TƏBİB-in eksperti, infeksionist Nəzrin Mustafayeva mövsümi qrip virusu ilə bağlı məsləhətlər verib.
Teleqraf.com xəbər verir ki, həkim kəskin respirator xəstəliklərin payız-qış aylarında baş qaldırdığını deyib.
“Kəskin respirator xəstəliklər törədən, bir-birinə oxşar əlamətlərlə seyr edilən xəstəliklərə səbəb olan infeksiyalar çoxdur. Bunlar arasında ən təhlükəlisi qrip adlandırılan influenza virusudur. Lakin bu virusun qarşısını almaq üçün əlimizdə peyvəndlər var. Peyvəndlənmə statistikasına baxdıqda, Avropa ölkələrində əhalinin peyvəndlənməsi 50 faizə, İngiltərədə bu rəqəm 40-50 faizə, ABŞ ştatlarında isə 60-70 faizə bərabərdir.
Koronavirus pandemiyasının hələ də dünyada davam etdiyi dövrdə respirator infeksiyalar əlavə olunarsa, bu, o xəstəliyin gedişatının ikiqat ağırlaşmasına səbəb ola bilər. Odur ki, hər kəs peyvənd vurdurmalıdır”, - infeksionist bildirib.
Həkim peyvəndlərin tərkibində civə və alüminium kimi ağır metalların olması barədə yayılan əsassız məlumatlara da aydınlıq gətirib:
“Qrip peyvəndinin tərkibində nə civə, nə də ki, alüminium yoxdur. Əgər olarsa, bu, peyvəndin sterilliyini təmin etmək üçündür və çox cüzi miqdardadır. Digər qidalardan qəbul etdiyimiz alüminium və civənin miqdarı peyvənddə olan miqdardan qat-qat yüksəkdir”.