3 May 2014 18:46
1 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni musiqisinin efirə verilməsi ictimaiyyətdə narazılıq doğurur

ANS ÇM radiosunda hər şənbə günü saat 19.00-20.00 arası efirə gedən "Qafqaz TOP-20 mahnısı" musiqili verilişində mütəmadi olaraq erməni müğənnilərin mahnıları səsləndirilir. Verilişin aparıcısı Aytən Səfərova, ideya müəllifi isə Vahid Mustafayevdir.

"Qafqaz TOP-20 mahnısı" adlı verilişdə erməni musiqilərinin də yer alacağını aparıcı sosial şəbəkədə bəyan eləmişdi. Beləliklə, verilişin 6,12, 19 və 26 aprel buraxılışlarında digər Qafqaz respublikalarına aid mahnılarla yanaşı, erməni musiqiləri də səsləndirilib.

Vahid Mustafayev və Aytən Səfərovanın birgə işi

Bu, ictimaiyyətdə ciddi narazılıq doğurub. Milli Televiziya və Radio Şurası (MTRŞ) "Qafqaz TOP-20" musiqili verilişi çərçivəsində səsləndirilməsi və təbliğ olunması ilə bağlı ANS ÇM radiosunun rəhbərliyinə iradını bildirib. Həmçinin radioda erməni mahnılarının efirə verilməsi və aparıcının bunu açıq şəkildə bəyan etməsi barədə arayış hazırlanaraq rəhbərliyə təqdim olunub.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli radioproqramın musiqi siyahısında erməni mahnısının yer almasını yolverilməz hesab edir: "Bu, insanların hissiyyatı ilə oynamaqdır. Bir tərəfdə cəbhə bölgəsində əsgərlərimiz üz-üzə dururlar, atışmalarda ölənlər var, digər tərəfdə Azərbaycan radiosu Azərbaycanın efir məkanında erməni musiqisi səsləndirir. Təəssüf ki, ANS ÇM radiosunun rəhbərliyi MTRŞ-in əməkdaşına verdiyi cavab çox təəssüfləndirici olub".

MTRŞ: "ANS-in qanundan xəbəri yoxdur"

Şura sədri ANS rəhbərliyinin qanunvericilikdən xəbərsiz olduğunu bildirib: "Onlar yalnız özlərinə lazım olanda qanunvericilikdən, vətənpərvərlikdən danışırlar. Azərbaycan və Ermənistan müharibə vəziyyətindədir, bu məsələlərdə diqqətli olmaq lazımdır. ANS ÇM rəhbərliyinin "Biz mədəniyyətə sərhəd qoymuruq" məntiqi düzgün deyil. O məntiqlə gərək Azərbaycanda erməni kinolarını göstərək, Ermənistanın malları da ölkəmizdə satılsın, rəssamlarının burada sərgisi keçirilsin. Bu məntiq Azərbaycandakı indiki dövrə uyğun deyil. Azərbaycan və Ermənistan arasında müharibə Azərbaycanın qələbəsi ilə başa çatandan sondan Ermənistanla bağlı nə qədər mahnıya qulaq asmaq istəsələr, qulaq asarlar.

Kim erməni musiqisinə qulaq asmaq istəyirsə, gedib evində qulaq assın. Ancaq Azərbaycanın efir məkanında düşmən ölkənin musiqisi və mədəniyyəti təbliğ olunmamalıdır. Elə məsələlər var ki, qanunla tənzimlənmir. Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir".

ANS: "Ermənilərə qulaq asmaq istəməyən soyuq su içsin"

ANS məsələyə münasibət bildirib. Teleşirkət rəhbərinin media üzrə müşaviri Mais Məmmədov MTRŞ-dən öz narazılığını məktub yazaraq əsaslandırmasını tələb edib: "Erməni mahnısı səsləndirəndə nə olur ki? Ona qalsa, İrəvanda da hər gün Azərbaycan mahnıları oxudurlar. Hələ mahnı bir tərəfə, millət Ermənistana gedib-gəlir, dünyadan xəbəriniz yoxdur. İstəməyən qulaq asmasın, soyuq su içsin".

"Qafqazın TOP-20 mahnısı" verilişinin aparıcısı Aytən Səfərova isə məsələnin həddindən artıq qabardıldığını deyib: "Axı biz neyləmişik? Vətənə xəyanət edirik? Əslində, ermənilər bütün dünyaya azərbaycanlıları vəhşi kimi təqdim edirlər. Biz verilişdə danışırıq ki, münaqişəni sülh yolu ilə həll edək. Mən də Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarıyam.

Müharibədə məğlub və qalib tərəfin hər ikisi itki verir. İllərdir yüksək səviyyədə danışıqlar gedir. Ermənilər deyirlər ki, azərbaycanlılar vəhşidir, onlar ermənilərə nifrət edirlər. Bəli, nifrəti olan insanları başa düşürəm, çünki yaxınlarını itiriblər. Özüm də eləyəm. Amma istəsək də, istəməsək də Ermənistan Qafqaz respublikasıdır. Biz onu kəsib ata bilmərik, çünki xəritədə var. De-fakto və de-yuri Ermənistan Qafqaz respublikasıdır.

Söhbət "Qafqazın TOP-20 mahnısı" verilişindən gedirsə, burada da biz qərəzli olmamışıq. Burada da obyektivliyimizi qoruyuruq, Ermənistanın da Qafqaz respublikası kimi mahnısını hit-parada daxil etmişik. Biz vəhşi deyilik, əksinə erməni vəhşiliyini görmüşük. Halbuki onlar bütün dünyaya bizi başqa müstəvidə çıxarırlar.

Biz tolerant insanlarıq, verilişi aparmağımda isə qəbahət heç nə yoxdur. Amma cəmiyyətdə elə insanlar var ki, düşünmədən məsələni şişirdirlər. Milli qəhrəman Çingiz Mustafayev adına radioda bu veriliş gedirsə, bunun məqsədi nədir? Heç kəs düşünmür. Bizim məqsədimiz azərbaycanlıların vəhşi olmadığını sübut etməkdir. Biz mədəniyyətdə sərhəd qoymuruq. Yada salmaq istərdim ki, vaxtilə ANS ÇM rəhbərliyi müharibədən keçmiş reportyorlardır".


"ANS özünə bəraət qazandırmasın"

ANS Şirkətlər qrupu bu məsələdə özünə haqq qazandırsa da, MTRŞ-lə yanaşı, bir sıra Qeyri-Hökumət Təşkilatları da media qurumuna etirazlarını bildiriblər.

İnsan hüquqları XXI əsr-Azərbaycan fondunun prezidenti Şahin Camalov bildirib ki, ANS-də erməni mahnılarının səsləndirilməsi və televiziya rəhbərinin müşaviri Mais Məmmədovun bu hərəkətə bəraətverici bəyanat verməsi vətəndaş cəmiyyəti olaraq onları narahat edir: "Bu, ən azı şəhidlərimizin ruhuna hörmətsizlikdir. Məkrli erməni siyasəti nəticəsində milli musiqimizdən mətbəximizə kimi, tarixi abidələrimizdən tutmuş mədəniyyətimizin bir çox sahələrinin erməniləşdirilməsi siyasətinin getdiyi bir dövrdə bu cür hərəkətlər əleyhimizə işləyir. Milli qəhrəmanımızın adını daşıyan, onun qanı bahasına ərsəyə gəlmiş ANS ÇM-in bu addımı atmasını heç cür başa düşmək olmur. Şirkət rəhbərliyi erməni müğənnilərinin təbliğatındansa, üstünlüyü Azərbaycanın dövlət siyasətinə uyğun olaraq erməni dilində verilişlər açmaqla milli maraqların təbliğinə versin".

"Bu, birbaşa ermənilərin təbliğatıdır"

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov da bu etiraza qoşularaq bəyanat verib: "İctimaiyyətin buna etirazına baxmayaraq, ANS rəhbərliyin belə həssas bir məsələyə çox etinasız münasibət bildirib. Layihə müəlliflərinin əsaslandırmasına görə, veriliş Qafqaz musiqiləri adını daşıdığına görə erməni musiqilərinin də burada yer alması təbiidir. Lakin hazırki şəraitdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi, Ermənistan rəhbərliyinin sülh danışıqlarına pozucu fəaliyyətləri, təmas xəttində mütəmadi atəşkəsi pozması və mülki vətəndaşlarımıza, eləcə də, Milli Ordumuzun əsgər və zabitlərinə qarşı təxribatlar həyata keçirməsini nəzərə alaraq, ANS ÇM-in bu addımı qəbulolunmazdır.

ANS müstəqil teleradio şirkəti kimi öz fəaliyyətində qanun çərçivəsində azaddır. Lakin qanun və milli heysiyyatımız hər bir azərbaycanlıdan və onun rəhbərlik etdiyi qurumdan dövlətçiliyimizə, xalqımıza sədaqətli olmağı, dosta dost, düşmənə düşmən münasibət göstərməyi tələb edir. Mədəniyyətin və musiqinin milliyyəti olmur, əlbəttə, bunlar ümumbəşəri dəyərlərdir.

Lakin bu cür hərbi-siyasi vəziyyətdə erməni musiqisinin Azərbaycan efirində səsləndirilməsi məqsədli olub-olmamasından asılı olmayaraq, birbaşa erməni təbliğatıdır. ANS rəhbərliyinin nümayəndələri öz açıqlamalarında bildirirlər ki, burada narahat olası bir iş yoxdur, İrəvanda da Azərbaycan mahnıları səsləndirilir. Dərin təəssüflə ANS rəsmilərinə xatırlatmaq istəyirik ki, azərbaycanlılar işğalçı deyil və Ermənistanda Azərbaycan mahnılarının səsləndirilməsi də onlar üçün problem sayılmır. Lakin ermənilər işğalçıdır və Azərbaycanda erməni mahnılarının səsləndirilməsi qəti şəkildə yolverilməz haldır. Bu fəaliyyətə davam etmək ANS rəhbərliyi tərəfindən çox kobud və böyük səhv olardı".

ANS-in "obyektivlik donu"

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov isə bildirib ki, ANS ÇM-də erməni musiqisinin səslənməsinin Ermənistana gedib-gəlməkdən heç bir fərqi yoxdur: "ANS ÇM radiosunda dəfələrlə sistemli və bilərəkdən erməni musiqisinin verilməsi və rəhbərlik tərəfindən buna obyektivlik donu geyindirilməsi cəhdi təəssüf doğurur. Qafqaz adı gələndə Ermənistanı xatırlayanlar və "obyektivlik naminə" onların musiqisini radioda səsləndirənlər, erməni mahnılarını efirdə səsləndirərkən, Şuşanı, Xocalını, Xocalıda qətlə yetirilən uşaqları, qocaları, qadınları da unutmamalıdırlar.

Təəssüf ki, gənc nəslə hər gün efirdən bunu xatırlatmaq əvəzinə, ANS ÇM "obyektivlik" donunda erməni musiqisini səsləndirir. Mədəniyyətə sərhədi biz yox, bizim tariximiz, torpaqlarımız, mədəniyyətimiz üzərində xarici havadarları hesabına monomillətli dövlət yaradan ermənilər qoyub. ANS ÇM-in belə musiqiləri radio efirində səsləndirməsi nəyə xidmət edir? Bu da "xalq diplomatiyasının" yeni bir forması deyilmi? Bunu edənlər nəyin təbliğatını aparır? Mais Məmmədovun məsələyə münasibəti Azərbaycan xalqına həqarətdir. MTRŞ bu məsələ ilə müvafiq ölçü götürməlidir".

Sevinc FƏDAİ


Müəllif: