Azərbaycan Prokurorluğunun yaradılmasının 102-ci ildönümü münasibətilə Baş Prokurorluğun Kollegiya üzvləri oktyabrın 1-də Fəxri xiyabanı ziyarət ediblər.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, kollegiya üzvləri mərhum prezident Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
Şəhidlər xiyabanına gələn Kollegiya üzvləri Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirmiş, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Daha sonra Baş Prokurorluqda milli prokurorluğun yaradılmasının ildönümünə həsr olunmuş mərasim keçirilib.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycan Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, milli maraqlarımıza xidmət edən bir təsisat kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti nəticəsində mümkün olub.
Ulu öndərin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısı sayəsində bu gün Azərbaycan Prokurorluğu insan hüquq və azadlıqlarının müdafiə edilməsində, cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayır.
Qeyd edilib ki, dövlətimizin qüdrətlənməsinə, sosial yönümlü siyasətin reallaşdırılmasına, bütövlükdə həyata keçirilən hərtərəfli islahatlara və görülən böyük işlərə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti misilsiz töhfələr verir.
Diqqətə çatdırılıb ki, 2020-ci il prokurorluq orqanları üçün əlamətdar olmaqla prokurorluğun tərəqqi dövrü kimi tarixin yaddaşına həkk olunub.
Prezident İlham Əliyev tərəfindən mayın 1-də Baş prokuror vəzifəsinə təyinatı ilə əlaqədar Kamran Əliyev videoformat qaydasında qəbul edilərkən məhkəmə-hüquq sisteminin keyfiyyətcə yenilənməsi prosesi çərçivəsində prokurorluq orqanlarında da islahatların həyata keçirilməsi zərurəti vurğulanmaqla prokurorluq orqanları qarşısında bir sıra mühüm vəzifələr qoyulub.
Həmin vəzifələrin və tövsiyələrin icrası ilə bağlı 12 may 2020-ci il tarixdə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarında işin təkmilləşdirilməsi və islahatların dərinləşdirilməsinə dair göstərişlərinin icrası üzrə 2020-ci il üçün Fəaliyyət Planı” təsdiq olunaraq icrası vacib olan işlərin əsas istiqamətləri müəyyənləşdirilib, çoxsaylı tədbirlər həyata keçirilib.
Belə ki, prokurorluq orqanlarının fəaliyyətində çevikliyin və səmərəliliyin artırılması, şəffaflığın təmin edilməsi, müasir dövrün tələblərinə cavab verən peşəkar kadr korpusunun formalaşdırılması məqsədilə dövlət başçısının 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Baş Prokurorluğunun yeni strukturu təsdiq edilib, daha mobil və dinamik idarəetməni təmin etmək məqsədilə idarə və şöbələrinin sayı 15-dən 18-ə çatdırılıb.
Qısa müddət ərzində struktur qurumlar və rayon (şəhər) prokurorluqları arasında işgüzar münasibətləri müasir tələblər səviyyəsində tənzimləmək, icra və intizam, kadrlarla iş, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkilini təmin etmək üçün milli qanunvericiliyin tələbləri və beynəlxalq təcrübə nəzərə alınmaqla Baş Prokurorluq üzrə “İşin Təşkili Qaydaları” təsdiq edilib.
Qeyd edilib ki, prokurorluq orqanlarının inkişaf istiqamətlərini və hədəflərini müəyyənləşdirən yenicə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” qurumun qarşısında duran vəzifələrin yerinə yetirilməsində uğurlu nəticələrin əldə olunmasına, fəaliyyətin təkmilləşdirilməsinə və səmərəliliyin artırılmasına şərait yaradacaq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş prokuror bildirib ki, riyakar və qeyri-konstruktiv siyasət aparan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə son günlər düşmənin silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc sakinlərimizə qarşı terror əməllərini davam etdirir, mülki infrastruktur obyektlərini - yaşayış evlərini, xəstəxanaları, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
Qeyd edilib ki, prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün imkanlarından istifadə edərək lazımı tədbirlərin görülməsi təmin ediləcək.
Mərasimdə inam ifadə olunub ki, prokurorluq orqanları xalqımızın Vətən müharibəsi üçün səfərbər olduğu belə bir həssas dönəmdə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, dövlət müstəqilliyimizin və milli maraqlarımızın, cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasında digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə bütün səylərini səfərbər edəcək.
Tədbirin yekununda Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.