14 Sentyabr 2020 16:54
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məktəblərdə iş prosesi zamanı birmənalı olaraq tibbi və ya parça maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən istifadə edilməlidir.

Teleqraf.com-un məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.

Onun sözlərinə görə, müəllimlər otağında və digər işçilərin otaqlarında sosial məsafə (ən az 1,5 metr) gözlənilməlidir. Təhsilverən özündə və ya yaxın təmasda olduğu şəxslərdə COVID-19 əlamətlərini (şübhəsini) hiss edərsə, bu barədə dərhal təhsil müəssisəsinin rəhbərliyinə məlumat verməlidir. İş vaxtı ərzində təhsilverəndə bədən hərarətinin 37,1°C və ya daha yüksək olduğu müəyyən edildikdə və ya hər hansı xəstəlik əlamətləri müşahidə olunduqda (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.), təcili olaraq müvafiq tədbirlər görülür.

COVID-19 testinin nəticəsi pozitiv çıxan və ya test nəticəsi pozitiv çıxmış şəxslə təmasda olduğu üçün təcridolunma rejimində olan və ya test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməyən, habelə özündə və ya yaxın təmasda olduğu şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən götürülmüş test nümunələrinin cavabları aşkarlananadək, həmin şəxslərin işə çıxmasına icazə verilmir.

R.Tağıyev əlavı edib ki, dərslər təhsilalanların sayından asılı olaraq, təsdiq edilmiş qrafikə uyğun olaraq, səhər saat 8-dən başlayaraq növbəli qaydada həyata keçirilir. Dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatları məktəbəhazırlıq mərhələsində 30 dəqiqə, ibtidai və ümumi təhsil səviyyələrində 45 dəqiqə olmaqla müəyyən edilir.

Tədrisdə növbəlilik tətbiq olunur və növbələr arasında tədris otaqlarında, dəhlizlərdə və sanitariya qovşaqlarında təmizlik və dezinfeksiya işlərinin aparılması üçün 60 dəqiqəlik fasilə nəzərdə tutulur.

Dərslərarası (məşğələlərarası) fasilələr 10 dəqiqədən az olmayaraq müəyyən edilir. Fasilələrdə təhsilalanların imkan daxilində təmiz havada olması təmin edlir. Dəhlizlərdə və həyətyanı sahədə sıxlığı azaltmaq məqsədilə tənəffüslərin vaxtı fərqli qrafikə uyğun tənzimlənir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər