“Gənc Musiqiçilərə Dəstək” İctimai Birliyi 20 imkansız ailəyə birdəfəlik ərzaq yardımı göstərib.
Ərzaq yardımı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan "COVİD-19 pandemiyasından əziyyət çəkən imkansız ailələrə dəstək" layihəsi çərçivəsində göstərilib.
Təşkilatın sədri Nübar Əliyevanın sözlərinə görə, layihənin əsas məqsədi COVİD-19 pandemiyasından zərər çəkən 20 imkansız ailəyə ərzaq yardımı göstərilməsi ilə onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yardım etmək idi: "Azərbaycanda pandemiyanın təsirlərini minimuma endirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vaxtında və çevik qərarların qəbul edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi respublikamızda pandemiyanın itkilərini minimuma endirməyə imkan verib. Azərbaycan Prezidentinin tapşırığı ilə pandemiyanın bütün sahələrə zərərlərinin azaldılması, əhalinin aztəminatlı hissəsinin dəstəklənməsi üçün addımlar atılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası da respublikamızda koronavirus pandemiyası ilə mübarizə, əhalinin maarifləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi, pandemiyadan zərər çəkən ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlətimizin gördüyü işlərə öz töhfəsini verib. Təşkilata daxil olan müraciətlər və fəaliyyət göstərdiyimiz ərazidə yaşayan koronavirus pandemiyasından zərər çəkən imkansız ailələrdən ibarət siyahı müəyyənləşdirilib. Həmin siyahı müəyyənləşdirilərək Şura ilə razılaşdırıldıqdan sonra imkansız ailələrə çatdırılması üçün ərzaq kuponu alınıb. Ərzaq yardımı almaq üçün "Hədiyyə kartı" poçt vasitəsi ilə həmin ailələrə çatdırılıb. Ərzaq yardımı verilənlərdən 3-ü aztəminatlı ailə, 1-i II qrup əlil, qalanları isə işsiz şəxslərdir".