Prokurorluq işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan Prokurorluğunun yaranması və inkişaf tarixi, prokurorluq orqanlarının formalaşma mərhələləri, hüquqi statusu və dövlət hüquq sistemində yeri mövzusunda 25 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Baş prokurorun müavini Heydər Məmmədovun rəhbərliyi ilə videokonfrans keçirilib.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Peşə bayramı ərəfəsində həyata keçirilən tədbirlərin davamı olan bu konfransda Baş Prokurorluğun, Azərbaycan Respublikasının Hərbi, Naxçıvan Muxtar Respublikasının, Naxçıvan Muxtar Respublikasının Hərbi, tabe rayon (şəhər) prokurorluqlarının 60 əməkdaşı iştirak etmişdir.
Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Baş prokurorun müavini Heydər Məmmədov konfrans iştirakçılarını qarşıdan gələn prokurorluq işçilərinin peşə bayramı münasibətilə təbrik edərək, ölkə başçısı cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq hazırda ölkəmizdə həyata keçirilən yeni dövrün çağırışlarından irəli gələn tam və hərtərəfli islahatlar, dövlət idarəçiliyinin bütün sferalarında mütərəqqi kompleks tədbirlər barədə məlumat vermiş, bu islahatların əsas istiqamətlərindən olan məhkəmə-hüquq sisteminin keyfiyyətcə yenilənməsi prosesinin Azərbaycan Prokurorluğunu da əhatə etməsini və yenilənmə prosesində əldə edilmiş nəticələri konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Daha sonra videokonfransda Baş Prokurorluğun idarə rəisləri Natiq Hüseynov, Fazil Həsənəliyev, Ceyhun Kazımov, Aynur Osmanova, Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə, Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov, Bakı şəhəri Xətai rayon prokuroru Sərdar İmanov, Hərbi Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi Səməd Əliyev, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi Faiq Səfərov və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Talıb Cəfərov prokurorluğun yaranması və inkişaf tarixi, prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar, o cümlədən məqsəd və hədəflər barədə müvafiq mövzularla ətraflı çıxışlar etmişlər.
Çıxışlardan sonra videokonfrans iştirakçıları arasında faydalı fikir mübadiləsi və müzakirələr aparılmışdır.
Sonda Baş prokurorun müavini tərəfindən seminara yekun vurulmuşdur.