Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən “Öyrənək və inkişaf edək- HR məktəbi” layihəsi çərçivəsində Quba şəhərində gənclərə təlim keçilib.
Birlikdən Teleqraf.com-a verilən məlumata görə, tədbirin açılışında hörmət əlaməti olaraq vətən uğrunda şəhid olmuş övladlarımızın ruhu 1 dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən birliyin sədri Nəsimi Həsənov gənclərə Azərbaycanın gənclər siyasəti, vətənpərvərlik və təşkilatın fəaliyyəti barədə qısa məlumat verərək təlim iştirakçılarına uğurlar arzulayıb. Layihənin təlimçisi Ceyhun Abbasov gənclərə insan resursları anlayışı, kadrlar işinin təşkili, kargüzarlıq xidməti və əmək qanunvericilik barədə nəzəri və praktik biliklər verərək insan resursları üzrə fəaliyyətin əsas istiqamətləri- müsahibə aparma bacarıqları, yeni işçi qəbulu-təlimatlar, tələblər və “Əmək Məcəlləsi”ni qubalı gənclərə qarşılıqlı fikir mübadiləsi və sual-cavab vasitəsilə izah edib. Gənclərin aktiv iştirakçılığı ilə keçən təlimdə onların gələcək əmək fəaliyyətlərində qarşıya çıxa biləcək bir sıra anlaşılmazlıqlar və suallarına aydınlıq gətirilib.
Tədbirdə Quba rayonu icra hakimiyyətinin böyük məsləhətçisi Rəxşəndə Bayramova və Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev çıxış edərək layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Təlimlərin sonunda iştirakçı gənclərə paylama materialları və sertifikatlar təqdim edilib.
BƏXTİYAR