Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) aparıcı elmi işçiləri - Samir Məmmədov və Rafiq Səfərov Rusiyanın Vladiqavkaz şəhərində “Qafqazda geodinamika, vulkanizm, seysmiklik və təbii və texnogen xarakterli ekzogen geoloji proseslər” adlı konfransda iştirak ediblər.
Rusiya Elmlər Akademiyasının Yer Elmləri Bölməsi (REA YEB), Vladiqafqaz Elmi Mərkəzi, Vladiqafqaz Geofiziki tədqiqatlar Mərkəzi və Şimali-Qafqaz Dağ-Metallurgiya İnstitutunun təşkilatçılığı ilə keçirilmiş tədbirdə S.Məmmədov “15-illik GPS məlumatları əsasında Azərbaycan ərazisində Yer qabığının deformasiyaları”, Rafiq Səfərov isə “Azərbaycan ərazisində müasir geodinamik şəraitin və zəlzələ təhlükəsinin GPS (qlobal yertəyinetmə sistemi) məlumatları əsasında tədqiqi” mövzusunda məruzələrlə çıxış ediblər. Onlar AMEA-da geodinamika və seysmologiya sahəsində aparılmış tədqiqatların mühüm nəticələrindən danışıblar.
AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, tədbirdə qeyd olunub ki, Qafqaz geodinamik baxımından xeyli aktiv zonadır və bir çox dünya alimləri tədqiqatlarını bu əraziyə kökləyib. GGİ-nin tədqiqatçılarının əldə etdiyi nəticələr GPS məlumatlarına əsaslanır. Məlumatlar özlərini doğrultduğuna görə, bu cür elmi-tədqiqat texnologiyalarının araşdırmalarda tətbiqi genişləndirilir.
Məruzələr konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Qafqaz ərazisində geodinamik proseslərin öyrənilməsi istiqamətində səylərin artırılması üçün fikir mübadiləsi aparılıb.
SEVİL