28 Sentyabr 2020 19:01
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə xalqa müraciət edib.

Teleqraf.com-un xəbərinə görə, müraciətdə deyilir:

"Azərbaycan xalqına müraciət edərək son günlər doğma torpaqlarımızın erməni işğalından azad olunması uğrunda haqq mücadiləmizdə qazandığımız zəfərlərə Uca Allahdan rəvac diləyir, Vətən uğrunda Uca Yaradanın nəzərində ən uca mərtəbə olan şəhidlik zirvəsinə yüksələn qəhrəman övladlarımıza Allah-Təaladan rəhmət diləyirəm.

Xalqımız öz ərazi bütövlüyü uğrunda Vətən müharibəsinə qalxmışdır. Vətən müharibəsi hər zaman ədalətli savaşdır. Biz hər zaman sülhsevər və sülhpərvər xalq olmuşuq, heç vaxt özgə torpağına göz dikməmişik. Öz milli-mənəvi dəyərlərimiz qədər ümumbəşəri irsə diqqət, qayğı və ehtiramla yanaşmışıq. Lakin bu danılmaz gerçəklikdir ki, erməni ekstremistlərinin əzəli torpaqlarımıza qarşı ərazi iddiaları, işğalçılıq, xalqımıza qarşı soyqırım, terror, etnik təmizləmə, dini-mədəni abidələrimizə qarşı məqsədyönlü məhvetmə siyasəti ilə üz-üzəyik. Bu davamlı təcavüz Azərbaycan xalqının səbrini tükəndirmişdir. 30 ildən artıq müddət davam edən işğal və mənəvi təcavüz sona yetməlidir. Ədalət zəfər çalmalı, haqq öz yerini tutmalıdır!

Bu gün işğalçı Ermənistanın davamlı təxribatına cavab olaraq Azərbaycan hərb meydanındadır. Bu meydan ədalətin yerini almasına xidmət edir. İllərlə Azərbaycanın haqq səsini, bəşərin sülh çağırışlarını qulaqardına vuran, beynəlxalq aləmin səylərini heçə endirən, mənəvi məkanlarımıza həqarət edən, dini ibadətgahlarımızı yerlə yeksan edən, ata-babalarımızın yurdunu viran qoyan, qəbirstanlıqlarımızı dağıdan, izimizi itirməyə, tariximizi saxtalaşdırmağa cəhd edən, ümumbəşər əhəmiyyətli abidələrə qarşı vandallıq aktları həyata keçirən mənfur işğalçı, nəhayət, hərb meydanında cavab verməlidir. Ermənilərin İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmələri riyakarlıqdır və heç bir çərçivəyə sığmır. Dövlət başçımızın söylədiyi kimi, erməni əsgərinin bizim torpağımızda nə işi var?

Azərbaycan beynəlxalq birlik, BMT tərəfindən tanınan ərazi bütövlüyünü müdafiə edir, öz torpaqları uğrunda vuruşur. Biz beynəlxalq hüquqa əsaslanan sivil cəmiyyət olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli sülh yolu ilə həllinə ümidvar olmuşuq. Bu münaqişənin dinc yolla nizamlanması məramı ilə fəaliyyət göstərən beynəlxalq təşkilatların çoxsaylı səfərləri, görüş və danışıqlarına ümidlə baxmışıq və bu səyləri dəyərləndiririk. Lakin Ermənistan tərəfi bu səylərin nəticəsiz qalması üçün əlindən gələni əsirgəmir. Dünya birliyi isə beynəlxalq hüququ heçə sayan, BMT qətnamələrini nümayişkəranə şəkildə yerinə yetirməyən, Xocalıda azərbaycanlılara qarşı soyqırım törədən, məscid, qəbirstanlıqlarımızı məhv edən, mənəvi dəyərlərimizə həqarət edən, beynəlxalq konvensiyalara məhəl qoymadan mülki əhalini, dinc insanları, yaşayış evlərini, qadın, uşaq və qocaları gülləbaran edən erməni ekstremizminə və terroruna qarşı heç bir cəzalandırma həyata keçirmir, sanksiyalar tətbiq etmir.

Qafqazın dini lideri, Şeyxülislam olaraq, həmçinin, Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə birgə bu illər ərzində erməni tərəfinin cinayətləri barədə beynəlxalq təşkilatlara, dünya parlamentlərinə, siyasi və dini liderlərə davamlı, müfəssəl müraciətlər etmişik. Qarşıdurma başlayan dövrdən etibarən Rus Pravoslav Kilsəsinin, Gürcü Pravoslav Kilsəsinin, Ümumdünya Kilsələr Şurası, Vatikan və müsəlman dini mərkəzlərinin vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həlli naminə dəfələrlə bir araya gəlmiş, erməni kilsəsi ilə danışıqlarda iştirak etmişəm. Bunun nəticəsində münaqişənin heç bir vəchlə dinlərarası qarşıdurma müstəvisinə keçməsinə yol verməməyə nail olsaq da, təəssüflər olsun ki, erməni tərəfi imzaladığımız birgə bəyanatların ruhuna uyğun davamlı davranış nümayiş etdirmədi. Ermənistan hər zaman müxtəlif müstəvilərdə özünün işğalçı-ekstremist siyasətini ört-basdır edərək, münaqişəyə dini don geyindirməyə, onu xristian-müsəlman qarşıdurması kimi təqdim etməyə çalışmışdır. Birmənalı şəkildə bəyan edirəm: biz özgə torpaqlarına göz dikməmişik, Azərbaycan xalqının yeganə qayəsi Vətəni təcavüzdən xilas etmək və işğal olunmuş əzəli torpaqlarımızı erməni qəsbkarlardan azad etməkdir.

Qafqaz Müsəlmanları İdarəsi müqəddəs Vətən torpağımız uğrunda mücadiləmizdə şanlı ordumuzun qazandığı qələbələr münasibətilə Ali Baş Komandanımızı və bütün xalqımızı təbrik edir. Bu uğurlar haqq etdiyimiz Böyük Qələbənin müjdələridir. Bu gün düşmənə layiq olduğu cavabı verən qəhrəman Azərbaycan Ordusunu Uca Allah qorusun! Qəlbi ülvi Vətən məhəbbəti ilə döyünən əsgərlərimiz həmişə ürəyimizdədirlər. Biz, din xadimləri bütün ibadətlərimizdə xalqımızın haqq mübarizəsinin qələbəsi, ədalətin zəfər çalması üçün dualar edirik. Savaş meydanında da əsgərlərimizlə bərabər olmağa, onlara dəstək verməyə həmişə hazırıq. Vətən bizi çağırır. Zülm və haqsızlığa qarşı milli qürur və şücaətimiz, mənəvi birlik və həmrəyliyimiz hər zamankından daha artıq olmalıdır. Milli, dini mənsubiyyətindən, siyasi baxışından, dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq bütün azərbaycanlılar ümumi düşmənə qarşı bir səngərdə olmalı, yumruq kimi birləşməlidirlər. Dövlət başçımızın vurğuladığı kimi, “Biz birlikdə güclüyük”.

Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Ordusunun zəfəri münasibətilə xalqımıza müraciəti bütün Azərbaycan xalqı kimi, cəmiyyətin ayrılmaz parçası olan dindarların, din xadimlərimizin də qəlbinə fəxarət və sevinc bəxş etdi. Bu günlər istər Qarabağda, istərsə də Tovuz istiqamətində işğalçı Ermənistanın təxribat xarakterli həmlələrinə mərdanə sinə gərən yerli mülki əhalimizin mətinliyi, şücaəti xalqımızı ruhlandıran vətəndaşlıq nümunəsidir. Bütün xalqımız kimi, milyonlarla dindarın ümdə istəyi Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsidir. Ölkə dindarları, hər zaman olduğu kimi, bu gün də dövlət rəhbərimizin qətiyyətli addımlarını dəstəkləyirlər və Ali Baş Komandanımızın rəhbərliyi altında tarixi Qələbəmizin əldə olunması yolunda öz əməli töhfələrini verməyə hazırdırlar.

Bir daha Azərbaycan xalqına xitab edərək, Uca Allahın bizlərə əmanəti olan müqəddəs Vətən torpağının azad olunması, dini-mənəvi dəyərlərimizin xilası, ata-babalarımızın nigaran ruhları naminə haqq mücadiləmiz yolunda həyatını qurban vermiş şəhidlərimizə Uca Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Haqq uğrunda ədalətli mücadiləmizdə Uca Allah bizə yar olsun! Allah-Təala Azərbaycanımızı hifz etsin, Ali Baş Komandanımızı müzəffər, dövlətimizi, ordumuzu, xalqımızı qalib qərar versin, inşallah! Amin!"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər