Azərbaycan Texniki Universitetinin professoru Əzizə Mikayılova vəfat edib.
Teleqraf.com xəbər verir ki, Əzizə Mikayılova universitetin Azərbaycan dili və pedaqogika kafedrarasının professoru idi.
Əzizə Nurqələm qızı Mikayılova 1962-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Yasamal rayonundakı 13 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil olub, oranı 1984-cü ildə fərqlənmə diplomu ilə başa vurub.
2001-ci ildə AMEA-nın müxbir üzvü, professor Afad Qurbanovun rəhbərliyi altında “Azərbaycan dilində ləqəblər (Şamaxı rayonunun materialları əsasında)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, 2009-cu ildə “XIX əsrin ikinci yarısında Azərbaycan ədəbi dilinin bədii üslubunun onomastikası” mövzusunda (Azərbaycan dili ixtisası üzrə) doktorluq dissertasiyası müdafiə edib və filologiya elmləri doktoru alimlik dərəcəsi alıb.
Professor Əzizə Mikayılova üç monoqrafiyanın, beş dərslik və dərs vəsaitlərinin, proqramların, həmçinin çoxsaylı elmi məqalələrin müəllifidir.