Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Doktor, son zamanlar koronavirusa yoluxma statistikasında azalma qeydə alınır. Sizcə, COVİD-19-la mübarizədə mövcud dinamikanı saxlamaq üçün hansı şərtlərə əməl edilməlidir?
- Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində karantin tətbiqi və müəyyən məhdudlaşdırıcı tələblərin həyata keçirilməsi vacib idi. İlk zamanlar çox müsbət nəticələr əldə edildi. Sonradan digər ölkələrdə olduğu kimi Azərbaycanda da karantin tədbirlərinin bir qədər yumşaldılması yoluxmaların sayının artmasına gətirib çıxardı. Bu, eyni zamanda səhiyyə sisteminin daha çox yüklənməsi ilə müşahidə olunmağa başladı.
Bütün bunlara baxmayaraq, son günlər artıq yoluxmalarda stabilləşmə qeydə alınmaqdadır. İnsanlar gigyenik qaydalara əməl etməsə, maska taxmasa və digər zəruri şərtləri yerinə yetirməsə yoluxma yenidən arta bilər.
- Orqanizmimiz hansı mövsüm şərtlərində virusa asanlıqla təslim ola bilər?
- Ümumumiyyətlə, payız-qış aylarında yüxarı tənəffüs yollarının respirator infeksiyalarında mövsümu artım müşahidə olunur. Mövsümi artımın olması immun sisteminin zəifləməsinə gətirib çıxarır. Bu zaman viruslu şəxslərlə kontaktda olan insanların yoluxaraq xəstəliyi ağır keçirmə ehtimalı güclənir. İmmun sistemi zəifləmiş cəmiyyətdə olan fərdlərdə yoluxmanın artma riski çox yüksəkdir.
Bu baxımdan payız-qız aylarında koronavirusla mübarizədə bir qədər narahatlıq üçün əsas var. Dünya ölkələrinin tibb mütəxəsisləri də bu məsələni xüsusi vurğulayırlar. Bu baxımdan biz özümüz səhhətimizə qarşı diqqətimizi artırmalıyıq.
- Koronavirusun ənənəvi yaşam tərzimizə çevirilmə ehtimalı varmı?
- Pandemiyadan sonrakı dövrdə də biz həyat tərzimizə diqqət edərək fərqli bir reallıqda yaşamalı olacağıq. Bu reallıq ondan ibarətdir ki, daim yuxarı tənəffüs yollarının müxtəlif vasitələrlə qorunmasına çalışmalıyıq. Təbii ki, payız-qış aylarında bu diqqət daha çox olmalıdır.
- İmmun sistemimizi necə qoruyaq, virusa qarşı necə dözümlü olaq?
- İmmun sisteminin qorunması üçün hər bir insan müxrəlif zəruri qaydalara və qida rasionuna riayət etməlidir. Müəyyən məqamlarda sosial izolyasiyanı qorumalıdır. Təmiz havada gəzmək, günəş şualarının qəbulu daha məqbul olardı. Orqanizmin soyuqlaması, üşütməsi və digər yoluxucu xəstəliklərdən uzaq saxlanılması da vacibdir. Qida qəbulunda müəyyən ardıcıllıq gözlənilməlidir. Kalsiumla zəngin qidalara üstünlük verilməlidir. Ağartı məhsullarından, meyvə və giləmeyvvələrdən daha çox istifadə etmək gərəkdir. Orqanizmin tələb etdiyi həcmdə tərəvəz qəbulu daha effektiv olardı.
- Hansı vitaminlərin qəbulu bizi virus qarşısında daha dözümlü edə bilər?
- Kalsium və D vitamini tərkibli dərman preparatlarının profilaktik dozada qəbulu tövsiyə olunur. O cümlədən sink və selen, vitamin, polmineral kompleks preparatlarının qəbulu da vacibdir. Bundan başqa endemik zonada yaşayan, virus infeksiyaları ilə kontaktda olan insanlar daha çox immun sistemlərinə diqqət etməlidirlər. O cümlədən, koronavirus xəstələrinin çox olduğu məkanlarda çalışan insanlar daim immun sisteminə həssas yanaşmalıdırlar. Bu, tibb işçilərinə, ictimai nəqliyyat və marketlərdə çalışan şəxslərə də aiddir.
Antivirus preparatların profilaktik dozada, əgər ehtiyac olarsa, antibiotiklərin də paralel qəbulu məqbul olar. Bütün bu dərman preparatları ilə immun sisteminin gücləndirilməsi profilaktikası mütləq həkim nəzarəti ilə aparılmalıdır. Özü-özünü və ya digərlərini müalicə müsbət effekt vermək əvəzinə, yan təsirlərə gətirib çıxara bilər.