Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvləri Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində cəbhə bölgəsindən Bərdə rayonunda müvəqqəti məskunlaşan soydaşlarımıza sovqat aparıb.
Teleqraf.com xəbər verir ki, Bərdə rayonu 8 saylı orta məktəbdə baş tutan görüşdə AQSİA sədri Səkinə Babayeva, üzvlər – Jalə Hacıyeva, Təranə Paşayeva, Sevda Nəcəfova, Ulduzə Xanlarova, Pərvanə İsgəndərova, İlhamə Şirinova, Rüxsarə Axundova, Cəmilə Abdullayeva, Pərvanə Mustafayeva iştirak ediblər.
AQSİA sədri Səkinə Babayeva soydaşlarımızın qarşısında çıxış edərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu tezliklə işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edəcək: “Hər kəsə məlumdur ki, Ermənistan 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır və beynəlxalq hüququn bütün tələblərini ayaqlar altına alır. Cənab Prezident İlham Əliyev dəfələrlə onlara xəbərdarlıq etsə də, lazımi nəticəni çıxarmadılar. Bu gün Azərbaycan öz doğma yurd-yuvalarının işğaldan azad olunması istiqamətində böyük əmzlə mübarizə aparır və üstünlük birmənalı olaraq bizim tərəfimizdədir. Heç şübhəsiz yaxın günlərdə Qarabağ tamamilə işğaldan azad olunacaq və biz Qələbə bayramını Şuşada qeyd edəcəyik”.
AQSİA sədri Türkiyənin Azərbaycana dəstəyinə toxunaraq bu böyük fədəkarlığa görə, qardaş dövlətə təşəkkür etdi.
Daha sonra AQSİA tərəfindən aparılan yardımlar təqdim edildi. Yorğan, döşək, yastıq, idman dəstləri, alt paltarları, uşaq mayka, kurtka, kalqotka, alt paltarları, dəsmal, şal, pampers, sabun, şampun, birdəfəlik qab dəstləri, ağcaqanad dərmanı və şirniyyatlar soydaşlarımıza paylanıldı.