30 ildir işğal faktı qarşısında susurlar, işğalçının təxribatlarına göz yumurlar, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun həll edilməsi istiqamətində bircə addım belə atmayıblar, indi belə bir münaqişənin olduğu yadlarına düşüb.
Azərbaycan Ordusunun işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində anti-terror əməliyyatlarına başlamasından sonra Avropada bəzi ölkələrin, xüsusilə Fransa və Almaniyanın sərgilədiyi mövqe absurd mənzərə ortaya çıxarır.
Özünü münaqişənin həllindən məsuliyyət daşıyan vasitəçi ölkə kimi yox, Ermənistanın sözçüsü kimi aparan Fransanın ardınca Almaniya da “Azərbaycanı atəşkəsi bərpa etməyə çağırmaqla” gülünc mövqe sərgilədi. Almaniya xarici işlər naziri Heiko Maas Azərbaycana çağırış edir ki, cəbhədə silahlar susmalıdır. Azərbaycan XİN bu çağırışa lazımi cavab verib.
Lakin sual yaranır: indiyə qədər susanlar niyə əl-ayağa düşüb? 30 ildən sonra Qafqazda belə bir münaqişənin olduğu Almaniyanın yadına indimi düşdü?
Prezident İlham Əliyev xalqa müraciətində indiyə qədər işğal faktına reaksiya verməyən, işğalçı ölkənin qanunsuz addımlarına susan, yalnız indi peyda olan belə ölkələrə tutarlı cavab verdi.
“Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya oldu?! Minsk qrupu bir açıqlama verdimi?! Vermədi! Avropa İttifaqı verdimi?! Vermədi! Dedi ki, bu, bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağa düşmüşünüz? İndi nə hoqqalardan çıxırsınız? Azərbaycana qarşı iftiralar irəli sürülür, bəzi ölkələr, Avropa ölkələri bizi ittiham edirlər”, - dövlət başçısı bildirib.
Fransa vəAlmaniyanın ədalətsiz mövqeyi “indi nə hoqqalardan çıxırlar” sualını aktuallaşdırır.
Almaniya 30 ildir Azərbaycan torpaqlarının işğal altında olduğunu bilir, amma 30 ildir işğal faktının aradan qaldırılması üçün minimum cəhd belə etmədiyi halda, hansı haqla Azərbaycanın beynəlxalq hüquqa əsasən ərazi bütövlüyünü bərpa etmək istiqamətində həyata keçirdiyi addımları tənqid edir, yaxud Azərbaycanı atəşkəsə əməl etməyə çağırır?
“Almaniya Dağlıq Qarabağ münaqişəsini diqqətdə saxlayır!”;
“Ümid edirik ki, münaqişə sülh yolu ilə həll olunacaq!”;
“Tərəfləri sülhə dəvət edirik!”;
30 ildə Berlindən eşitdiyimiz yalnız neytrallığa əsaslanan bu söz yığınından başqa bir şey olubmu?!
Yaxud Minsk qrupunun digər 8 ölkəsi arasında yer alan Almaniya BMT Təhlükəsizlik Şurasının erməni hərbi birləşmələrin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxarılması ilə bağlı qətnamələrindən xəbərsizdirmi?!
- Avropa İttifaqı Şurasının 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı siyasəti ilə bağlı yekun qərarında ərazi bütövlüyü prinsipi prioritet məsələ olaraq qeyd olunur və Şərq Tərəfdaşlığı proqramında iştirak edən Azərbayanın ərazi bütövlüyü tanınır;
- 2017-ci ildə qəbul olunan Şərq Tərəfdaşlığı Brüssel Zirvə bəyannaməsində tərəfdaş ölkələrin hər birinin suverenliyinin, ərazi bütövlüyünün təmin edilməsi və sərhədlərinin toxunulmazlığı yer alır;
- 2018-ci ildə Aİ ilə Azərbaycan arasında ikitərəfli “Tərəfdaşlıq Prioritetləri” sənədində də münasibətlərin suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı dəstəklənməsi əsasında inkişaf edəcəyi qeyd olunur;
Özünü Avropa İttifaqının aparıcı ölkəsi sayan Almaniyanın bütün bunlardan xəbəri yoxdurmu?!
Azərbaycan Minsk qrupunun üzv dövləti olan Almaniyaya münaqişənin beynəlxalq hüquqa uyğun həlli üçün dəfələrlə müraciət edib, Berlindən gələn cavab isə yalnız “atəşkəsi bərpa edin”, “münaqişə sülh yolu ilə həll olunmalıdır” kimi söz yığınından başqa bir şey olmayıb. Amma Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün hərəkətə keçəndə Almaniya “atəşkəs çağırışı” edir.
Bu, nə beynəlxalq hüquqa, nə BMT qətnamələrinə, nə Avropa İttifaqının qəbul etdiyi sənədlərə, nə də Almaniyanın iddia etdiyi “böyük dövlət” profilinə uyğundur.
Hərçənd, “Brexit”dən sonra Almaniyanın üzərinə götürdüyü “xilaskarlıq” missiyasını bacarmadığı, kansler Angela Merkelin Avropa İttifaqını uçuruma apardığı haqda irəli sürülən fikirlər və mövcud faktlar fonunda bu ölkənin iddia etdiyi “böyüklüyə” adekvat olmadığı aydın görünür.
İngilislər getdi, almanlar Avropanı dağıdır. Merkelin bacarıqsız siyasəti Avropada bu fikri gücləndirir və siyasi opponentlərindən tutmuş iqtisadi dəstək ala bilməyən üzv ölkələr qədər bütün Avropa coğrafiyasında Almaniya kansleri bu ittihamla üzləşir. Haqsız da deyillər...
Avrozonada ciddi böhan yarandı, miqrant böhranı həll edilmədi, üzv ölkələrin gözlədiyi iqtisadi dəstək yerinə yetirilmir. Merkel isə kağız üzərində qalan konsepsiyalar hazırlamaqdan başqa bir iş görmür. Beynəlxalq ekspertlər də qeyd edir ki, Merkel Avropada getdikcə böyüyən parçalanma qarşısında hərəkətsiz qalıb.
İyulun 1-də Aİ Şurasına altı aylıq sədrliyə başlayan Almaniya böhrandan çıxmaq üçün “yeni konsepsiyalar” irəli sürür, lakin artıq üzv ölkələrin ümidləri tükənib.
Avropa İttifaqını xilas edə bilməyən Merkel niyə işğalçı Ermənistanın xilası üçün çalışır?
Bu sualın cavabları arasında Almaniyanın özünü “böyük dövlət” kimi göstərməsindən tutmuş, Merkelin müstəqil olmayan, müəyyən dairələrin maraqlarına uzlaşdırılmış siyasətinə qədər bir çox nəsnələr yer alır.
Amma Almaniya bir dövlət kimi bu sual haqqında düşünməli, işğalçı ilə işğala məruz qalan arasında ədalətli seçim etməyin vaxtının gəldiyini anlamalı, Azərbaycanın Almaniyanın da imza atdığı beynəlxalq sənədlərə və qanunlara uyğun ərazi bütövlüyünü bərpa etmək istiqamətində haqlı addımlarını dəstəkləməlidir. Bunun əksi Almaniyanın, elə Avropa İttifaqının da maraqlarına ziddir...