26 Sentyabr 2020 23:13
1 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Türkiyənin ictimai-siyasi xadimi, hüquqşünas, publisist Əhməd bəy Ağaoğlu həyat və fəaliyyəti ilə bağlı bir neçə xatirə əsər yazıb.

1936-cı ildə Əhməd bəy “Kültür Haftası” adlı jurnalın üçüncü sayından etibarən “67 il sonra” başlıqlı xatirələrini qələmə alıb. Jurnalda bu xatirələr tam şəkildə olmasa da, onun vəfatından sonra oğlu Səməd bəy “Babamdan Hatıralar” (1940, “Ağaoğlu külliyyatı” seriyasından ikinci kitab) adlı kitabında yazılan qismlərin tamamını çap edib. Amma bu kitabda da xatirələr tam deyil. Səməd bəy kitaba yazdığı qeyddə bildirib: “Atamın əllə yazdığı xatirələri bura qədərdir. Bundan sonra davam etmədi. Ölümündən iki ay əvvəl mənə bu sətirləri oxuduqdan sonra “artıq buraxacağam, xatirələrin içində boğulmaq məni sonsuz dərəcədə üzür, məndən sonra sizlər dəftərimdən təqib edərək yazarsınız”.

Yarımçıq da olsa, Əhməd bəyin bu xatirələri onun həyat hekayəsinin öyrənilməsi baxımından əvəzsiz mənbədir. Xatiratda onun Şuşa, Tiflis, Peterburq və Fransa həyatı barədə detallı bilgilər əks olunub.

Ağaoğlunun digər önəmli xatirə əsəri Malta adasında iki il sürgün həyatı yaşaması ilə bağlıdır. Adada tutduğu gündəlik və qeyd dəftərləri hazırda bu sətirlərin müəllifinin şəxsi arxivindədir. Ağaoğlu Malta xatirələrini sahibi olduğu “Axın” qəzetində (29.05-19.08.1933) “Gündəlik xatirə dəftərimdən” başlığı ilə hissə-hissə dərc edib. Qızı Tezer Ağaoğlu sonralar “Hayat” məcmuəsində (02.02-02.03.1978 tarixli 6-7-8-9-10-cu saylarda) “Nə idik, nə olduq” başlığı ilə qısa şəkildə çap edib. Bu xatirələr 2010-cu ildə Türkiyədə “Mütareke ve Sürgün Hatıraları” (Hazırlayanlar: Ertan Eğribel-Ufuk Özcan) adı ilə çap olunub.

Ağaoğlunun növbəti xatirəsi “Serbest Fırka Hatıraları” adlanır və 1949-cu ildə vəfatından sonra kitab olaraq nəşr edilib. Xatirələr müxtəlif dövrlərdə daha geniş şəkildə çap olunub.

Ağaoğlunun xatirələrini professor Vilayət Quliyev müxtəlif illərdə Azərbaycan türkcəsinə uyğunlaşdıraraq nəşr edib.
Bu xatirələrlə yanaşı Əhməd bəy müxtəlif vaxtlarda yazdığı bioqrafiyalarında və xatirə xarakterli yazılarında həyatı barədə qiymətli bilgilər verib. “Tərcümeyi-hali-acizanəm” adlı yazısında (Əlyazmalar İnstitutu, f.21, saxlama vahidi 403) Fransa və Bakı həyatı ilə bağlı mühüm bilgilər verib.

Vəfatından sonra Türkiyənin “Cumhuriyet” qəzetinin 22 may 1939-cu il tarixli sayında Ağaoğlunun özünün yazdığı tərcümeyi-halı dərc olunub. Ağaoğlu həyatı barədə bu tərcümeyi-halını “Məşhur adamlar” ensiklopediyası üçün hazırlayıb, vəfatı münasibətilə qəzet də öz səhifələrində çap edib.

Ağaoğlunun “Cumhuriyet” qəzetindəki bir sıra məqalələrində xatirə xarakterli bir neçə yazısı mövcuddur. Ziya Gökalp, Yusuf Akçura, Muallim Cevdet ilə bağlı yazılarında öz həyatı ilə bağlı da maraqlı məlumatlar verib. “Cumhuriyet”də dərc olunan “Fransada bir əsrə yaxın rol oynayan böyük qadın” adlı məqaləsində isə onun Fransadakı tələbəlik illəri haqqında maraqlı məlumatlar öyrənirik.

Dövrün məşhur fransız qadını Cülyetta Adam (1836-1936) “Le Nouvelle Revue” məcmuəsinin naşiri, dövrün alimləri və ictimaiyyət arasında sayılıb-seçilən şəxs idi. Əhməd bəyi bu xanıma müəllimi Ernst Renan tövsiyə etmişdi. Renan 1891-ci il fevralın 2-də Əhməd bəyi “La Nouvelle Revue” jurnalının sahibi xanım Cülyetta Adama təqdim edərək yazırdı:

“Sevgili madam! Bizim bölümdə dərs alan və mənə cənab Jeyms Darmstater tərəfindən tövsiyə olunan çox dəyərli iranlı gənci – Əhməd bəy Ağayevi Sizə təqdim edir, onun “La Nouvelle Revue” ilə əməkdaşlığa cəlb olunmasını məqsədəuyğun sayıram. Cənab Ağayev məcmuənizə öz ölkəsi haqqında çox dəyərli araşdırmalar təqdim edə bilər. Fransızcası çox yaxşıdır. Cənab Darmstater onun yazı üslubunun mükəmməl hala gəlməsi üçün kiçik redaktə işinin aparılmasını yetərli sayır. Sevgili madam, fürsətdən istifadə edib bir daha Sizə ən xoş arzularımı çatdırıram”.

Məktubdan sonra Madam Adam Ağaoğlunu yüksək səviyyədə qarşılayıb və onun məqalələrini jurnalında dərc edib.
Ağaoğlu 1936-cı ildə Cülyetta Adamın vəfat xəbərini oxuduğu zaman o illəri xatırlamış və “Cumhuriyet” qəzetində xatirələrini yazmışdı.

Böyük mütəfəkkir Ə.Ağaoğlunun tələbəlik illəri ilə bağlı olan bu məqaləsini dilimizə uyğunlaşdıraraq təqdim edirik:
*
Fransada bir əsrə yaxın rol oynayan böyük qadın

Narahatlığım səbəbindən Böyükadaya çəkilib müalicə aldığım üçün bir müddətdir qəzet oxumuram. Fəqət dünən dostlarımdan biri mənə Madam J.P.Adamın vəfat etdiyini söylədi. Bu xəbər məni dərindən mütəəssir etdi və xəyal məni 50 il əvvəlki zamana apardı. O zaman Parisdə tələbə idim və bu böyük fransız qadınını tanımaq şərəfinə nail oldum. Həyatıma təsir edən bu hadisəni qeyd etməkdən və minnətdar bir Türk mühərririnin mərhumənin ismi ətrafında mühafizə etmiş olduğu şükran hisslərini bir Türk qəzetində bəyan etməyi özümə borc bildim.

Fransızlar qadın mövzusunda daim mühafizəkar olublar. Onlar qadını ocağın nuru hesab edərlər və evdən kənar həyatını istəməzlər. Buna görədir ki, bu mövzuda, demək olar ki, bütün Avropa millətlərindən geri qalıblar. Mən Parisdə təhsil alarkən fransız qızlarını heç bir ali məktəbə buraxmazdılar və hətta əcnəbi qızlarını belə yüksək şəkildə qəbul edərdilər. Yalnız son zamanlardadır ki, bu qapılar fransız qadınları üçün də açılıb. Bununla birlikdə o yenə də siyasi hüququnun ən mühümlərindən məhrumdur. Məsələn, seçmək və seçilmək haqqına malik deyildir. Bu xüsusa dair qanun layihəsi Milli Məclisdən keçsə də, Senatdan keçmədi. Yalnız bugünkü sosialist hökumətdir ki, tərkibinə iki qadın müşavir qəbul etdi, fəqət bu da bir çox dedi-qodulara səbəb oldu.

Bütün bunlara rəğmən heç bir dövrdə Paris şəhəri bir və ya bir neçə böyük qadın simadan məhrum qalmayıb.

Mənim təqribən yarım əsr əvvəl (1887-1894) Parisdə tələbə olduğum zaman iki böyük qadın sima, demək olar, hər gün özlərindən bəhs etdirməkdə idilər. Onlardan biri bu günlərdə vəfat edən mərhum Madam Adam, ikincisi də Jül Mişel (Jule Michel) idi. Bu iki şəxsiyyət bir-birinə orijinallıqları, səciyyələri, ehtiraslarının qüvvəti ilə çox bənzədikləri halda bir-birinin tamamilə ziddi olan iki yol təqib edərdilər. Jül Mişel sosialist idi, Paris fəhlə sinfinin kraliçası idi, mansardlarda yaşayardı, mitinqlərini tər, tütün və pivə buxarı ilə dolmuş fəhlə qəhvəxanalarında verirdi və hökuməti az məşğul etməzdi. Onunla məni mərhum Əhməd Rza (Osmanlı siyasətçisi, İttihad və Tərəqqinin qurucularından – D.Ə) bəy tanış etdi. Nə qəribədir, mərhumu Fransada bu sosialist qadınlarla nasionalist Klemanso himayə edirdi.

Madam Pol Adam yüksək burjua sinfinə mənsubdu, Parisin möhtəşəm yerlərində yaşayardı. O zamankı Paris nasionalistlərinin möhtəşəm bir kraliçası idi. Ona təqdim edilməyim sırf bir tale əsəriydi.

Məşhur E.Renan “İslam və elm” adlı risaləsini nəşr etmişdi. Bir gün College de France müəllimlərindən, “Zənd Avesta”nı fransızcaya tərcümə edən Darmstater məndən bu risaləni oxuyub-oxumadığımı və oxumuşamsa necə bir təəssürat yaratdığını soruşdu. Təbii, ustadın əsərini mədh etdim, fəqət içərisində bəzi ilişilə biləcək yerlər olduğunu zikr eylədim. “Nə kimi yerlər?” deyə soruşdu. Cavab verdim. Sonra məndən bu cavablarımı toplayıb yazılı bir şəkildə özünə təqdim etməyimi arzu etdi.

Deyə bilərəm ki, ilk qələmə aldığım yazı buydu.

Təqribən bir həftə sonra College de Francenin müdərrisi və müdiri olan Renan məni yanına çağırtdı. Bu böyük adamın ismi o vaxt bir zamanə peyğəmbərinin ismi qədər yüksək və müqəddəs hesab edilirdi. Yanına titrəyərək girdim. Adi taxtalardan düzəlmiş və uzun otaq boyunca davam edən üstü açıq, fəqət min bir qarmaqarışıq kağızlar, kitablar və risalələrlə dolu masanın bir tərəfində həsir bir sandalyənin üzərində oturmuş ustadın cismi-vücudunu və ulduz kimi parıldayan gözlərini gördüm. Mənə lütf edib əlini uzatdı və digər həsir sandalyəni göstərdi. Oturdum. Birdənbirə ustadın əlini yan cibinə ataraq mənim professor Darmstaterə verdiyim kağız rulonunu çıxardığını gördüm, bütün qanım beynimə sıçradı və hər tərəfimdən tər axmağa başladı. Kağız rulonu ilə bərabər ustad bir məktub da hazırlamışdı. Mənə dedi ki:

“Yazınızı oxudum, çox bəyəndim. Məktubu Madam Adama götürərsiniz, o nəşr etdiyi “Nouvelle Revue” məcmuəsində yazınızı nəşr edər”.

Yerin dibinə girsəydim, daha yaxşıydı. Böyük və hər kəsin, mənim də müqəddəs bildiyim ustadı tənqid! Və mənim kimi hələ özünü belə bilməyən bir uşaq tərəfindən! Bu nə utanmazlıq!

“Ustad” dedim, mənim kimi bir uşağın sizə qarşı yazı yazmasını necə rəva görürsünüz? Mən kiməm ki belə cəsarət göstərim? Bunlar Darmstaterin arzusu üzərinə yazılmış bəzi kəkələmələrdir”.

Ustad güldü və üzümü oxşayaraq:
“Yox, yox, bu sözlərə lüzum yoxdur. Siz münəvvər Şərq uşaqları bilməlisiniz ki, biz avropalılar nə qədər sizi tədqiq edərsək edək, yenə əskik və həll edə, anlaya bilmədiyimiz bir çox cəhətlər qalır. Bizim xətalarımızı düzəltmək, bilmədiklərimizi bizə öyrətmək sizin borcunuzdur. Bu borcu ödəməlisiniz! Haydı, indi Dezitalyene bulvarına doğru!” dedi və ayağa qalxdı.

Təbii itaət etdim...

Bu nə böyüklük, bu nə təvazö? Ruhun necə bir əzəməti və həşəmətiydi?
Məktubun açıq olmasına rəğmən oxumadım.

“Nouvelle Revue” məcmuəsinin bulvardakı bürosuna gəldim. Gözləmə otağına girdim. Başdanbaşa dolu idi, bir çox müsyo sıra gözləyirdi. Köməkçi məktubumu içəri apardı, tez çölə çıxaraq məni çağırdı. Bütün gözləyənlər heyrətlə məni seyr etdilər. İçəri girdim, özümü 50-55 yaşlarında, fəqət gözəlliyinin bütün əsərini mühafizə etmiş hündürboy, iri gözlü, dərin baxışlı, ilk kərə təsadüf etdiyim monden bir madamın qarşısında gördüm. İki əli də dirsəyinə qədər əlcəkli idi. Əlbisəsinin ətəkləri arxasında yerdə sürünürdü. Bu əzəmətli varlıq cəld mənə doğru gəldi və əlimi sıxaraq:

“Gənc adam! Ustadın iltifatına layiq olduğun üçün sizi təbrik edirəm” dedi və məndən qaralamanı istədi. Verdim. Ora-burasına baxdı və əlini çiynimə qoyaraq:

“Gələcək həftə nümunələri götürüb təshih etmək üçün yenə buraya gələrsiniz. Və ümid edirəm ki, artıq bundan sonra bizə Şərq haqqında yazı yazarsınız”.

Ömrümdə üç məsud günüm olmuşdur: Birisi o gündü, digəri ilk yazım çıxdığı gün, üçüncüsü də Dumlupınar zəfəri günüdür! (Türkiyədə 30 avqust 1922-ci ildə Dumlupınar yaxınlığındakı Meydan savaşında yunan qoşunları üzərində qələbə günü. Türkiyədə Zəfər bayramı kimi qeyd olunur – D.Ə)

O gün həqiqətən yerdəmi, göydəmi idim, mən də bilmirdim. Parisdə o zaman iki ən böyük məcmuə çıxardı: “Revue des deux Mondes” və Madam Adamın “Nouvelle Revue”si. Bunlara yazı qəbul etdirmək, nəşr etdirmək deyil, mənim kimi bir heç üçün, çox tanınmış mühərrirlər üçün də problem idi. Yazım çıxdığı gün isə mənə elə gəlirdi ki, Parisin bütün küçələri məni seyr edir və hər kəs mənə qibtə edirdi. Ah gəncliyin bu təmiz imanlı, xülya kimi günləri.

Madam Adamla bu surətlə başlayan əlaqəmiz ta dönüşümə qədər davam etdi və məcmuəsində Societes Orientales (Şərq heyəti ictimaiyyəsi) adı altında və hər ay bir məqalə nəşr edərək qarşılığında 160 frank alırdım ki, dolanışığım üçün də böyük miqdardı. Yenə Madam Adamın salonunda zamanın ən böyük və namidar mühərrirlərini, artistlərini və siyasilərini gördüm, bu salonda verilən gecələr məşhurdu və oraya girə bilmək də problem idi.

Madam Adam Qambettanın (Fransa dövlət xadimi – D.Ə) dostu idi və Klemanso kimi o da Qambetta və bəzi digər nasionalistlərlə birlikdə 1871 sülhünə qarşı etiraz etdilər və onu tanımayacaqlarını elan etdilər. Madam Adam məqsədinə nail oluncaya qədər intiqam fikrini və Elzas-Lotaringiyanın geri alınmasını özü üçün bir əməl hesab etmişdir. Onun və salonunun yüksək Paris məhfillərində nüfuzları çoxdu. Rus-Fransız ittifaqının ən qızğın tərəfdarı idi və məlumdur ki, o zaman Parisdə Rusiya səfiri olan Baron Mohvenheimin əslən alman olması bu ittifaqa əngəl olurdu. Onu yerindən tərpədərək başqa daha uyğun birinin təyinini təmin edən amillərdən biri də bu böyük qadındı. Yanılmıramsa, bu xüsusda Rusiya imperatoruna açıq bir məktub da yazdı!

Mərhumu 1917-ci ilə qədər təqib edə bildim. Dünya müharibəsi onu məqsədinə çatdırmış, Elzas-Lotaringiya geri alınmışdı. Artıq o, malik olduğu qəsrinə çəkilə bilərdi.

Sonradan Fransa Baş naziri olan Albert Sarrautdan bizdə səfir olduğu zaman bir münasibətlə Madam Adamı soruşdum. Güldü:
- Demək tanıyırsınız, dedi
- Bəli.
- İkiniz də əvvəlki əsrdənsiniz!
- Bəli.
- Fəqət o, hələ qəsrində gecələr, səhnələr tərtib edər, özü də rol alar və oynayar, dedi.
Bəli! Tam yüz il yaşadı, bu yüz ilin yüzünü də Fransaya həsr etdi. Bütün Fransa təbii olaraq ona rəhmət diləməkdədir.
Tanrım əmsalını bizdə də çox etsin.

“Cumhuriyet” qəzeti, 8 Sentyabr, 1936
4426-cı say


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər