Son iki ay Azərbaycan səhiyyəsi, cəmiyyəti və dövləti üçün ağır dönəm oldu. Hər 1 milyon əhaliyə düşən xəstə sayı, yoluxma ilə yanaşı, vəziyyəti ağırlaşan pasiyentlər, reanimasiyada olan xəstələrin sayı baxımından çətinliklər yaşandı. Aidiyyəti qurumlarının operativ addımları, karantin rejimi ilə əlaqədar vaxtında verilmiş doğru qərarlar yoluxma sayının ikirəqəmli səviyyəyə düşməsinə səbəb olması səhiyyənin, aidiyyəti qurumların və cəmiyyətin dərindən nəfəs almasına imkan yaratdı. Lakin unutmamaq lazımdır ki, virutik xəstəliklər öz xüsusiyyətlərini dəyişmir. Hazırkı rəqəmlər nisbətən rahatlıq yaratsa da, sosial məsafə prinsipinə, əl gigiyenasına əməl etmək və maska taxmaq olduqca vacibdir. Virus əleyhinə dərman və ya peyvənd tapılana qədər həmin qaydalara riayət etmək məcburiyyətindəyik.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Onun sözlərinə görə, yeni növ koronavirusla (COVID-19) bağlı verilən proqnozlar sadəcə ehtimallar, tibbə məlum olan virus xəstəliklərinin və infeksiyaların yayılma xüsusiyyətlərinə uyğun reallıqlara əsaslanır. Hazırda hansı dalğada olduğumuz illər keçdikdən sonra araşdırmalar nəticəsində aşkar ediləcək və o vaxt ən böyük dalğanın, birinci və ikinci dalğanın qeydə alındığı tarixlər məlum olacaq. İndi yaşadığımız dövr üçün onu deyə bilərik ki, son iki ay ərzində Azərbaycan böyük bir dalğa ilə üz-üzə idi. Hazırda həmin dalğa nisbətən səngimiş və sönmüş vəziyyətdədir. Payız aylarında COVID-lə əlaqəsi olmadan da virus xəstəliklərinin artma dövrü olur. İnsan bədənində bəzi bioloji dəyişikliklər payız aylarında olduğuna görə istidən soyuğa ani keçid, eləcə də təbiətin özünəməxsus xüsusiyyətləri nəzərə alındığı zaman həmin vaxt alovlanmanın yenidən baş verməsi həm dünya ekspertləri, həm Ümumdünya Səhiyyə Təşkilatı, həm də bu sahədə fəaliyyət göstərən tibb mütəxəssisləri tərəfindən ehtimal edilir. Ona görə də biz buna hərtərəfli hazır olmalıyıq.
İnfeksion xəstəliklərdə iki virusun eyni anda orqanizmdə problem yaratmasına dair məlumat yoxdur. Adətən payız mövsümündə, xüsusilə oktyabr-noyabr aylarında virus xəstəliklərində alovlanma olur. Həmin mövsümdə bir nəfər yoluxanda bəzən onun ailə üzvlərinin hamısı növbəli şəkildə infeksiyaya yoluxsa da, qorxu hissi keçirmirdik. COVID-19 virusa, yuxarı tənəffüs yolları xəstəliklərinə olan ənənəvi baxışı tamamilə dəyişdi, real ölüm təhlükəsi yaratdı. Bunun xəstəxanalara axına səbəb olmaqla yanaşı, tibb müəssisələrinin işləmə mexanizmi və səhiyyə sistemlərinə böyük zərər vurmaq ehtimalı var. Məsələn, 10 milyonluq ölkədə cəmiyyətin 10 faizinin qrip və digər infeksion xəstəliklərə yoluxması, COVID olmadan da orta və ya şiddətli şikayətin olması, yəni, burun axması, öskürək, yüksək hərarətlə qarşılaşması 1 milyon əhali deməkdir. Əvvəllər həmin infeksiyaya yoluxan 1 milyon əhalinin heç 1 faizi də həkimə getməyə ehtiyacı duymurdu. Lakin COVID olmasa belə, digər virus infeksiyalarına yoluxma qorxu hissi yaradaraq tibb ocaqlarına yeni müraciətlərin yaranmasına, həmin xəstəlikləri bir-birindən ayırd etmək çətinliyi yarandığından xəstəxanalarda yüklənmələrə səbəb olacaq. Ona görə də buna hərtərəfli hazır olmaq lazımdır. Lakin bununla bərabər, virusun düşünüldüyü qədər qorxulu olmadığını da dərk etmək lazımdır. İnsanlar hansı hallarda xəstəxanaya üz tutmağı, həkimə müraciət etməyi bilməlidirlər ki, seleksiyalar olduğu zaman səhiyyə müəssisələrində daha çox ehtiyacı olanlara tibbi yardım göstərmək imkanı olsun.
R.Mahmudov bildirib ki, payız aylarında COVID-li və ya COVID-siz yuxarı tənəffüs yolları infeksiyaları ilə üzləşəcəyimizi nəzərə almaq lazımdır. Ona görə də lazımi tədbirlər görmək və həmrəylik göstərməklə həmin problemin, bizi gözləyən dalğanın öhdəsindən gəlməyə çalışmalıyıq.
“Düşünürəm ki, qış aylarından sonra dünyanın sağlam həyata baxış imkanları olacaq. COVID aramızdan tezliklə getməsə də, dünya səhiyyəsinin və həkimlərin həmin xəstəliklə mübarizə sahəsində əldə etdiyi yeni təcrübələr, müalicə və peyvəndlərlə bağlı daha aydın təsəvvürlər formalaşacaq”, - deyə o əlavə edib.
Bildirilib ki, ölkəmiz ötən müddət ərzində COVID infeksiyası ilə mübarizədə uğurlu bir yol keçib. Mövcud xəstəxanaların maddi-texniki imkanları nə qədər gücləndirilsə də, COVID-lə mübarizədə modul tipli xəstəxanaların tikilib istifadəyə verilməsi çox faydalı və lazımlı olmaqla yanaşı, xəstələrin müalicəsi işinə böyük töhfə verib. Həmin xəstəxanalar COVID-19-a yoluxanların başqa xəstələr üçün təhlükə törətmədən müalicə olunmasına imkan yaradıb, eyni zamanda, tək bir sahədə müalicənin aparılmasına görə hazır vəziyyətə gətirilib. Dünyada ən böyük xəstəxanalarda reanimasiya çarpayılarının orta sayı 8-25 arasında dəyişir. Ən böyük xəstəxanalarda maksimum 40 reanimasiya çarpayısı olduğu halda, modul tipli bir xəstəxanada 300-500 reanimasiya çarpayısının olmasının əhəmiyyəti nəzərəçarpacaq dərəcədə böyükdür. Bununla yanaşı, insan resursundan daha səmərəli şəkildə istifadə edilməsi, həkim, tibb bacısı, orta tibb personalı, o cümlədən texniki işlər və təchizatın gözlənilən dalğaya planlı şəkildə hazırlanması baxımından işlər gedir. Ümidvarıq ki, bütün bunlar gözlənilən dalğanı dəf etməyə imkan verəcək. Arzu edirik ki, bu dalğa olmasın və həyatımız rahatlıqla davam etsin.
Hazırda virus mutasiyaya uğradığına və xüsusiyyətində dəyişiklik baş verdiyinə görə deyil, onunla mübarizədə müəyyən boşluqlar, zəif nöqtələr aşkar edildiyinə görə fərqli yanaşmalar mövcuddur. Virusla mübarizədə tarix boyu heç zaman dəyişməyəcək bir reallıq var və bu, bütün peyvəndlər ortaya çıxdıqdan sonra, hətta dünyanın bir nömrəli peyvəndi hazırlandıqdan sonra da dəyişməyəcək. Virus xəstəliklərində peyvəndlərin çox səmərə verməsinə dair məlumat yoxdur. Lakin peyvəndlə hər işin bitəcəyini düşünmək dünya ictimaiyyətini yanıldan bir hadisədir. Ona görə də reallıqlar və məntiq çərçivəsində hadisəni dərk edərək mübarizə aparılmalıdır. Dünyanın mövcud tibbi imkanlarının və insan resurslarının on dəfələrlə artırılması belə virus xəstəlikləri və pandemiyaların müalicəsində qısa müddət ərzində əldə olunan səmərəni 3-5 faiz artıra bilər.
Pandemiya ilə mübarizədə ən əsas məsələ yoluxmanın qarşısını ala biləcək tədbirlərin görülməsidir. Yoluxmanın qarşısını almaq üçün dövlətlər karantin rejimləri tətbiq edir, həmin müddət ərzində səhiyyə sisteminin işini vəziyyətə uyğun quraraq vətəndaşları başa salmağa çalışırlar. Vətəndaşın virusa fərdi münasibəti yoluxmanın nəzarətdən çıxmasına səbəb ola bilər.
Deputat deyib ki, COVID-in dünyamızdan tamamilə yox olub getməsi baş verməyəcək, lakin onunla qorxmadan mübarizə aparmağımız genetik mutasiyaya məruz qalaraq daha təhlükəsiz vəziyyətə gələnə qədər davam etməli, üç qaydaya qeyri-şərtsiz əməl olunmalıdır - maskadan düzgün istifadə etmək, sosial məsafə saxlamaq, əl gigiyenasına diqqət yetirmək.
Seroloji testlər və onların əhəmiyyəti haqqında məlumat verən R.Mahmudov bildirib: “Seroloji testlər nəticə etibarilə müayinə üsullarından biridir. Bədəndə istənilən virus infeksiyası olduğu halda onunla əlaqədar orqanizmin müqavimət sistemində xüsusi anticisimlər əmələ gəlir. Həmin anticisimlərin bəziləri sadəcə fəal infeksiya zamanı immunoqlobulin M formasında, bir hissəsi isə infeksiya keçirildikdən sonra bədəndə qalan immunoqlobulin G formasında olur.
Aparılan seroloji testlər ölkədə məlum olmayan yoluxma və xəstəliyin xəbərsiz keçirilməsi baxımından cəmiyyət içərisində infeksiyanın skrinninqi, yəni, tədqiqatı üçün həyata keçirilən müayinələrdən biridir. Həmin testlərin başqa faydaları da var. Orqanizmdə anticisimlərin miqdarı ilə bundan sonra baş verə biləcək ikinci yoluxmaya qarşı müqavimət gücü haqqında məlumat əldə etməyə imkan verir. Həmçinin daha əvvəl virusa yoluxanların siyahısı məlum olduğundan, onların qanından istifadə edərək ağırlaşmış xəstələrin müalicəsi həyata keçirilə bilir.
Təəssüf ki, bəzən belə bir düşüncə formalaşır ki, xəstəliyi keçirəndən sonra orqanizmində immunoqlobulin G yarananlar plazma donoru olmaqla özlərini təhlükə ilə üz-üzə qoyurlar. Bu, tamamilə səhv və yanlışdır. Ona görə də böyük dalğalar qarşısında əvvəllər yoluxanların donorluğu ilə yeni yoluxanların həyatının xilas olunması zamanı könüllülük prinsipinin geniş təbliğinə çox böyük ehtiyac var”.