Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə ABŞ-ın Kaliforniya ştatında səhnələşdirilən “Yeddi gözəl” baleti ilk dəfə olaraq okeanın o tayında nümayiş etdirilib.
Baş konsulluqdan Teleqraf.com-a verilən məlumata görə, 3 min nəfərdən çox amerikalının izlədiyi tamaşa Kaliforniyanın ikinci ən böyük şəhəri olan San-Dieqonun tanınmış Şəhər Teatrında göstərilib.
San-Dieqo Baletinin səhnəyə qoyduğu tamaşanın xoreoqrafı sözügedən baletin direktoru, yüksək mükafatlar laureatı Havier Velaskodur. Baletin musiqisi tanınmış dirijor Randal Tvidin rəhbərlik etdiyi nüfuzlu Qrossmont Simfonik Orkestrinin ifasında səsləndirilib, bütün rollar isə amerikalı balerin və balerinalar tərəfindən ifa edilib.
Yeni səhnələşdirmədə Azərbaycan milli geyimlərindən, eləcə də “Yallı” kimi milli rəqslərin elementlərindən istifadə tamaşanın milli ruhunu daha da gücləndirib. Dahi Qara Qarayevin baleti amerikalı tamaşaçıların ayaqüstü və gurultulu alqışları ilə qarşılanıb.
Tamaşadan sonra Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən rəsmi ziyafət verilib. Ziyafətdə ABŞ federal və yerli seçkili orqanlarının rəsmiləri, San-Dieqo və digər müxtəlif şəhərlərin bələdiyyə şuralarının üzvləri, xarici diplomatlar, ictimai və mədəniyyət xadimləri, rejissor və bəstəkarlar, universitet professorları, KİV nümayəndələri və digər şəxslər iştirak ediblər.
Mərasimdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev “Yeddi gözəl” baletinin bu nümayişini həm bu baletin, həm də Azərbaycan mədəniyyəti tarixində əlamətdar hadisə kimi dəyərləndirib. Baş konsul uğurla keçən tamaşanı Azərbaycan mədəniyyət diplomatiyasının zəfəri kimi qiymətləndirib.
Sonra mərasimdə ABŞ konqresmeni Syuzan Deyvis, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Milli Məclisin deputatı Asim Mollazadə, Qrossmont Kollecinin prezidenti Sindi Mayls, tamaşanın dirijoru R.Tvid və xoreoqrafı H.Velasko çıxış edərək tamaşanın önəmindən, “Yeddi gözəl” baletinin tərənnüm etdiyi tolerantlıq, multikulturalizm kimi bəşəri dəyərlərdən bəhs edib və öz təəssüratlarını bölüşüblər. San-Dieqo şəhərinin Beynəxalq məsələlər bürosunun rəhbəri Bryus Abrams çıxış edərək, San-Dieqo merinin imzaladığı bəyannaməni təqdim edib. Bəyannaməyə görə, 2014-cü ilin 11 oktyabr tarixi San-Dieqo şəhərində “Yeddi Gözəl Günü” elan edilib.
Səxavət