12 Sentyabr 2020 16:04
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Qazax rayonunda avtomobil yolunun təmiri ilə bağlı Sərəncam imzalayıb. Sərəncamda Fərəhli avtomobil yolunun təmiri üçün büdcədən 2,2 milyon (iki milyon iki yüz min) manat vəsait ayrılıb. Dövlət baçısı regionlarda yaşayan sakinlərin rifahını, sosial qayğılarını hər zaman diqqətdə saxlayır. Fərəhli avtomobil yolunun təmiri də bu qayğının növbəti bariz nümunəsidir. Bu yolun təmiri ilə yerli əhalinin rayon mərkəzinə və digər ünvanlara rahat hərəkəti təmin olunacaq.

Bu barədə Teleqraf.com-a danışan millət vəkili, AŞPA-nın Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov dövlət başçısına seçicilər adından minnətdarlığını bildirib.

Komitə sədri sözügedən Sərəncamın həm də şəhidlərimizin ruhuna bir ehtiram olduğunu bildirib: “Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub və bundan sonra da belə olacaq”.

Millət vəkili qeyd edib ki, bu gün düşmənlə 168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala Cəfərli kimi 5 kəndi daim düşmənin hədəfindədir: “Qazağın Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağındadır. Rayon ərazi bütövlüyü uğrunda 288 şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Tovuz istiqamətində gedən döyüşlər zamanı Qazax rayon Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlu da qəhrəmancasına şəhid olub”.

Səməd Seyid bildirib ki, Qazağın düşmən atəşinə məruz qalan qəhrəman kəndlərdən biri də Fərəhlidir: “Fərəhli kəndinin əhalisi sərhəddə mənfur düşmənlə daim üzbəüz dayanır. 928 nəfər əhalisi, 235 təsərrüfatı olan Fərəhli kəndinin sakinləri Dağlıq Qarabağ müharibəsi başlayan ilk gündən doğma torpaqlarının müdafiəsində mətin dayanıb və bu gün də dayanır. Fərəhli kəndinin yetirdiyi qəhrəmanlardan biri də kapitan Mühüd Orucovdur.

Aprel döyüşlərinin qəhrəmanı, şəhid döyüşçü, tabor komandiri Orucov Mühüd Qurban oğlu Fərəhli kənd qəbiristanlığında dəfn olunub.

Fərəhlinin yolu uzun illər istifadə olunduğundan yararsız vəziyyətə düşmüşdü. Kənd sakinləri yayda tozdan, qış aylarında isə palçıqdan əziyyət çəkirdi. Maşınların gediş-gəlişində böyük çətinliklər yaşanırdı. Artıq düşmənlə sərhəddə yerləşən Fərəhli kəndinə yeni asfalt yolun çəkilməsinə başlanılıb”.

Millət vəkili kənd camaatının yol çəkilişi işlə bağlı sevincini xüsusi vuirğulayıb: “Ötən aylarda Fərəhlidə seçicilərimlə keçirdiyim görüşdə sakinlər kənd yolunun çəkilməsi ilə bağlı məsələ qaldırdılar. Bununla bağlı aidiyyəti qurumlara müraciət ünvanladım. Qaldırılan məsələ öz müsbət həllini tapdı. Bu məsələnin həllini dövlətin və dövlət başçısının vətəndaşlara olan qayğısının əyani göstəricisi kimi qiymətləndirirəm”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər