22 Sentyabr 2020 21:32
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Azərbaycan Cümhuriyyətini işğalından sonra ölümün pəncəsindən qurtulan bir çox dövlət xadimimiz qardaş Türkiyəyə mühacirətə getməyə məcbur oldular. Çünki istilaya qarşı mübarizəni orada davam etdirmək, pərən düşmüş qüvvələri yenidən bir araya toplamaq üçün ən strateji yer məhz Türkiyə, xüsusilə də İstanbul idi. Ona görə də başda Məhəmmədəmin Rəsulzadə olmaqla Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməhəmməd, Mustafa Vəkiloğlu, Məhəmmədsadıq Aran və başqaları İstanbula gələrək istiqlal mücadiləsinə davam etdilər. Bu mübarizədə onların daim xatırladıqları bir məsələ vardı: Türkiyənin təkcə onlara deyil, qafilə şəklində rus zülmündən qaçan sadə vətəndaşlara da qucaq açması, onları qoruması idi. Buna görə də mühacirlər yazılarında bu məsələyə dəfələrlə toxunub, qardaş ölkənin azərbaycanlılara vətən olmasını yazıblar.

Belə yazılardan biri də Cümhuriyyətin sonuncu daxili işlər naziri olmuş Mustafa Vəkiloğluna aiddir. M.Vəkiloğlunun 1931-ci ildə “Odlu yurd” jurnalında dərc olunmuş “Vətəncüda bizlər - qardaş Türkiyədə” adlı məqaləsi son zamanlar yüksələn Azərbaycan-Türkiyə ittifaqı çərçivəsində xeyli maraq doğurur. Həmin yazını dilimizə uyğunlaşdıraraq təqdim edirik.
*
Mustafa Vəkiloğlu

“Vətəncüda bizlər - qardaş Türkiyədə”

İstila kabusu bütün dəhşət və vəhşətilə Azərbaycanın üzərinə çökdükdən sonra milli qəlblərdə ilk açılan ümid və iltica yolu, təbii, qardaş Türkiyəyə doğru oldu.

Qaçmaq məcburiyyətində qalan məfkurəçi gənclər və münəvvərlər Anadoluya doğru üz tutdular və buraya sığındılar. Bu yalnız coğrafi vəziyyət icabı olan bir hərəkət, tarixdə əmsalına çox təsadüf edilən bir vaqeə deyildi.

Bu, tarixdə görülməyən bir faciə və fəlakətə uğramış kiçik qardaşın böyük qardaşına doğru yürüməsi idi.

Nə üçün?

Hər halda buraya doğru uçan qəlblərin dərin bir imandan və böyük ümidlərdən qanadları vardı... Fəqət nə edəsən ki, tale bizdən hər tərəfdə üz çevirmək istəyir. Gəldik Anadolu qardaşlarımızı da atəş içində bulduq və kəndi dərdlərimiz arasında yaralı qəlblərimiz, təbii, buranın dərdləri ilə də yanmağa başladı.

Əli silah tuta bilən gənclərimiz istiqlal mücahidləri arasına qoşdular. Və bu gün köksləri istiqlal medalı ilə qabaran bu gənclərimizi hər gördükcə nə dərin bir sevinc və qürur duyuruq!

Türkiyə Cümhuriyyətinin bu qədər ağır və çətin şərait içində başladığı inqilab və tərəqqi yolunun hər müvəffəqiyyəti bizi candan sevindirir. 8 il əvvəl yeni nəşrinə başladığımız məcmuəmizin ilk nüsxəsində “Lozandan sonra” sərlövhəli məqalədə: “Yeni Türkiyə yeni əsaslar üzərinə qurulmalıdır. Dövlət həyatı əsri hökumətlərə yakışır əsaslar və əsri təməllər üzərinə təsis edilməlidir” deyilirdi.

Türkiyə Cümhuriyyətinin hər dürlü müşkülat və maneələri bərtərəf edərək siyasətən və iqtisadən yüksəlməsi və qüvvətlənməsi bizləri candan əlaqədar edən məsələnin biridir. Bu xüsusdakı hisslərimizin təbiiliyi ilə bərabər, bu eyni zamanda milli davamız icabatındandır.

* * *
Çevrilib geri baxdıqda... Arxada ağır, uzun, bitməz-tükənməz bu sıxıntılı 11 illik həyatımız, vətəncüda həyatımız. Mühacirlik - hər dürlü məhrumiyyətdir...

Bununla bərabər bu 11 ildə burada - qardaş Türkiyədə gördüyümüz qardaşcasına müamilə və yaxşılıqları əbədiyyən unudamayız - bu, qəlblərimizdə və milli həyatımızda silinməz izlər buraxmışdır. Və irəlidə türklük və Türkiyə müvərrixi azərbaycanlıların Türkiyəyə iltica keyfiyyəti haqqında çox maraqlı səhifələr yaza biləcəkdir... Gənclərimiz - millətimizin ümid və istiqbalı - vətənlərində dərs oxumaq haqqından belə məhrum qalan zavallı gənclərimiz - qafilə-qafilə hara qaçırlar? 11 ildir bu hicrət faciəsi davam edib gedir. Hər il oradan, qanlar içində boğulan vətənimizdən yeni qafilə, yeni karvanlar gəlir. Gənclər, məsum çocuqlar karvanı! Nəyə, nərəyə gəliyorlar?

- Türkiyədə məktəbə girməyə!

Hətta, uzaq deyil, bir ay əvvəl qaçıb gələn 2 çocuğu görmək istərmisiniz? Ailə şəfqət və məhəbbətindən məhrum qalan, min bir çeşid məşəqqət keçərək İranı, Turanı dönüb-dolaşıb buraya məktəb üçün gələn o çocuqların yanıq qəlblərindəki dərdlərini dinləmək istərmisiniz? Türk tələbə yurduna müraciət ediniz!

Bu gələnlər üçün burada məktəblərin qapıları açıqdır. Hankı məktəbə getsəniz - darülfünunda, liseylərdə, orta və ibtidai məktəblərdə - bir neçə azəri gənclərinə təsadüf edərsiniz. Tələbələrimizin məktəblərdə gördükləri hər dürlü hüsni-müamilə və qarşılaşdıqları qardaş hissləri bu acı həyatımızın ən dadlı xatirələrindəndir. Baxın, liseylərdə gənc qızlar:

“Dağlarda otlar ceyran,
Baxışı heyran-heyran.
Hər yeri cənnət kimi yurdumuz,
Yaşasın Azərbaycan!” -
deyə bizim şərqiləri oxuyaraq azəri arxadaşlarının yaslı könüllərini oxşayırlar.

Bu qədər münəvvərlərimiz, tüccar və kəndlilərimiz Türkiyənin hər tərəfinə dağılıb yaşıyırlar, bu və digər surətlə həyatlarını qazanırlar.

Türkiyə, bu gözəl qardaş ölkəsi bizim üçün ikinci vətən olmuşdur.

Dost və düşmən bilir ki, azəri milliyyətçiləri vətənlərinin uğradığı istila və zülmlərə qarşı səslərini ilk dəfə Türkiyədə yüksəltdilər.

8 il əvvəl, 1923-cü il 26 sentyabrda bir neçə azəri mültəcilərinin qeyrət və fədakarlıqları ilə İstanbulda Azərbaycan milli davasını müdafiə edən ilk məcmuə “Yeni Qafqasiya” çıxdı.

Və 8 ildir Türkiyə Cümhuriyyəti hürriyyət və qanunlarına sığınaraq nəşriyyatımız vasitəsilə bütün mədəni dünyaya milli davamızı tanıdır, vətən və millətimizin bolşevik-rus ayaqları altında çeynənən məşru haqlarını xaricdə müdafiə edirik.

Dumanlı günlərin işıqsızlıqlarından bilistifadə ətrafımızda çevrilməkdə olan hər çeşid intriqaları və onu idarə edən əlləri bilməmiş deyilik... Fəqət nə edəlim... Buludlar, dumanlar dağılıb günəş doğana qədər səbir edəlim.

11 ildir zavallı Azərbaycanda hala qan axır, zülm ərşə çıxmış, orada ağlamayan nə bir göz, nə gülən bir üz qalmışdır. Əlaqədarlar, nəşriyyatımızı təqib edənlər bilirlər ki, millətimizə edilən bu zülm və vəhşiliklərə qarşı vicdani-bəşərə xitabən 11 ildir bağırırıq.

Səsimizə səs, fəryadımıza məkəs tapa bilirikmi? Ümumi vəziyyətin bütün müşkülatlarına rəğmən, Türkiyə əfkari-ümumiyyəsi və mətbuatı bu keçən illər zərfində Azərbaycan faciəsinə laqeyd qalmadılar. Acılarımızın ən çox Türk Ocaqları məhafilində duyulduğunu hiss edirdik.

1924-cü ilin aprelində anda İstanbul qəzetlərində Amasya Türk Ocağı tərəfindən çəkilmiş bu teleqrafı oxuduq:
“Qardaş Azəri-türk münəvvəranının Bakı həbsxanalarında məruz olduqları qeyri-insani təzyiqat və işgəncələrdən biltəəssür aclıq qrevilə müqabiləyə məcbur qaldıqlarını xəbər alan Amasya Türk Ocağı rəva görülən işbu məzalimi aləmi-bəşəriyyət və mədəniyyət hüzurunda kəmali-şiddətlə protestoyu özü üçün milli bir vəzifə əddinə qərar vermişdir”.

1924-də bu məşum 27 aprel günü münasibətilə bir çox qəzetlər Azərbaycan istilası haqqında pək canlı məqalələr yazdılar. İştə bəzi parçalar:

“Bu gün, 27 aprel, türklərcə dərin bir acı ilə qarşılanacaq bir gündür. Qardaş Azərbaycan Cümhuriyyətinin milli istiqlalına bu gün nəhayət verilmişdir. 4-cü səneyi-dövriyyəsinə basan tarixi istila türklük üçün əlim bir hadisə olmuşdur... 27 aprel 1920 tarixinə təsadüf edən o məşum gündən etibarən “Kiçik Türkiyə” namilə yad edilən sevgili Azərbaycan artıq bütün milli istiqlalını qeyb edərək min dürlü zülm və vəhşətlə Qızıl Rusiya imperatorluğuna ilhaq edilmişdir... Fəqət azəri qardaşlarımız heç bir zaman məyus olmasınlar, onlardakı milliyyət və istiqlal eşqi davam etdikcə bir gün yenə bu istiqlala qovuşacaqlardır”. (“İləri”)

Amasyada çıxan “Əməl” qəzetəsi o gün üçün qara çərçivə içində xüsusi nüsxə nəşr etmişdir və baş məqaləsində yazıyordu ki:

“Bolşeviklərin zülmü altında inləyən Azəri türkləri hala bu günün unudulması acılarını idrakla matəm tutuyorlar. Müstövlilərin zülm və vəhşəti isə gündən-günə təzayüd ediyor”.

Yenə eyni tarixdə “Axşam” yazıyordu ki: “Azərbaycanın bu matəm gününün yaslarına bütün türklər iştirak edərlər. Bu münasibətlə keçən sənə yazdığımız şu sətirləri təkrar ediyoruz: Mavi, al, yaşıl Azərbaycan bayrağı, qırmızı-bəyaz türk sancağı kibi bir gün bütün endirildigi yerlərdə təkrar yüksələcəkdir”. 1924 təşrini-əvvəldə Əhməd Cavad bəy “İqdam”da diyordu ki: “Türk olmaq həsbilə kəmali-səffətlə söyləyəcəgiz ki, həmirqimiz olan azərbaycanlıların uğradıqları qital bizi son dərəcədə mütəəllim ediyor. Bolşevik idarəsinin şiddətilə Azərbaycan türklərinin və baxüsus ərbabi-ürfanının uğradıqları fəcaye tüklərimizi ürpədiyor. Tökülən qadın, çoluq-çocuq qanının acısilə icrai-məzalim edənlərə lənət oxuyoruz... Hüdudlarımızın o biri tərəfində cərəyan edən o vəqayi-müdhişə bizi titrədiyor”.

Bu, məxsusi bir az uzatdığım və yaralı qəlblərimizə soyuq su kibi səpilən yazıları yenə Türk Ocaqlarının həyəcanlı səsilə bitirəlim:

Türk Ocaqlarının naşiri-əfkarı olan “Türk yurdu”nda (1925, №9) Yaqub Qədri bəy səmimi bir həyəcanla ətrafa xitabən diyordu ki:

“Böyük Türk irqinin bir qolu milli istiqlalını qeyb etmiş, öz vətənindən vətəncüda qalmış, dil, duyğusu və qafası daimi və mütəzaid bir təhlükə altında, qorxu və əzab və işgəncə içində qıvranıyor. Bu bədbəxt millətin adı - Azəri türklər və bunun yurdu Azərbaycandır... Fəqət bu ölkədə yaşayanların iztirabını hankı əl təsbit və təhdid edə bilir?

Fəqət nə yazıq ki, bunlar səslərini bizim - biz türk milliyyətçilərinin - qulağımıza belə yetişdirə bilmək xüsusunda çəkmədikləri müşkülat qalmıyor...”

İştə bu qara günlərimizdə qardaş məmləkətdən gələn mənəvi yardım səsləri!

* * *

Fəqət könül arzu edərdi ki... Sus, sus, ey könül, çərxi-fələk şimdi böylə dönüb gediyor...
“Odlu Yurt”, № 27, 1931
Hazırladı: Dilqəm ƏHMƏD


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər