynalov (Xan Bakinski) adlı şəxs həyata keçirib. Zeynalov əsl assasin (xaşxaşilər – orta əsrlərdəki məşhur terror qrupu - red), orta əsrlərdəki sui-qəsdçi kimi davrandı. Cinayətkar əlaqələri vasitəsilə əvvəlcə Qulinin ən yaxın silahdaşlarının arasına sızdı, daha sonra isə patrona sədaqət nümayiş etdirərək onun ətrafına daxil oldu.
Avqustun 19-da axşam saatlarında Səlifov türk otellərinin birində köhnə tanışı ilə kart oynayırdı. Otaqda onlarla yanaşı, Qulinin şəxsi mühafizəçisi də var idi.
Qapı açıldı və Bakinski otağa girdi, Quli başını çevirdi, amma kimin girdiyini görəndə rahatladı və oynamağa davam etdi. Qonağı yaxşı tanıyan cangüdən də heç bir şeydən şübhələnmədi.
Bakinski qoruyucudan çıxarılan tapançanı Qulinin başının arxasına yönəlddi və tətiyi dörd dəfə çəkdi. Cangüdən cavab atəşi ilə Bakinskini yaralasa da, cinayətkar qaçmağa müvəffəq oldu. Buna baxmayaraq, Bakinski bir müddət sonra Antalya-Dənizli magistralında türkiyəli polislər tərəfindən tutuldu.
Qətldən öncə çəkilən videonun səbəbi
Avqustun 20-si günortadan sonra sosial şəbəkələrdə Bakinski Səlifovun öldürülməsindən 30 dəqiqə öncə sifarişçilərə hesabat olaraq Qulini lentə alaraq, video yaydı.
Sifarişçilərin kimliyi isə hələ dəqiq bilinmir (Qeyd edək ki, sifarişin Rövşən Lənkəranskinin dayısı oğlu, “Dayıoğlu Zaur” kimi tanınan Zaur Əhmədov tərəfindən 4 milyon dollara verildiyi bildirilir – red.).
Görüntülərdə Qulinin otelin dəhlizində başmaqda və idman köynəyində yavaş-yavaş gəzdiyi və telefonda kimləsə sakit danışdığını əks olunub. Qanuni oğru tələsmədən yeriyir, o rahatdır və arxasında gedənə açıq-aşkar güvənir. Bunu görən sifarişçilər hər şeyin həll olunduğunu başa düşərək, Qulinin qətl sifarişini verirlər.
Uzun cinayət karyerası boyunca qanuni oğru Quli soyuqqanlı olduğunu, şərait tələb edərsə, kifayət qədər gözlədiyini və hazır olan kimi lazımi zərbəni endirmək qabiliyyətini sübut etmişdi.
Oğru dünyasının kralı
Qulinin 28 avqust 1972-ci ildə Gürcüstanın Dmanisi şəhərində azərbaycanlı ailədə anadan olduğu məlumdur. Bir neçə il sonra ailə Bakıya köçüb. Quli iki kiçik qardaşına qayğı göstərərək, onların yalnız qohum deyil, həm də bir komanda olduqlarını öyrədib. Ortancıl qardaşı Namiq də qanuni oğru adını alıb.
SSRİ-nin dağılmasından sonra Quli tez bir zamanda nüfuz və pul qazanmağa başlayıb. 1995-ci ildə isə Cinayət Məcəlləsinin bir sıra maddələri ilə mühakimə olunaraq həbs edilib.
Quli dərhal dəmir barmaqlıqlar arxasında nüfuzlu məhbusa çevrildi: istintaqla işləmək və məhkəmədə ifadə verməkdən imtinası isə bu yolda vacib rol oynadı. Hökmün yüngülləşməsi üçün bütün şansları olan gənc heç nəyi qəbul etməyərək 15 il həbs cəzası aldı.
Məhbusların arasında Səlifov qanuni oğru adını almağa çalışaraq, oğruların anlayışlarını fəal şəkildə mənimsəməyə başladı. Altı il sonra, 13 aprel 2001-ci ildə Quli məqsədinə çatdı və Azərbaycanda 6 nömrəli islah koloniyasında “qanuni oğru” adını aldı.
Qulinin Azərbaycandaki həbs həyatı barədə yeraltı aləmdə əfsanələr dolaşır. Onun öz kamerasında həqiqi kazino qurduğu deyilir. Həm də tez-tez Qulinin yanına qızların da gəldiyi bildirilir, onların arasında hətta “Miss Azerbaijan-2006”-nın da olduğu iddia edilir.
Bütün bunlar həbsxana rəhbərliyi tərəfindən aşkar edildikdə isə qalmaqal yaşanmışdı.
Lotu Quli-Lənkəranski savaşının səbəbi
Mütəşəkkil cinayətkar dəstələrin rəhbərləri və kiçik oğrular Qulinin sözlərindən məsul olduğunu və oğru qanunlarına əməl etdiyini bilərək, onunla işləmək istədilər. Əməkdaşlıq etmək istəməyənlər isə həyatdan tez köçürdü. Quli çəkinmədən düşmənlərini məhv edirdi. Rövşən Lənkəranski isə onlardan biri idi.
Rusiyalı mütəşəkkil cinayətkarların çoxu Qulinin ölümünü istədiklərini bildirirlər, lakin prioritet versiya, dörd il öncə qətlə yetirilən Rövşən Lenkəranskinin ailə üzvlərinin qisasıdır.
Onların hər ikisi Azərbaycanın kriminal aləminə çox böyük təsir göstərirdi, zirvədə isə yalnız bir nəfərlik yer var idi. İki cinayət generalı arasında qarşıdurmaya səbəb zirvədəki bir yer və pul idi. Mübahisələrinin əsas obyekti bir çox azərbaycanlının hələ də işlədiyi Rusiyanın tərəvəz bazarları idi. Oradaki işçilər əksər hallarda nüfuzlu həmyerlilərinə xərac verməyə məcbur olurdu. “Tərəvəz kralı” adlandırılan Rövşən Lənkəranski Moskva, Mərkəzi Rusiya və Uralsdaki bazarları ələ keçirmişdi.
Rövşən bu gəlirli hissədən möhkəm yapışaraq, rus dünyasının lideri Aslan Usoyanın (Ded Xasan) özü ilə də mübarizə aparıb. Lakin 2000-ci illərdə Ded Xasan qanuni oğrular Tariel Oniani (Taro) və Merab Canqveladze (Suxumski) ilə müharibə apardığına görə Lənkəranski ilə qarşıdurmada geri çəkilmək qərarına gəlmişdi.
Lakin Quli “bütün patronların patronu” Ded Xasandan daha inadkar oldu. Hələ Azərbaycanda həbsdə olarkən tərəfdarlarının köməyi ilə rəqib Lənkəranskiyə fəal şəkildə təzyiq göstərməyə başladı. Səlifov onun nəinki bazar payını əlindən almağa, həm də onu oğru titulundan məhrum etməyə çalışırdı.
Rövşən isə döyüşsüz təslim olmaq niyyətində deyildi və 2003-cü ildə yalnız tərəfdarlarının qatıldığı toplantı keçirdi. Ortaq bir qərarla Qulinin oğru adından məhrum edilməsi ilə bağlı mesajları Rusiya və Azərbaycanın bütün cəzaçəkmə müəssisələrinə göndərildi.
Lakin sonra Rövşən Lənkəranskiyə qarşı mübarizədə qisas almaq qərarına gələn Ded Xasan məsələyə müdaxilə etdi. Usayan öz nüfuzu sayəsində Qulini oğru titulunu itirməkdən xilas etdi.
Oğru adını itirmək təhlükəsi aradan qaldırıldıqdan sonra Quli hücuma keçdi, lakin Lənkəranskiyə açıq şəkildə hücum etmirdi. Qanuni oğru rəqibinin tərəfdarlarını aradan götürməyə və onların bizneslərini ələ keçirməyə başladı. Qulinin adamları Samara, Saratov və Sankt-Peterburq bazarlarına sahib oldular.
2014-cü ildə, Quli Moskva bazarlarına nəzarəti Rövşənin adamı olan Zaur Əliyevdən (Zayka) də alır. Bunun necə baş verməsi ayrı bir hekayədir.
2014-cü ilin sonunda dörd silahlı köməkçisi ilə birlikdə Zayka polis tərəfindən tutulur və Quli bundan xəbər tutur. “Təsadüf” nəticəsində Zayka Qulinin adamlarının olduğu kameraya yerləşdirilir. Güman etdiyiniz kimi, Rövşən Lənkəranskinin tərəfdarının həyatındakı ən pis gecə məhz o gecə idi: işgəncə və döyülmə bir neçə saat davam edir. Quli Azərbaycanda həbsdə ola-ola Skaypdan istifadə edərək, baş verənləri izləyir. Bu avadanlıqların nəzarətçilər tərəfindən görülməməsi isə məlum deyil.
Zayka ilə hesablaşma yanız başlanğıc idi. Lənkəranskinin tərəfdarları bir-birinin ardınca öldürülürdülər. Ölənlər arasında Əli Əliyev (Zabratski), Seymur Abdullayev (Nardaranski), Çingiz Axundov (Sedoy) və Hikmət Muxtarov (Hikmət Sabirabadlı) da var idi.
2016-cı ildə isə sıra Rövşən Lənkəranskiyə çatdı. Qatil Canıyevin maşınını İstanbulun mərkəzində gülləbaran etdi.
İndi Azərbaycanın yeraltı dünyasında yalnız bir kral qalmışdı. Öldürülmüş rəqibin tərəfdarlarının biznesi isə tez bir zamanda tərəf dəyişdirdilər. Quli Rövşən Lənkəranskinin əsas gəlir mənbəyi Yekaterinburqun tərəvəz bazasını da ələ keçirdi.
Mərhumun qardaşı Namiq Canıyev qətlin təşkilatçılarından qisas alacağına and içdi. O, Qulini aradan qaldırmaq üçün mürəkkəb sxemlər ortaya qoymadı.
Qulinin 11 düşməni necə tutuldu?
2018-ci ilin qışında Namiqin rəhbərlik etdiyi 11 nəfər Türkiyədə toplaşdı. Onlar pulemyotlar və digər silah-sursat, o cümlədən qumbaralarla silahlanmışdılar. İntiqam planı çox sadə idi: Qulinin villasına girmək və oradakı hər kəsi öldürmək.
Lakin sonra Türkiyə təhlükəsizlik qüvvələri məsələyə müdaxilə etdi. Xüsusi təyinatlılar intiqam almaq istəyən şəxsləri tutdu, silahsızlaşdırdı və istintaq təcridxanasına göndərdi. Oradaki türklər Namiqə və dostlarına ölkələrinin ərazisində qırğınlar təşkil etməyə icazə verilməyəcəyini açıq şəkildə izah etdilər. Problemi həll etmək üçün isə Qulinin özü söhbətə çağırıldı.
Qanuni oğruya məsələ izah edildi. Ondan təkcə bir şey tələb olunurdu: məhbusları həbs etmək üçün ifadə vermək.
Lakin burada müstəntiqlər sürprizlə qarşılaşdılar: Quli nəinki yaraqlılara qarşı ifadə vermək, həm də özünü oğru qanunlarına tam uyğun olaraq, qurban kimi tanımaqdan imtina etdi.
Qulinin bu hərəkəti onun kriminal aləmdəki nüfuzunu bir qədər də gücləndirdi və Rövşən Lənkəranskinin silahdaşlarının çoxu onun tərəfinə keçdi.
Bəzi versiyalara görə, Qulinin başına güllə vuran Xan Bakinski Lənkəranskinin keçmiş adamlarından idi. O, bosunun qisasını almaq planlarından əl çəkmədi, sadəcə, bir müddət gizləndi.
Qulinin Xan Bakinskini öz ətrafına Rövşənin ölümündən əvvəl, ya sonra yerləşdirdiyi dəqiq məlum deyil, lakin Səlifovun bu səhvi ona canı bahası başa gəldi.
Uzun illərdir qisas almağa can atan Rövşən Lənkəranskinin qohumları Qulinin qətlinin təşkilatçıları kimi görünsələr də, keçmiş SSRİ ərazisində Səlifovun ölümündə maraqlı olan digər fiqurlar da var. Onların arasında Quli ilə çox gərgin münasibətlər quran Rusiya dünyasının lideri Zaxariy Kalaşov (Şakro Molodoy) da yer alır.
Qulinin ölümündən sonra keçmiş SSRİ-nin kriminal aləmində ən nüfuzlu qüvvəyə çevrilən Taro və Merab Canqveladzenin başçılıq etdiyi Suxumi oğrular klanı da bu siyahı içindədir.
Yeni kral kim olacaq?
Səlifovun qatili hələ doğru-dürüst dindirilməyib, amma kriminal dünya artıq mərhumun imperiyası uğrunda müharibəyə hazırlaşır. Qulinin təsiri xüsusilə Sverdlovsk bölgəsində böyük idi, buna görə də oğruların hakimiyyətinin dəyişdirilməsi qaçılmazdır.
Qulinin tərəfinə keçib ona hörmət qoyan Rövşən Lənkəranskinin adamları indi yeni sahibin gələcəyini gözləyirlər.
Vəziyyətdön yaxından məlumatlı olan mənbənin məlumatına görə, hazırda üç tanınmış qanuni oğru Qulinin bölgədəki yerinə iddia edir: Rus cinayətkar dünyasının öldürülmüş lideri Ded Xasanın qardaşı oğlu, 47 yaşlı Georgi Akoyev (Gia Sverdlovski), hazırda Ukraynada yaşayan 65 yaşlı Avtandil Kobeşavidze (Avto) və 39 yaşlı Əhməd Dombayev (Ahmed Şalinski).
Onlardan hansının Sverdlovsk bölgəsinin yeraltı dünyasına nəzarəti ələ alacağı çox yaxında məlum olacaq.
Quli personasının kriminal dünyadaki yerini nəzərə alsaq, indi oxşar məsələlər bütün Rusiyada kriminal avtoritetlər tərəfindən həll edilməli olacaq.