1 Sentyabr 2020 13:32
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Taksi xidmətinə vahid tarif tətbiq edilməsi barədə konsepsiyada nəzərdə tutulanlar həyata keçirilərsə, taksi şirkətlərinin sayı kəskin azalacaq, bazarda ancaq dövlət şirkəti və ən yaxşı halda bir neçə iri qurum qalacaq”.

Teleqraf.com xəbər verir ki, iqtisadçı-ekspert Samir Əliyev bu fikirdədir.

O bildirib ki, cəmiyyətdə bu konsepsiyaya münasibət birmənalı deyil:

“Əksəriyyət yeni qaydaların qüvvəyə minməsindən narahatdır və onun fəsadlarının ağır olacağını ehtimal edir. Belə narahatçılıq başadüşüləndir. Hazırda taksi xidməti sektoru Azərbaycanda yüksək rəqabətin olduğu azsaylı sahələrdən biridir. Bu sektorda son 4-5 ildə yaranmış rəqabətin nəticəsi olaraq taksi xidmətinin qiymətləri əhəmiyyətli dərəcədə ucuzlaşıb. Dövlət isə bu rəqabəti qorumaq əvəzinə əvvəlcə öz şirkətini yaradaraq bazara daxil oldu, sonra bahalı və müasir avtomobilər gətirdi, indi də müxtəlif tənzimləyici qaydalarla mövqeyni bazarda möhkəmləndirmək istəyir.

Konsepsiyada nəzərdə tutulanlar həyata keçirilərsə, taksi şirkətlərinin sayı kəskin azalacaq, bazarda ancaq dövlət şirkəti və ən yaxşı halda bir neçə iri şirkət qalacaq. Rəqabətiz xidmət sonda bahalaşacaq, xidmətin keyfiyyətində isə ciddi artım olmayacaq”.

İqtisadçı ehtimal edir ki, BNA məlum konsepsiyanı irəli sürəndə xarici ölkələrin təcrübəsinə istinad edib:

“Doğrudan da bir sıra ölkələrdə taksi xidmətinə münasibətdə müxtəlif tənzimləmələr mövcuddur. Bu tənzimləmələr əsasən 3 istiqamətdə olur: tarifin tənzimlənməsi; lisenziyaların tənzimlənməsi; keyfiyyətin tənzimlənməsi. Ancaq son illər əksər ölkələrdə, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə taksi xidmətinə münasibətdə şərtlərin yumşaldılması tendensiyası müşahidə edilir.

Yeni tendensiya özünü qiymətin sərbəstləşdirilməsində və lisenziyaların sayına qoyulan limitlərin aradan qaldırılmasında göstərir. Bunun nəticəsində gözləmə vaxtı əhəmiyyətli dərəcədə azalır, qiymətlər isə ucuzlaşır. Bu gün dünyada ride-sourcing və ride-sharing kimi taksi xidmətləri bazarda getdikcə payını artırır. Biz isə hələ də sovetsayağı idarəetmə vərdişlərindən əl çəkmirik”.

BNA-nın əsaslandırmasınan gəlincə, iqtisadçı təəssüflə bildirib ki, bəzi ekspertlər indiki tariflərin çox aşağı olduğunu, sürücülərin az gəlirlə işlədiyini və onların narazılıq etdiyini bildirirlər:

“Bu iddia doğru deyil. Təsəvvür edin hər gün xeyli sayda taksi Bakıdan Xırdalana (və əksinə), Sumqayıta (və əksinə) sərnişinin birini 1 manata aparır. Kifayət qədər böyük məsafəni taksi 4 manata qət edir. Eyni vəziyyət 20 Yanvar – “Koroğlu” metrostansiyası, 20 Yanvar – Müşviqabad istiqamətində də var. Yaxud “Koroğlu” dan Bakı kəndlərinə olan marşrutları qeyd etmək olar. Əgər qiymət belə ucuzdursa, niyə minlərlə sürücü 1 manata sərnişin daşımağa maraq göstərir?

Yəqin BNA xəbərdardır ki, avtobusların yükünü məhz bu “bir manatlıq” taksilər azaldır. UBER, Bolt, Maksim və sair kimi xidmətlərin hesabına son vaxtlar taksi xidmətindən daha çox istifadə etməyə başlamışam və hər dəfə sürücülərdən onların qazancları barədə münasibət öyrənirəm. Əksəriyyətinin cavabı belə olub ki, sərf edir. Hamısı da öz şəxsi maşınlarından istifadə edir.

Əsas narazılıq isə vergitutmanın ədalətsizliyi ilə bağlı olur. Sürücüləri taksi şirkətləri ilə əməkdaşlığa heç kim məcbur etmir, bu onların öz seçimidir. Metroların, dayanacaqların yanında bütün günü mürgüləyən, gün ərzində 1-2 sifariş qəbul etməklə kifayətlənən, sərnişindən ən azı 5 manat tələb edən sərbəst taksi sürücülərindən fərqli olaraq şirkətlərlə işləyənlər daha çox qazana bilir.

Əlbəttə, pul heç zaman çox olmur və sürücülər daha artıq xidmət haqqı almağa etiraz etməzlər. Ancaq mövcud tariflər sürücüləri hələ ki qane edir”.

Samir Əliyev hesab edir ki, vahid çağrı mərkəzinin Azərbaycanda nə dərəcədə effektiv işləyəcəyi məlum deyil:

“Söhbət eyni anda yüzlərlə, minlərlə sərnişinin zəng vurmağından gedir. Bütün zənglər cavablandırılacaqmı, yoxsa dövlət qurumlarında, banklarda, mobil operatorlarda olduğu kimi müştəri hər dəfə qulağında telefon 5-10 dəqiqə musiqiyə qulaq asmaq məcburiyyətində qalacaq?

BNA-nın digər iradı xidmət keyfiyyətinin aşağı olması ilə bağlıdır. Agentik haqlıdır. Bu baxımdan dövlətin işi xarici ölkələrdə olduğu kimi taksi xidmətinə dair standartların qəbulu və onlara riayət olunmasını təmin etməkdən ibarət olmalıdır. Dövlət tənzimləməlidir, taksi xidməti göstərməli deyil.

Digər tərəfdən, xidmətin keyfiyyəti heç də təkcə avtomobilin təzə, rahat və səliqəli olması ilə ölçülmür. Xidmətin keyfiyyəti həm də gözləmə vaxtının azlığı, qiymətlərin münasibliyi və dispetçerlə qısa müddətdə əlaqə saxlamağın mümkünlüyüdür”.

Analitik deyir ki, vahid tarifin tətbiqi mexanizmindən imtina edilməlidir:

“Çünki bu addım taksi xidməti sektorunda kiçik sahibkarlıq subyektlərini sıradan çıxaracaq, işsizliyi artıracaq və ən əsası, qeyri-rəsmi taksi xidmətləri göstərən sürücülərin sayı daha da artacaq. Vergi ödəyicilərinin puluna baha qiymətə alınan və səmərəli olmayan taksi maşınlarına xidmət də bahadır. Onların tarifləri indiki tariflərlə rəqabət apara bilməz.

Qiymətləri yeni taksilərdə əlverişli həddə qaldırmaq üçün ortaya vahid tarif söhbəti atılıb. Bu siyasətin sonu bahalı taksi xidməti ilə ykunlaşacaq”.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) taksi fəaliyyətini tənzimləyən konsepsiya hazırlayıb. Agenlik konsepsiyanın hazırlanmasının zəruriliyini aşağı tariflər səbəbindən taksi sürücülərinin gəlirlərinin və xidmət keyfiyyətinin aşağı olması ilə bağlayıb.

Bütün bu problemlərin həlli məqsədilə konsepsiya vahid dispetçer mərkəzinin yaradılmasını, tarif sisteminin tənzimlənməsini və kvotanın tətbiqini nəzərdə tutur.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər