Prokurorluq əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi, onların beynəlxalq təcrübəni öyrənmələri və əldə etdikləri biliyi təcrübədə tətbiq etmələri istiqamətində işlər davam etdirilir.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluqdan bildirilib.
Məlumata görə, prokurorluq əməkdaşlarının təlim kurslarında, treninqlərdə, o cümlədən beynəlxalq təlimlərdə iştirakı təmin olunur.
Qabaqcıl tədris mərkəzlərindən biri olmaqla, təsis olunduğu 2010-cu ildən bu günədək dünyanın 120 ölkəsinin 1000-dən artıq mütəxəssisinin məzun olduğu Beynəlxalq Şəffaflıq Məktəbi tərəfindən təşkil olunmuş videoformatda keçirilmiş təlim kursunda dünyanın mötəbər təhsil müəssisələrində, eləcə də digər sahələrdə fəaliyyət göstərən 20-dən çox ekspert, müxtəlif ölkələrdən 130 iştirakçı ilə yanaşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Elşən Orucov da iştirak edib.
6 gün davam etmiş təlim kursunda “COVID-19” pandemiyasının müxtəlif sahələr, o cümlədən, korrupsiyaya qarşı mübarizə sahəsi üzərindəki mənfi təsirləri, mütəşəkkil cinayətkarlıq, pandemiya dövründə biznes inteqrasiyasının təmin edilməsi, rəqəmsallaşan dünyada çirkli pulların yuyulmasına qarşı mübarizə kimi aktual mövzuların müzakirəsi həyata keçirilmiş, pandemiya dövründə dövlət orqanlarının fəaliyyətində və özəl sektorda şəffaflığın təmin edilməsi məqsədilə əhəmiyyətli təkliflər irəli sürülməklə faydalı fikir mübadiləsi aparılıb.