Məktəblərin açılmasından öncə virusa yoluxma sayının artacağı proqnozlaşdırılırdı. Bəllidir ki, uşaqlar virusa yoluxduqda 70 faiz halda bunu biruzə vermirlər. Əgər uşaqlar arasında yoluxma varsa, deməli, bu say çoxala bilər. Çünki virus aşkar olunan uşaqlar simptomu üzə çıxanlardır. Xəstəliyi simptomsuz keçirənlərin sayı isə bəlli deyil. Uşaqların öz ətraflarını, valideynlərini də yoluxdurma riski çox yüksəkdir.
Bu fikirləri Teleqraf.com Tibb Universitetinin Tədris Cərahiyyə Klinikası Radiologiya şöbəsinin müdiri, dosent Rasim Bayramov deyib.
Radioloq qeyd edib ki, hazırda yoluxmada ikinci dalğa gözlənilir: "Bəzi ölkələrdə artıq ikinci dalğa qeydə alınıb. Azərbaycanda gələn aydan ikinci dalğanın başlaması ehtimalı var".
Şöbə müdirinin sözlərinə görə, məktəblərin açılmasına heç kəs etiraz etmir: "İbtidai siniflərin məktəbə getməsi vacibdir. Amma onlar da maskadan istifadə etməlidirlər. Hətta dərs zamanı da uşaqlara ayrıca formada maskadan istifadənin vacibliyi izah edilməlidir. Çünki uşaqlar virusa yoluxsa, onların özlərinə bir şey olmasa da evdə valideynlərini yoluxdurmalı olacaqlar”.
Radioloq qeyd edib ki, dərs zamanı uşaqların hərəkətinə ciddi nəzarət olunmalıdır: “Çünki dərs arası tənəffüslərdə uşaqların aktiv hərəkəti zamanı bir-birlərini yoluxdurma riski böyükdür. Ona görə sinif otaqlarında uşaqların sayı minimum olmalıdır. Uşaqlara virusun təhlükəsi ilə bağlı da izahedici söhbətlər aparılmalıdır”.
Rasim Bayramovun sözlərinə görə, uşaqlar ünsiyyət zamanı daha çox qışqıra-qışqıra danışır və bu zaman yoluxma təhlükəsi artır: “Çünki az danışanla yüksək səslə danışan arasında virusa yoluxma faizində ciddi fəqlər var. Artıq dünyada belə bir tendensiya formalaşıb ki, az danışaq, maska ilə danışaq, virusa yoluxmayaq. Bu baxımdan uşaqlara ciddi nəzarət edilməlidir.
Bəzi fikirlər var ki, 6 yaşında uşağa maska taxmaq olmaz. Bu, yanlış yanaşmadır. Virusa qarşı ən önləyici tədbir maska taxmaqdan ibarətdir. Amma elə bir fakt da mövcud deyil ki, virus uşaqlarda ciddi fəsadlar yaratsın. Çünki uşaqlar səssiz daşıyıcıdırlar. Onlar heç bir simptom hiss etdirmədən bu virusu keçirə bilir. Ona görə də uşaqların yoluxması və yoluxmanın məfi nəticələri ilə bağlı hər hansı təlaş yoxdur. Əsas qorxu uşaqların öz valideynlərini yoluxdurmasıdır. Uşaqlar üçün effektiv peyvənd də nəzərdə tutulmayıb. Bu tip peyvəndin ən yaxşı halda 2021-ci ilin axırlarına qədər hazırlanması gözlənilir. Çünki uşaqların peyvəndi bir az fərqli olacaq”.
Şöbə müdiri vaksinlə bağlı aparılan son araşdırmalar barədə də danışıb. Bildirib ki, artıq vaksinlə bağlı hazırlıqlar dünyanın 38 firmasında 3-cü faza çalışması mərhələsindədir: "Vaksinlər artıq insanlar üzərində tətbiq olunur. Könüllülər üzərində keçirilən sınaqlarda ciddi nəticələr əldə edilib. Son mərhlə yaxınlaşılır. Dekabr ayında kütləvi vaksinasiyanın olacağı gözlənilir”.
Radioloq vaksinasiyadan sonra yenidən yoluxma riksi ilə bağlı səslənən fikirlərə də aydınlıq gətirib: "Peyvənd edildiyi halda orqanizmdə T hüceyrələri əmələ gəlir. Virusa da orqanizmdə olan T hüceyrə yaddaşı nəzarət edir. Virus bir dəfə orqanizmə daxil olduqdan sonra immun sistemindəki T hüceyrələri onu yaddaşında saxlayır. İkinci dəfə virus orqanizmə daxil olduğu halda T hüceyrələri ona qarşı effektiv mübarizə aparır. Eyni zamanda uşaqlarda T hüceyrələri çox olur. Ona görə uşaqlar virusa yoluxduqları halda orqanizmləri asanlıqla onu dəf edə bilir”.