Dənizlərin ekoloji vəziyyəti alimlərin diqqətində
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) "Beynəlxalq Geoloji Korrelyasiya Proqramı"nın 610 saylı layihəsi ilə bağlı II plenar iclas keçirilib. Tədbir GGİ-nin təşkilatçılığı, AMEA və YUNESKO-nun maliyyə dəstəyi ilə təşkil olunub. Dünyanın müxtəlif ölkələrindən olan, eləcə də yerli alimlər Aralıq dənizindən Xəzərə qədərki ərazilərin geoloji tarixindən bəhs ediblər.
AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, tədbiri institutun elmi işlər üzrə direktor müavini Dadaş Hüseynov açıb. Sonra AMEA-nın Yer Elmləri Bölməsinin rəhbəri Fəxrəddin Qədirov çıxış edərək bildirib ki, iclasın təşkilində məqsəd dəniz sularında müxtəlif təsirlər nəticəsində baş verən dəyişikliklər, torpaqların neftlə çirklənməsi, radioaktivlik, iqlim və ətraf mühit dəyişiklikləri, geoekoloji balanslılıq kimi məsələlərə dair tədqiqatlar haqqında məlumat vermək və bu istiqamətlərdə araşdırma səylərini cəmləşdirməkdir. Tədqiqatların nəticələri cəmiyyətin dayanıqlı inkişafına xidmət etməlidir. Akademik əminliklə qeyd edib ki, tədbir dünya alimlərinin diqqətini regionun geoloji təkamülünə yönəltmək və tədqiqatların səmərəliliyini qarşılıqlı təcrübə əsasında daha da artırmaq baxımından öz töhfəsini verəcək.
İclasda çay çirklənmələrinin dənizlərin ekosisteminə təsirləri, iqlim və ətraf mühit dəyişiklikləri, Qara dənizin səviyyəsinin qalxması ilə tektonik dəyişikliklər arasındakı əlaqə, Xəzər dənizinin qərb sahillərində geoekoloji balanslılığın reabilitasiyası, neftlə çirklənmiş torpaqların və radioaktivliyin aradan qaldırılması, Qara dənizlə Aralıq dənizi arasında siklon və antisiklon fəallıq kimi məsələlərə dair məruzələr dinlənilib. İqlim və geoloji prosesslər nəticəsində dəniz səviyəsinin dəyişməsivə insanların yeni şəraitə uyğunlaşması ilə əlaqəli çıxışlar böyük maraqla qarşılanıb.
Müzakirələr Rusiya, Ukrayna, Kanada, Türkiyə, Gürcüstan, Böyük Britaniya, İtaliya, Niderland, Fransa və digər Avropa ölkələrindən olan nümayəndələr, həmçinin GGİ-nin alimləri tərəfindən aparılıb.
Oktyabrın 20-nə qədər davam edəcək tədbir çərçivəsində çöl ekskursiyalarının təşkili, o cümlədən Qız Qalası, Şirvanşahlar Sarayı, Qobustan Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, həmçinin qədim tarixə malik Lahıca da səyahətlər planlaşdırılıb.
NİGAR