27 Avqust 2020 14:50
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda istənilən şəxs domen adını qeydiyyatdan keçirib, kiçik məbləğ ödəməklə onlayn media qurumu yarada və informasiya manipulyasiyası ilə məşğul ola bilər.

Axar.az xəbər verir ki, bu sözləri Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Speys TV-nin “Gərgin saat” verilişində qonaq olarkən deyib.

O bildirib ki, ölkəmizdə bunun qarşısını almaq üçün heç bir qanuni qadağa mexanizmi yoxdur:

“Şayiə məzmunlu xəbərlər ona görə çox yayılıb ki, Azərbaycan mediasında çox ciddi şəkildə peşəkarlıq problemi yaşanır. Bunun səbəblərindən biri də təhsildir. Çox təəssüf ki, ölkəmizdə hələ də jurnalistika fakültələri jurnalistləri sovet dövründən qalma metodlarla yetişdirirlər. Bu, çox yanlışdır, çünki jurnalistika dünyada hər saniyə inkişaf etməkdədir. Digər ciddi məsələ isə media sahəsinə aid olan qanunlardakı boşluqlardır. Kütləvi informasiya vasitələri haqda qanunlarımız yeni media dönəminə qətiyyən uyğun deyil. Milli Məclisdə müvafiq komitə tərəfindən bu qanunlar mütləq yenidən gözdən keçirilməli, müddəalara əlavələr və dəyişikliklər olunmalıdır”.

A.Camalqızı qeyd edib ki, bir çox Avropa ölkəsində sosial şəbəkələrlə bağlı qanunlar qüvvəyə minir, bununla yanaşı müəyyən qadağalar və əsasnamələr də mövcuddur:

“Ölkəmizdə bunların heç biri olmadığı halda biz mediadan yüksək peşəkarlıq tələb edirik. Qanunlarımızdakı boşluqlar sosial şəbəkələrdə əxlaqa zidd fikirlər bildirən şəxslərin daha çox önə çıxmasına zəmin yaradır”.

Politoloq, həmçinin qeyd edib ki, peşəkar mediaya diqqət artırılmalıdır:

“Xüsusən mediamızın Yutubda fəaliyyətini gücləndirmək lazımdır. Bir neçə dəfə müzakirələrdə bu təklifləri səsləndirmişik. KİV DF artıq öz ömrünü başa vuran çap mediasına dəstəyi dayandırmalı, o yardımları onlayn medianın maddi-texniki bazasının inkişafına yönəltməldir. Eyni zamanda, ayrı-ayrı dövlət qurumları da tərkibində sahəvi qəzet, jurnal və s. dərcinə xərclədiyi vəsaitlərin bir hissəsini onlayn mediaya yönəldə bilər. Bu, həm sözügedən rəsmi qurumların xəbərlərinin daha geniş auditoriyaya yayılmasına şərait yaradır, həm lazımsız xərclərdən xilas olarlar, həm də onlayn medianın əlavə dəstək alması istiqamətində növbəti addım olar”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər