Ölkədə fəaliyyət göstərən 4409 məktəbdən 182-də 1500 şagird təhsil alırsa, digərlərində bu say aşağıdır.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmirullayev bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, 253-dən çox məktəbdə isə şagird sayı 200-dən aşağıdır:
"338 sinifdə şagird sayı 40-dan yuxarıdır. Bu siniflərdə şagird sayının üçə bölünməsi sualı var. Şagird sayı 30 nəfərdən az olan siniflər 90,3 faiz təşkil edir. Bu məktəblərdən böyük qismi Bakıda qəsəbədaxili məktəblərdir".
O qeyd edib ki, sanitar-gigiyenik normalara riayət olunması istiqamətində işlər gedir: "Müəllimlərin üz sipərindən, şagirdlərin maskadan istifadəsi, temperaturlarının ölçülməsi və valideynlərlə informasiya mübadiləsinin aparılması müzakirə olunur. Hər bir şagirdə koronavirusla bağlı məlumat xarakterli kitabçalar veriləcək".
Nazir əlavə edib ki, bufetlərdə də müvafiq tələblərin müəyyən edilməsi planlaşdırılır: "Soyunub-geyinmə otaqlarının şəraiti imkan vermirsə, bədən tərbiyəsi dərslərinin keçirilməsi düşünülmür. Bufetlərin fəaliyyətində isə məhdudiyyətlər ola bilər".