22 Avqust 2020 14:33
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinə öz bağ evində toy mərasimi keçirməsi ölkə gündəmini zəbt edib.

Teleqraf.com xəbər verir ki, artıq məhkəmənin qərarı ilə akademikin kürəkəni, sabiq millət vəkili İlham Əliyev 15 sutka həbs cəzası alıb.

O mərasimdə iştirak edən şəxslər də bu və ya digər formada cəzalanıblar. Məsələn, YAP İcra katibinin müavini, MM-in komitə sədri Siyavuş Novruzova YAP artıq töhmət elan edib və s.

Bu mərasimdən yayılan videoda ən çox diqqəti cəlb edən sabiq millət vəkili və BDU-nun sabiq rektoru Abel Məhərrəmovun əlində badə sağlıq deməsidir. Sözünü deyil, özünü “xırdalayan” Abel Məhərrəmovun içkiyə bağlılığı isə bir daha onun karyerasına son qoyan məşhur “İspaniya qalmaqalı”nı yada salır.

Sabiq rektorun şərab biznesi

Məşhur hadisə geniş ictimaiyyətə 2018-ci ilin noyabrında Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin İspaniyaya səfərə getməsi ilə bəlli olmuşdu. Səfərdə məqsəd bu ölkədə dini tolerantlıq mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək idi.

Amma İspaniyada Abel Məhərrəmovun həddən artıq spirtli içki qəbul edərək, özünə nəzarətə itirməsi və qalmaqal yaratması ölkə mediasında yayılandan sonra bir çox məsələlər də üzə çıxdı. Qeyd edək ki, bu davanın içkidən baş verməsi nümayəndə heyətinin rəhbəri olan Şeyx Allahşükür Paşazadəni də dərindən narahat etmişdi.

Məsələ bundaydı ki, bu səfər başlayanda, hətta Bakıda ikən A.Məhərrəmov daha bir qalmaqala imza atmışdı. Belə ki, nümayəndə heyəti 2018-ci il 3 noyabrda xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşərkən A.Məhərrəmov və onun İspaniyada səfir olan oğlunun şərab biznesinə aid çəlləklərin təyyarəyə yığıldığı insidentə səbəb olmuşdu.

Uçuşa hazırlaşan nümayəndə heyəti öz yerini tutduqdan sonra təyyarə 2 saata qədər havaya qalxa bilməmişdi. Buna səbəb isə sərnişinlərdən birinin - nümayəndə heyətinin tərkibində yer alan Bakı Dövlət Unversitetinin sabiq rektoru, akademik Abel Məhərrəmovun 2 tonluq baqajı idi. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur olmuşdular. Yalnız Abel Məhərrrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfiri işləyən oğluna məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilmişdi.

Qafqaz müsəlmanlarının şeyxinin içduğu təyyarəyə A.Məhərrəmovun şərab çəlləkləri yükləməsinin özü Allahşükür Paşazadəyə təhqir sayılırdı.

A.Məhərrəmov isə “bir güllə ilə iki quş” vurmaq istəmişdi: həm şərab çəlləklərini İspaniyadaya və oradan geri özü şəxsən aparırdı, həm də rəsmi nümayəndə heyətinin təyyarəsində gedib-gələn yükü vergi-gömrük yoxlamasından xilas etmək istəyirdi.

Medianın araşdırmaları zamanı üzə çıxdı ki, Abel Məhərrəmovun İspaniyadakı səfir oğlu Anar Məhərrəmovun bu ölkədə şərab biznesinə girişib.

A.Məhərrəmov 2016-cı ildən İspaniyaya səfir təyin edildikdən sonra bu ölkədə Azərbaycan şərablarının satışını həyata keçirməyə başlayıb. Eyni zamanda, Məhərrəmov Azərbaycanda da İspaniya şərablarının satışı üzrə monopoliyanı ələ keçirib. Anar Məhərrəmov səfirlik dövründə İspaniyanın Madrid şəhərində Azərbaycan şərablarının satışını həyata keçirən mağazaların da açılışını edib.

Məsələn, Anar Məhərrəmov 2018-ci ilin oktyabr ayında İspaniyanın Madrid şəhərində yerləşən “Madrid Rioxa Mərkəzi”ndə Azərbaycan şərablarının təqdimat mərasimini keçirmişdi. Mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və yerli kütləvi informasiya vasitələrinin, İspaniyanın şərabçılıq üzrə tanınmış şirkətlərinin, habelə A.Məhərrəmovun biznes ortaqlığı olan “Aspi Agro” MMC şirkətinin təmsilçiləri iştirak etmişdilər.

Restoranda dava

A.Məhərrəmovun Madriddə içkili halda saldığı dava-dalaş da dillər əzbəri oldu. Məlumata görə, Madridin məşhur otellərindən birində, A.Məhərrəmov restoranda millət vəkillərindən biri ilə yeyib-içdiyi vaxt bəziləri ilə "haqq-hesab çürütmək" fikrinə düşür. "Haqq-hesab" o qədər səs-küylü və aqressiv olur ki, nəinki restoran və oteldəkilər, hətta ətraf məhəllələrdə yaşayan sakinlər də narahat olurlar. Yalnız ispan polisi işə qarışdıqdan sonra dava-dalaş dayanır.

Deyilənə görə, Azərbaycanın İspaniyadakı səfiri, akademikin oğlu Anar Məhərrəmovla şeyxin qudası Əli Evsen adlı iş adamı arasında olan ixtilaflar ucbatından baş verən bəzi "hörmətsizliklər" onu özündən çıxarıb. Abel müəllimin fikrincə, İspaniyada yaşayan Əli Evsen ona və oğluna lazımi diqqət göstərməyib. Hətta Abel müəllim o gecə əsəbləşərək söyləyirmiş: ''BDU elə-belə yer deyil. Minlərlə gəncin, yüzlərlə ziyalının toplaşdığı bir müəssisədir. Əgər mən istəsəm, onların gücü ilə bir anda ölkədəki sabitliyi poza bilərəm''.

Abel Məhərrəmov hətta Şeyxi gecəyarı qaldığı nömrədən çıxararaq qudasına ''tərbiyə'' verməsi tələbi ilə restorana gətizdirib.

Səfər iştirakçılarından birinin dediyinə görə, o gecənin səhəri tədbirin keçirildiyi salonda da utandırıcı anlar yaşanıb. Hələ də özünə gələ bilməyən Abel müəllim çıxış edərkən olduqca yayğın olub, məntiqsiz və rabitəsiz sözlər səsləndirib. Məlumata görə, orada olan yerli və xarici jurnalistlər, ötən gecə baş verənlərdən xəbərdar olan konfrans iştirakçıları öz aralarında pıçıldaşaraq, onun hələ də içkinin təsirindən ayılmadığını deyib-gülüblər.

Qeyd edək ki, bu hadisədən sonra səfər iştirakçıları, o cümlədən nümayəndə heyətinin üzvü olan sabiq millət vəkili Çingiz Qənizadə Prezident Administrasiyasına dəvət olunmuşdular.

A.Məhərrəmov isə bir müddətdən sonra vəzifəsindən azad edilmişdi. Ancaq görünür, köhnə şakərindən hələ də əl çəkməyib və şərabın təsiri altında dilinin altındakı həqiqətləri vaxtaşırı ictimailəşdirir.

Bu “həqiqətlər” isə heç də xoş deyil...





Müəllif: Teleqraf.com

Oxşar xəbərlər