Uşaqların icbari dispanserizasiyası üçün kampaniyaya start verildi
"Uşaqların icbari dispanserizasiyası məsələsi çox önəmli proses olsa da, buna istənilən səviyyədə yanaşılmır".
Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, uşaq ölümü və s, problemlər olanda məsələ diqqət mərkəzində olur, lakin uşaqların dispanserizasiyası məsələsinə bəzən istənilən səviyyədə yanalışmır. Bunu nəzərə alaraq bu gündən informasiya kampaniyasına başlayırıq. Bu kampaniya uşaqların sağlamlığına xidmət edir".
Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev bildirib ki, cəmiyyətdə ən çox haqqı pozulan təbəqə uşaqlardır: "Çünki onlar dünyaya gəlir, lakin analar süd verməkdən imtina edirlər. Bu baxımdan “Uşaqların icbari dispanserizasiyası haqqında”qanun layihəsi yüksək dəyərləndirilir. Qonşu ölkələr arasında bu qanunu qəbul edən yeganə ölkəyik. Bu qanun əhalinin 1/3-ni əhatə edir. Qanuna əsasən, 0-3 yaş arasında olan uşaqlar ildə üç dəfə, 3 yaşdan yuxarı olanlar ildə bir dəfədən az olmayaraq müayinə edilməlidir. Qanunun vacib məqamlarından biri müayinədən imtina edən valideynlərin bununla bağlı yazılı izahat yazması tələbidir. Bu qanun kampaniya xarakterli deyil. Bu qanun ana və uşaq ölümləri ilə bağlı aparılan işlərin ən vacib komponenti kimi də qəbul edilə bilər. Qanun uşaqların sağlamlığının yaxşılaşdırılmasında önəmli rol oynayacaq. Bu il ərzində 2 milyona yaxın uşaq icbari dispanserizasiyaya cəlb edilib. Ilin sonuna kimi bunun bütün uşaqları əhatə edəcəyinə inanınırıq”.
N.Quliyev onu da vurğulayıb ki, bu il ərzində aparılan icbari dispanserizasiya zamanı uşaqlar arasında daha çox tənəffüs yolu xəstəlikləri, ikinci yerdə yeni doğulan dövrdə müşahidə olunan xəstəliklər, daha sonra həzm sistemi, virus və yoluxucu xəstəliklər durur. İcbari dispanserizasiya haqqında qanuna əsasən, mütəşəkkil qrupa aid olan uşaqlar, cəzaçəkmə, internat müəssisələrində olanlar, rayon yerlərində yaşayan uşaqlar poliklinikalarda müayinə edilir. Kəndlərdəki uşaqlar yaradılmış briqada tərəfindən yoxlanılır”.
Baş Səhiyyə İdarəsini müavini Rauf Nağıyev bildirib ki, icbari müayinələrin nəticələri ümidvericidir: "Ötən ildən başlayan tədbirlər bu il daha intensiv qaydada təşkil edilir.
Bakı şəhəri üzrə 682 mindən çox uşaq var, onların 249 mini məktəbəqədər yaşdadır. Bu müayinələr məktəblərdə də təşkil edilib. Aparılan müayinələr zamanı 67 min uşaqda müəyyən xəstəliklər qeydə alınıb, onların müəyyən qismi müalicəsi başa çatıb. Müayinələr iki mərhələdə aparılır, ilkin mərhələ həkim baxışıdır. Uşaqlar arasında icbari müayinənin aparılması birbaşa valideyn məsuliyyətindən ibarətdir. Uşaq evləri, internat müəssisələrində olan uşaqlar da bu müayinələrə cəlb edilir. İlin sonunda müayinədə iştirak edənlər, müalicəsi başa çatanlar barədə məlumat veriləcək”.