Cari ilin 7 sentyabr tarixində prokurorluq orqanlarının modern dövrün tələblərinə uyğun olaraq cinayət təqibindən kənar icraatlar sferasında işlərin görülməsini təkmilləşdirmək, formalaşmış təcrübəni bölüşmək məqsədi ilə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi, tabe rayon (şəhər) prokurorluqları və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun eyni adlı şöbəsinin əməkdaşlarının iştirakı ilə vebinar iclas keçirilib.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, vebinarda mülki və kommersiya mübahisələrinə dair icraatda, inzibati xətalar haqqında, hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası, xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması, həmçinin cinayət təqibindən kənar digər icraatlarda prokurorluğun iştirakını təmin etmək, yetkinlik yaşına çatmayanların maraqlarının qorunması, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin hüquqi vasitələrlə təmin olunması sahəsində prokurorluğun fəaliyyətini əlaqələndirmək, prokurorluq sistemində cinayət təqibindən kənar icraatlar üzrə fəaliyyəti koordinasiya etmək, inzibati xəta haqqında işlər üzrə icraat zamanı tabe rayon (şəhər) prokurorluqlarının fəaliyyətində qanunların icrasına nəzarət etmək, amnistiya aktı ilə müəyyən edildiyi halda müvafiq orqanlar tərəfindən amnistiya tətbiq edilərkən qərarların razılaşdırılmasında, həmçinin, həmin orqanların müraciətlərinə əsasən amnistiyanın tətbiq edilməsi məsələsinə məhkəmədə baxılmasında, habelə əfv etmə və reabilitasiya barədə müraciətlər üzrə rəy və arayışların hazırlanmasında iştirak etmək, mülki hüquqi vasitələrlə cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi, xüsusi müsadirənin təmin olunması, ölkə daxilində və xaricində əmlakın bərpası məqsədilə Azərbaycan Respublikası və xarici ölkələrin məhkəmələrində iddia qaldırmaq, iddiaçı qismində iştirak etmək sahəsində prokuror nəzarətini gücləndirmək barədə ətraflı məlumat verilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmış, bu sahədə qarşılıqlı əməkdaşlıqla əlaqədar fikir mübadiləsi aparılmış, həmçinin qanunun tətbiqinə dair tövsiyələr verilərək gələcəkdə bu cür vebinarların keçirilməsinin vacibliyi vurğulanıb.