Milli Məclisin deputatı Eldəniz Səlimov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Eldəniz müəllim, ölkədə fəal və qeyri-fəal millət vəkilləri arasında özünüzü hansı cərgədə görürsünüz?
- Milli Məclisinin V çağırış Yeni Azərbaycan Partiyasından olan millət vəkilləri arasında ən aktiv deputatların 10 nəfərindən biri mən olmuşam.
- Yeni deputatlar əyləşdikləri yerlə bağlı narazılıq edirdilər. Sizin parlamentdə belə bir probleminiz oldumu?
- Xeyr, elə bir problem yaşamadım. Parlamentdə əvvəldən qabaq cərgədə əyləşirdim. Amma yuxarıdan oturan gənc deputat xanımların əyləşməsi ilə bağ narazılıq oldu. Ondan sonra öz istəyimlə yerimi xanımlara verərək, arxa cərgəyə keçdim.
- Siz bir qədər sakit millət vəkili statusundasınız. Cəmiyyətə özünüzlə bağlı hansı informasiyaları verərdiniz?
- Bütün millət vəkillərinə böyük hörmətim var. Hamısı seçilmiş insanlardır. Onlardan fərqli olaraq hesab edirəm ki, seçildiyim ərazidə daha çox oluram. Daim insanların arasındayam. Xaçmaz rayonunda doğulmuşam, orada məktəbə getmişəm və iş fəsaliyyətinə də orada başlamışam. Demək olar, rayonda olan seçicilərimin hər birini, hər bir ailəni şəxsən tanıyıram.
- Ali təhsili Dağıstan Dövlət Universitetində alımısınız, ölkə universitetlərində ikinci təhsil, magistratura dərəcəsi almaq fikriniz varmı?
- Xeyr, Xaçmaz rayonunda 7 saylı məktəbi tərifnamə ilə bitirmişəm. Sadəcə, Dağıstan bizə yaxın məsafə olduğu üçün getdim orada imtahan verdim və qəbul olundum. Həmin universitetdə də əyani təhsil aldım.
- Uzun müddət vergi və bank sektorunda çalışmısınız. Amma sonradan hərbi sahəyə keçdiniz. Bu nə ilə bağlı idi?
- Uzun illər bank sektorunda çalışmamışam. Vergilər nazirliyində işləmişəm.
- "Texnika bank"da müdir müavini olmusunuz?
- Bəli. Sonradan bir neçə il bank sektorunda çalışdım. O vaxt bəzi banklarınbağlanma təhlükəsi də vardı. Ona görə bank sektorundan ayrıldım. Müdafiə Sənayesi Nazirliyinin Xaçmazda yerləşən zavodunda işləməyə başladım. Orada da az bir müddət işlədikdən sonra Xaçmaz şəhər icra nümayəndəliyində çalışdım. 7 ay da həmin işdə çalışdım, sonra parlament seçkilərinə qatıldım. Namizədliyim YAP tərəfindən irəli sürüldü. Son iki çağırış Xaçmaz 55 saylı seçki dairəsindən millət vəkili seçilmişəm.
- Seçicilərlə necə əlaqə yaradırsınız?
- Xaçmazda doğulub, orada boya-başa çatdığım üçün seçicilərimlə əlaqələrim çox sıxdır. Seçicilərimin çoxu bəzi hallarda mənim evimdə olur. Eyni zamanda YAP Xaçmaz rayon təşkilatı evimin yaxınlığındadır. Orada da mütəmadı olaraq həm köməkçim, həm də özümün iştirakı ilə görüşlərimiz keçirilir. Pandemiya müddətində rayonda insanlara maska, spirt paylanmasında da aktiv olmuşuq. Yəni seçicilərlə birbaşa əlaqələrimiz var.
Qeyd edim ki, mən əlçatan deputatlardanam. Hər bir seçici mənim evimə də gələ bilir. Uzun müddət eyni nömrəni işlətdiyim üçün telefon nömrəmi əksəriyyət bilir.
- Seçicilərinizin problemlərinin həllini necə tənzimləyirsiniz? Yerli və mərkəzi icra orqanlarında sizə maneələr yoxdur ki?
- Səlahəyyətimiz çərçivəsində, deputatın statusuna görə seçicilərin qaldırdığı məsələləri həll edirik. Birbaşa həll edə biləcəyim problemləri yerindəcə qaydasına salmağa çaılışıram. Rayon səviyyəsində olan məsələləri isə icra hakimiyyəti ilə yoluna qoyuruq. Hansısa nazirliklərlə bağlı problem olanda məkubla müraciət edirk. Bu barədə də Milli Məclisə hesabat veririk. Əvvəllər olmasa da, artıq parlamentdə deputatlara edilmiş müraciətlərin hamısının hesabatı verilir.
- Bəzi deputatlar sorğularına cavab verilmədiyini bildirirlər. Siz belə bir problemlə qarşılaşmısınızmı?
- Hələ ki, elə bir halla qarşılaşmamışam. Ünvanladığım müraciətlər vaxtında cavablandırılıb, zənglərimə də operativ cavab almışam.
- Gənc deputatların bəziləri mətbuatdan, cəmiyyətdə açıq fəaliyyətdən çəkinir. Sizcə, onları belə bir mövqe seçməyə vadar edən amil nədir?
- Bu amil işin çoxluğu ilə bağlı ola bilər. Millət vəkilinin bir köməkçisi var. Ona görə də, bəzən bütün məsələləri eyni zamanda həll etmək mümkün olmur. Bizdə müəyyən işlərlə köməkçi məşğul olur. Qeyd edim ki, gənc millət vəkilləri arasında savadlı, vətənpərvər, Prezidentin apardığı siyasətə sadiq insanlar çoxdur.
- Deputat ictimai-siyasi proseslərdə hansı mövqedən çıxış etməlidir? Millət vəkili həm də siyasətçi olmalı deyilmi?
- Təbii ki, deputatın hər bir sahədən anlayışı, məlumatı olmalıdır. Çünki deputat ən azı 40 mindən yuxarı insanın seçdiyi şəxsdir. Ona görə də, millət vəkilinin siyasətdən, iqtisadiyyatdan, kənd təsərrüfatından və digər sahələrdən də informasiyası olmalıdır.
- Dostluğunuzda daha çox gənc deputatlar üstünlük təşkil edir, yoxsa köhnə millət vəkilləri ilə daha sıx təmasınız var?
- Parlamentdə təmsil olunan hər bir millət vəkilinə hörmətlə yanaşıram. Yeni gələn deputatlarla da münasibətimiz var. V çağırışdan millət vəkili olduğum üçün o dövrdən olan deputat dostlarım da az deyil.
- Sosial şəbəkələrdə mövcud durumdan yəqin xəbərdarsınız. Sizin proseslərə yanaşmanız necədir?
- Sosial şəbəkələrdə pandemiya dövründə aktivlik daha da artdı. Əvvəllər internetə daxil olmayan insanlar da pandemiya dövründə aktiv sosial şəbəkə iştirakçısına çevrildi. Sözsüz, bu gün sosial şəbəkələrdə dövlət və dövlətçiliyə, ölkə rəhbərinə qarşı aparılan kampaniyaları pisləyirəm. Bizim başqa millətlərdən fərqli olaraq böyüyə, dəyərlərə hörmətimiz var. Bu gün kimlər sosial şəbəkələrdə söyüş söyürsə, onlar öz valideynlərinin, öz ailəsinin yanında tərbiyəsi olmayan insanlardır.
- Təmsilçisi olduğunuz partiyanın rəhbər şəxslərindən olan Siyavuş Novruzov karantin qaydalarını pozaraq məlum toyda iştirak etdi. Sizin bu məsələyə yanaşmanızı müşahidə etmədik...
- 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Məndə Ulu Öndərin imzası ilə YAP-ın vəsiqəsi var. Təbii ki, YAP Azərbaycanın inkişafında, bu günlərə gəlib çatmasında böyük xidmətlər göstərib. Ölkəmizin ağır dönəmlərində 91-lər Ulu Öndərə müraciət etdi. Həmin dövrdə Bakıda YAP-ın konfransının keçirilməsinə icazə verilmədi. İnsanlar soyuq şaxtalı havada Naxçıvana getməli oldular. Orada təsis konfransı keçirildi, Yeni Azərbaycan Partiyası quruldu.
Sözsüz ki, YAP-da olan hər hansı bir insanın səhvi onun şəxsi yanaşmasıdır. Bunu partiya ilə bağlamaq olmaz. Hər bir insan səhv edə bilər. Bəlkə bunu mən səhv sayıram, amma o insan bunu səhv saymır. Bu hadisəni bütövlükdə partiyanın adına bağlamağı düzgün hesab etmirəm.
- YAP-ın strukturlarında müəyyən dəyişikliklərin edilməsi və partiyanın qurultayının keçirilməsi gözlənilirmi?
- Bu barədə məndə heç bir məlumat yoxdur. Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyev və partiya rəhbərliyi münasib bildiyi zaman qurultay keçiriləcək.
- İşğalçı Ermənistan Tovuz istiqamətində təxribatlara əl atır. Sizcə, ermənilər Qarabağ cəbhəsindən kənarda ardıcıl təxribatlar törətməklə nə məqsəd güdürlər?
- Sözsüz ki, ermənilərin indiki təxribatları işğalçılıq siyasətinin təzahürüdür. Bu gün güclü Azərbaycan Ordusu qarşısında cılız erməni silahlı birləşmələri ancaq təxribatlarla yadda qala bilərlər. Cənab Prezident, Ali Baş Komandanın da vurğuladığı kimi Azərbaycanla işğalçı Ermənistan təkbaşına heç zaman mübarizə apara bilməz. Çünki Azərbaycan iqtisadi, siyasi və hərbi güc baxımından Ermənistandan müqayisəyə gəlməz dərəcədə böyük potensiala malikdir.
Təbii ki, işğalçıya dəstək olan qüvvələr var. Düşmən də məhz bu dəstək hesabına cəbhə boyu təxribatlar törədir. Son dövrlər şimal qonşumuz olan Rusiyadan işğalçı Ermənistana təyyarələrlə silah daşınması faktları mövcuddur. Bununla bağlı bir sıra açıqlamalar oldu. Rusiya müdafiə naziri Segey Şoyqu Azərbaycanda rəsmi səfərdə olarkən bu məsələyə çox gülünc bir cavab verdi. Bildirdi ki, həmin təyyarələrlə silah yox, tikinti materialları daşınır.
Təbii ki, tikinti materiallarınınn daşınması üçün təyyarələrdən istifadə etməyə ehtiyac yoxdur. Bunun başqa yolları da var. Eyni zamanda bizim xüsusi xidmət orqanlarımızda da dəqiq məlumat var ki, Ermənistana silah daşınır və onlar müharibəyə hazırlaşırlar. Bütün bu olanlardan nəticə çıxarılmalıdır. Bilinməlidir ki, Azərbaycan heç bir zaman bir qarış torpaq Ermənistana güzəştə getməyəcək.
- Ölkəmizdə hazırda hərbi təlimlər keçirilir. Ailə üzvlərinizdən, yaxınlarınızdan təlimlərə qatılan varmı?
-Hər bir dövlətdə vaxtaşırı bu cür hərbi təlimlər keçirilir. Bu gün ölkəmizdə keçirilən hərbi təlimlər isə səfərbərlik xarakteri daşımır. Bu, sırf hərbi təlimdir. Mənim bir qızım, bir oğlum var. Oğlum 10-cu sinifdə, qızım 7-ci sinifdə oxuyur. Mən evin tək oğluyam, qardaşım yoxdur. Yaxın qohumlarımdan hərbi xidmətdə, ehtiyatda olan zabitlər də var, hazırda hərbi təlimlərə cəlb olunublar. Oğlumun hərbi yaşı çatmır. Bəlli yaşda olsaydı, hərbi təlimlərdə iştirakına etiraz etməzdim. Amma özümüz də hələ gəncik. Hər zaman vətənimizin müdafiəsinə hazırıq.
- Post-pandemiya dövrünün iqtisadi reallıqlarını necə qiymətləndirirsiniz?
- Pandemiya tək Azərbaycana deyil, bütün dövlətlərinin iqtisadiyyatına zərər vurdu. Əhalisi Azərbaycandan az olan dövlətlər də pandemiyadan az itki ilə çıxa bilmədi. Ölkəmizdə isə pandemiya dövrünün iqtisadi çətinliklərinə baxmayaraq sahibkarlara, muzdla çalışan və digər kateqoriyadan olan insanlara dövlət tərəfindən yardımlar edildi. Pandemiyanın yaratmış olduğu çətinlikləri aradan qaldırmaq üçün Operativ Qərargah yaradıldı və ən optimal qərarlar bir mərkəzdən verildi. Bu da cənab Prezidentin rəhbərliyi ilə aparılan düzgün strategiyanın məntiqi nəticəsi idi. Eyni zamanda bu dönəmdə cənab Prezident hər zaman insanlarımızın yanında oldu.
Bu, elə bir qlobal çətinlikdir ki, bütün yer kürəsini əhatə edir. İkinci Dünya Müharibəsindən sonra belə bir qlobal hadisə yaşanmamışdı. Milli Məclisdə insanların sosial durumunun yaxşılaşdırılması və iqtisadiyyatın canlanması üçün yeni qanunların qəbulu da mümkündür.
- Pandemiya dövründə sizcə, ölkədə daha çox hansı sahələrdə problemlər üzə çıxdı?
- Pandemiyaının baş verəcəyini heç kəs gözləmirdi. Ona görə də, xoşagəlməyən hadisələr də baş verdi. Hazırlıqsız idik, bu, qəbul olunmalıdır. Amma daha çox internet və nəqliyyat sistemində problemləri qeyd edə bilərəm.
- Karantinlə bağlı hansı qaydaların tətbiqi sizi qane etmir?
- Rayonlara gediş gəlişlə bağlı tam qapalı bir şəraitin olması düzgün deyildi. Yay aylarında testdən keçib rayonlarda yaşamaq üçün şəraiti olan insanların gediş-gəlişinə icazə verilməsi daha yaxşı olardı. Rayonlarda olan istirahət mərkəzləri bəlli sayda insanlara xidmət göstərməklə fəaliyyətini davam etdirə bilərdi. Təbii ki, burada da sosial məsafə və digər gigyenik qaydalara ciddi riayət edilməsi əsas şərt olmalı idi.