ÜST-dən sonra indi də, ABŞ Qida və Dərman Administrasiyası (FDA) başçısını istefaya çağırırlar. Amerikalı məşhur kardioloq professor Erik Topol COVID-19-a qarşı müalicədə Hidroksixlorokin, plazma və Remdesivir dərmanlarının təsdiq edilməsinin xətalı olduğunu bildirib. Hazırlanan dərmanın Faz III çalışması olmadan peyvəndə icazə verilməsinin xətalı və siyasi qərar olduğunu söyləyib. Ona görə də, FDA başçısı Stephen Hahn-a açıq məktub yazıb, istefa etməsini istəyib.
Bununla bağlı Teleqraf.com-a açıqla verən Tibb Universitetinin Tədris Cərahiyyə Klinikası Radiologiya şöbəsinin müdiri, dosent Rasim Bayramov bildirib ki, COVID-19 virusu ilə bağı beynəlxalq səviyyədə ciddi müzakirə və mübahisələr aparılır.
Radioloq qeyd edib ki, Topolun açıqlamasına görə adı çəkilən dərmanlar ümidverici deyil.
Rasim Bayramov vaksinlə bağlı da həssas bir nöqtəyə yaxınlaşıldığını söyləyib: ”Hazırda vaksin dünyanın tanınmış şırkətləri tərəfindən hazırlanır. Artıq könüllülər üzərində sınaq dövrü də bitmək üzrədir. Çünki, 30 min könüllü üzərində test edildikdən 28 gün sonra, ikinci doza vaksin təkrar tətbiq ediləcək. Bundan 28 gün sonra isə vaksin tətbiq olunan inasanların plazmasından nümunə alınaraq, vaksinin etibarlılığı və təsiri müəyyənləşdiriləcək. Daha sonra isə 4-cü fazaya keçid olacaq. Bu da artıq vaksinin kütləvi tətbiq edilməsi deməkdir”.
Şöbə müdiri Rusiyada hazırlanan vaksinin isə mənşəyi və təsir imkanları ilə bağlı heç bir konkret fikir olmadığını söylədi: “Şayiələr gəzir ki, rus xakkerlər bunu oğurluq yolla əldə ediblər. Çünki bəzi ekspertlər Rusiyadakı vaksinin İngiltərədən və Amerikadan oğurlanmış prosedurlar əsasında hazırlandığını bildirir. Ona görə də, Rusiyanın hazırladığı vaksinlə bağlı ciddi bir hal yoxdur”.
Radioloq bildirib ki, Türkiyədə, Cənubi Afrikada, Braziliyada Covid-19-a qarşı hazırlanmış vaksinin könüllülər üzərindəə test edilməsi nəzərdə tutulurdu: “Çünki prosedur bunu tələb edir ki, 30 min insan üzərində bu test edilsin. Tətbiqi də bu nəticələrə uyğun olaraq aparılsın”.
Rasim Bayramov qeyd edib ki, vaksinləri hazırlayan firmalar ciddi firmalardır: ”Onlar öz adlarına heç vaxt ləkə gətirməzlər. Ona görə də, həmin firmaların hazırlayacağı vaksinlərin ciddiliyinə inanılır”.
Həkim onu da əlavə edib ki, virusa qarşı vaksini tapmaq məsələsi də elə də asan deyil: “Elə viruslar var ki, ona qarşı peyvənd hələ tapılmayıb. Covid-19 bütün dünya iqtisadiyyatına ciddi təsir göstərdiyi üçün ona qarşı vaksinin hazırlanmasına xüsusi önəm verildi. Artıq dekabr və yanvar aylarında vaksinin kütləvi istehsalına başlanılacaq”.
Radioloq vurğulayıb ki, hazırda bəzi Avropa ölkələrində ikinci dalğa başlasa da, ölüm sayında artım müşahidə edilməyib: “Fransada günlük yoluxma 7 minə çatsa da, reanimasiyadakı xəstə sayı və ölüm sayı eyni olaraq qalır. Ona görə də, demək olar ki, artıq virus öz gücünü itirir. Versiyalardan da biri odur ki, indi daha çox gənclərin bu virusa yoluxması ilə bağlı hallar buna öz təsirini göstərib. İndi virusu asimptomatik keçirən insanlar çoxluq təşkil edir. Uşaqlar daha çox bu virusu asimptomatik keçirir. Amma ümumilikdə yaxın müddətdə vurusdan qurtulmamız mümkün görünür. O vaxta qədər də özümüzü mümkün qədər qorumalıyıq”.