3 May 2014 11:51
3 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə olduğu qədər elə Azərbaycanda da çox tanınan bəstəkar-müğənni Əhməd Şəfəq “Gündəlik Teleqraf” qəzetinin redaksiyasında olub.

“Brifinq” layihəsi çərçivəsində redaksiyamıza təşrif buyuran müğənni həyatı, eləcə də siyasi baxışları barədə fikirlərini bölüşüb. Ölkəmizə tez-tez səfər edən müğənni Bakıda biznesinin olub-olmamasına da aydınlıq gətirib.

- Dilqəm Əhməd: Əhməd bəy, 3 may türkçülük günü ilə bağlı Bakıdasınız, bu bayramın necə keçəcəyini gözləyirsiniz?
- Bakıya mayın 1-də gecə saatlarından gəlmişəm. Bu tədbir tarixi bayramdır. Bizim üçün də çox önəmlidir. Azərbaycan-Türkiyə Evi (ATEV) və onun sədri sevgili Tənzilə Rüstəmxanlı öz çiyninə vacib missiya götürüb. Kosmopolitizm bu gün dünyaya, xüsusilə az inkişaf etmiş ölkələrin gənc ziyalılarına təfəkkür kimi təqdim edilir. Bundan son dərəcə narazıyam. Mən kosmopolit deyiləm, millətçiyəm. Bir millətin öz varlığını, ənənələrini gələcək nəsillərə ötürməsi üçün bu tədbirlərin keçirilməsini, onun yaşamasını su və dərman kimi vacib sayıram. ATEV-in qurucu Tənzilə xanımı təbrik edirəm. İnşallah bu gün yaxşı keçiriləcək.

- D.Əhməd: Amma Türkiyədə nədənsə, 3 may deyil, 1 may xüsusi qeyd olunur...
- Qəbul etmək lazımdır ki, 3 may millətçilərin formalaşdırdığı gündür. 1 may isə Sovet dövründə, ideologiyanın hakim olduğu dönəmdə Türkiyədə o vaxt güclü olan zəhmətkeşlərin qabartdığı gündür. Təəssüf ki, 1 mayın Türkiyədə kədərli tarixi var. 1977-ci ilin mayın 1-də 37 insan öldürülüb. 1 may ictimai rəydə qorxu və narahatlıqla xatırlanır. 3 may 1944-cü il də müəyyən qədər dava-dalaşlı keçib, amma millətçilər öz aralarında toplaşıb həmin ili yada salırlar. Ona görə də Türkiyənin ictimai rəyində 3 mayla 1 mayın çox fərqli yeri var.

- Nərgiz Ehlamqızı: Əməkdaşlarımızı təqdim edəndə dediniz ki, mədəniyyət, ədəbiyyat və siyasət Sizə yaxın sahələrdir. Siyasətlə hansı səviyyədə maraqlanırsınız?
- Siyasətin fəlsəfəsi və sosiologiya ilə əlaqəli bölmələri məni daha çox cəlb edir. Türkiyədə birgə hərəkət etdiyim, söhbətləşdiyim, oturub-durduğum siyasətçi dostlarım var. Gedib seçkilərdə səsimi verdiyim partiya da var. Amma açıq və səmimi şəkildə demək istəyirəm ki, mənim üçün partiyadan daha önəmli partiyanın məzmunu və onun fəlsəfəsidir. Dünyadan bütün partiyaları bir yerə yığsaq, mənim türkçü fəlsəfəm onların hamısı ilə təkbaşına mübarizə aparar. Mən Türkiyədə hansısa partiyanın üzvü deyiləm.

"Gəzi Parkı hadisələrinin arxası qaranlıq idi"

- N.Ehlamqızı: Nə əcəb Millətçi Hərəkat Partiyasına (MHP) üzv deyilsiniz?
- Xeyr üzv deyiləm, oranın nümayəndəsi deyiləm, amma MHP mənim partiyamdır. Çünki MHP düşündüyüm, təsəvvür etdiyim bütün fikirləri təmsil edən qurumdur. Onun başçısı doktor Dövlət Baxçalı Türkiyədə siyasətlə fəlsəfə və tarixi kimliklə fəaliyyət göstərən siyasi liderdir. Bu məsələdə rəqibsizdir.

- Nərmin Muradova: Bəs niyə, partiyanın üzvü deyilsiniz?
- Əslində üzv də ola bilərəm. Sadəcə olaraq işimin çoxluğundan üzv olmağı düşünmürəm. Partiya ilə əlaqəm fikir çərçivəsində olduğu üçün üzv olmadım.

- N.Ehlamqızı: Gəzi parkı hadisələrində bir çox mədəniyyət adamları, aktyorlar və müğənnilər aksiyaçılara dəstək oldu. Bəs Siz getdiniz?
- Mən Gəzi Parkı hadisələrində iştirak etmədim. Çünki o hadisələrin arxası qaranlıq idi. O hadisənin səbəbləri son dərəcə doğru idi. Səbəblər doğru olsa da, amma aksiyaçıların, qabağa çıxıb onu təmsil edənlərin siyasi düşüncələrinə görə onlarla birgə hərəkət edə bilməzdim. Gəzi Parkı iştirakçılarının bir qanadı orada ticarət mərkəzi tikilməsinə, ağacların kəsilməsinə qarşı idi, mən də televiziyalardakı çıxışımda bu barədə danışdım. Amma aksiyaçıların digər hissəsi PKK ilə əlaqəsi olan kürd hərəkatının təmsilçisi olan qruplar idi. Biz onlarla bir yerdə ola bilmərik.

"Türkiyədə hansısa partiyanın üzvü deyiləm"

- N.Ehlamqızı: Bəs Azərbaycanda hansı partiyaları tanıyırsınız və özünüzə daha yaxın hesab edirsiniz?
- Azərbaycanda ən yaxın olduğum partiya Sabir Rüstəmxanlının sədrlik etdiyi Vətəndaş Həmrəylik Partiyasıdır. Türkçülük məsələsində ideologiyası olan insanlarla oturub söhbət edirəm. Amma liberal baxışlı insanlarla çox da münasibət qurmuram. Şəxsi qənaətimə görə, Sabir bəyin özü partiyadan da üstün və böyük şəxsiyyətdir. Onun siyasi fəaliyyəti olmasa belə, Sabir bəyin şeirləri və kitabları, romanları adama yol göstərir.

- N.Muradova: Sabir Rüstəmxanlının əsərlərini oxuyursunuz?
- Hamısını oxuyuram. Azərbaycan dilində nəşr olunmuş kitablarını da oxuyuram. “Difai fədailəri”, “Atamın ruhu”, “Göy Tanrı” kitablarını azərbaycancadan oxumuşam.

- D.Əhməd: Neçə şeirini bəstələmisiniz?
- 3 şeirini bəstələmişəm. “Xəbərsiz getmə” mahnısı Türkiyədəki konsertlərimin repertuarında olmayanda da, fanatlarım mütləq o mahnını məndən istəyir. Konserti o mahnı ilə bitirirəm. Sabir bəy çox sevdiyim insandır. Onun ruhunu, ədəbiyyat perspektivini özümə yaxın hiss edirəm. Təzəlikcə, şeir kitabım çıxacaq, mənim şeirlərim Sabir Rüstəmxanlının şeir üslubuna yaxındır.

"Üzeyir Hacıbəyli Qafqaz siyasətini bütün incəliklərinə qədər bilirdi

- N.Muradova: Hazırda yaradıcılığınızda nə yeniliklər var?
- Türkiyədə tez-tez konsert verən müğənniyəm. Hər ay konsertim olur. Məsələn, 3 mayda gündüz Ankarada, axşamüstü İstanbulda konsertim var. Ayın 6-da Afyonda, mayın 10-da isə Almaniyada konsertim olacaq. Bundan başqa, nəşriyyatım var. Kitab evim hələ balacadır, öz kitablarımı orada çap edirəm. Yaydan sonra başqa yazarların da kitablarını nəşr edəcəyik. Yazıram, gələn ay yeni kitabım çıxacaq. İndiyədək 10 kitab yazmışam. Həm ədəbiyyatla maraqlanıram, həm də siyasi araşdırmalarım var. Bir insan yaxşı vətəndaşdırsa, o, siyasətlə də maraqlanmalıdır. Mən vətəndaşam, amma siyasətə marağım yoxdur deməsi mümkün deyil.

"Orxan Pamuku bəyənmirəm"

- Günel Xəzəl: Belə fikir irəli sürülür ki, ziyalılar siyasətlə maraqlanmırsa, onlar, ümumiyyətlə, özlərinə ziyalı deyə bilməzlər...
- Bu fikirlə tamamilə razıyam. Bir ölkə xoşbəxt, firavandırsa, o ölkənin vətəndaşları siyasətlə az maraqlanır. Amma bir ölkədə problem və kasıblıq hökm sürürsə, Türkiyədəki kimi bir ölkədə bölünmə təhlükəsi varsa, o ölkənin ziyalıları da, sənətçiləri də siyasətlə maraqlanmalıdır. Mən Türkiyədə mediaya verdiyim açıqlamalarda deyirəm ki, Azərbaycanda 100 il bundan qabaq bir şəxsiyyət vardı, o, Şərqdə ilk operanı yazan adam idi. Eyni zamanda “Azərbaycan” qəzetinin baş redaktoru olub. Bu adam o dövrdə Qafqaz siyasətini bütün incəliklərinə qədər bilirdi. Biz ona dahi deyirik. Musiqidə də dahidir, amma onun dahi olmasını bütövləşdirən şey siyasi qabiliyyətidir. Onun tapdığım məqalələrini oxumuşam. Qafqazın gələcəyi barədə o qədər sağlam fikirlər yazıb ki. Bunu Üzeyir Hacıbəyli edibsə, biz niyə etməyək? Hüseyn Cavid konkret olaraq siyasətlə məşğul olmasa da, onun da siyasi baxışları vardı. Son vaxtlar liberallıq meylləri artır. Mən buna qarşıyam. Savaşma, seviş kimi anlayışla cəmiyyətə tənbəlliyi təlqin edirlər. Amma mədəniyyət nümayəndələri ziyalı olmaq məcburiyyətindədir. Türkiyədə sənətçilər siyasətlə maraqlanırlar. Amma nə yazıq ki, millətin bütövlüyü məsələsində yox, öz xırda məsələlərinə görə maraqlanırlar. Türkiyədə Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən sənətçilər var. Ərdoğan sənətlə bağlı siyasi fiqur deyil.

"Şeirlərim Sabir Rüstəmxanlının üslubuna yaxındır"

- G.Xəzəl: Ən sevdiyiniz rəssam və ədəbiyyatçı kimdir?- Bu gün ədəbiyyatçılar içərisində sevdiklərim yoxdur. Çünki önə “çıxarılan”ların proyekt olduğunu düşünürəm. Məsələn, Orxan Pamuku bəyənmirəm. Türkiyədə rəssamlıq sənətində elə bir isim deyə bilməyəcəyəm. Sənət, musiqi, ədəbiyyat əvvəllər kult sayılırdı, cəmiyyəti yönləndirirdi. İndi millətin milli maraqlardan uzaqlaşması istiqamətində, kosmopolitik anlamda formalaşması üçün kütlə təfəkkürü aşılayırlar.

- G.Xəzəl: Niyə beyinlər yetişmir?
- 40 il bundan əvvəl hər hansı bir sənətçi əsərini təqdim edəndə ictimai rəyə kitabı ilə təsir edirdi. İndi insanlar “şıkıdım-şıkıdım” deyən Tarkanı kumir sayır. Tarkanı özünə kumir hesab edən cəmiyyətin siyasi təfəkkürü olmaz. Millət beynəlxalq səviyyədə yaşanan qalmaqallara reaksiya verə bilməz. O qalmaqalın içərisində “bu, qaradır, bu, ağdır” deyə ayırd edə bilməz. Konfutsi deyir ki, mən mahnılarla bir milləti formalaşdıra bilərəm. Napoleon Bonapart uduzub qayıdanda ona deyirlər ki, nə edəcəksiniz? O da söyləyir ki, ya mənə 10 min əsgər tapın, ya da 10 marş yazıb gətirin. Musiqi ilə cəmiyyətin formalaşması arasında çox önəmli bir əlaqə var.

"MHP düşündüyüm bütün fikirləri təmsil edən qurumdur"

- G.Xəzəl: Yəni, nə professional musiqiçi, nə də rəssam və ədəbiyyatçı yoxdur?
- Siz Türkiyəni ən azı Türkiyədə yaşayan yurddaş kimi izləyirsiniz. Çox istərdim ki, Türkiyədəki mədəniyyət nümayəndələri də, jurnalistlər də, ziyalılar da Azərbaycanı izləsəydi. Bundan 30 il əvvəl Mehmet Başbuğ adlı çox böyük rəssam vardı. Roman yazarlarından Əminə İşınsu var, şükürlər olsun yaşayır. Dilavər Cebeci vardı, o rəhmətə getdi, gözəl şair idi. Amma ictimai rəydə əsərlərində eşq olan, tarixlə gələcəyi bir-biri ilə bütövləşdirən şəxslər önə çıxarılmır. Əvvəllər Türkiyədəki sənət və mədəniyyəti televiziya rəhbərləri təsir altına alırdı, indi siyasətçilərin kölgəsindədir.

- N.Ehlamqızı: Bəs Sizin dediklərinizə həmkarlarınız necə reaksiya verir?
- Mənim söylədiklərimə inanmırlar. Deyirlər ki, yox, Türkiyə cənnətdir.

- N.Muradova: Televiziyalara qadağalar olur?
- Əlbəttə, olur.

- G.Xəzəl: Türkiyə filmlərinə münasibətiniz necədir?
- Mən kino ilə çox maraqlanıram. Türkiyədə filmlərin bu gün iki variantı var: ya “Babam və oğlum” kimi çox ağladan, ya da “Rəcəb İvedik” kimi çox güldürən. Orta səviyyədə filmlərə, məsələn, Nuri Bilge Ceylanın filmlərinə təpki necədir?

- N.Muradova: Çox az. Ancaq festivallarda ödül alır...
- Bəli. Üstəlik, onları ödül filmi deyib aşağılayırlar.

- Cəvahir Səlimqızı: Seriallardan gəlir çox götürülür...
- Türkiyənin tanınmış müğənnilərindən biri serialda çəkilir. Həmin adamın serialı dayandırılıb. Baş nazirə zəng edir ki, hörmətli nazir, bir az da dözülsəydi, bizim serialımız “tutuzdurardı”. Belə şey olarmı?

"Türkiyə gənc sənətçilər qəbiristanlığıdır

- C.Səlimqızı: Özcan Dəniz?
- Bəli. Bu, qəbuledilən şey deyil. Həm bir sənətçi bunu söyləməməlidir, həm də bir siyasətçi bunlarla maraqlanmamalıdır. Bu işlərə xalq, tamaşaçı qərar verməlidir. Siyasətçi mədəniyyətlə maraqlanmalı, amma ona qarışmamalıdır.

- C.Səlimqızı: Bir çox ölkələrdə olmusunuz, hansı ölkədəki fanatlarınız daha coşğuludur?
- Azərbaycandakı fanatlarım elə də qışqıran tamaşaçı deyil. 2004-cü ildə iyulun 20-də Dövlət Filarmoniyasında ilk konsertimi verdim. Baxdım ki, çox sakitlikdir. Mən öyrəşmişəm ki, səhnəyə çıxanda zal “dağılsın”. Mahnı oxuyuram, sadəcə quru şəkildə əl çalırlar. Özlüyümdə fikirləşdim ki, yəqin mahnılarım xoşlarına gəlmədi. 4-5-ci mahnımı oxudum, ürəyim dözmədi, qayıtdım ki, bu, belə olmaz, mənə düzünü deyin görüm mahnılarım xoşunuza gəlmədi? Tənzilə Rüstəmxanlı da mahnılarımı disklərdə dinləyib, amma səhnədə ilk dəfə görürdü. Mənim narahatlığımı başa düşdü, qayıtdı ki, yox Əhməd bəy, əksinə çox xoşumuza gəldi. Mən də dedim ki, bəs onda bu nədir, Qızıl Ordunu alqışlayırmış kimi əl çalırsınız? Hələ də o sakitlik Azərbaycan tamaşaçısında var.

- N.Muradova: Sonuncu konsertinizdən qabaq mətbuat konfransınızda dediniz ki, xahiş edirəm ki, konsertdə axıra qədər oturun. Doğrudanmı, elə problem yaşayırsınız?
- Əslində bu, çox qəribə bir şeydir. Bəzi tamaşaçı var ki, siqaret çəkmək üçün foyeyə çıxır. O çıxıb gedəndə elə yeriyir ki, sanki bulvardadır. Amma sonuncu konsertdə belə halla qarşılaşmadıq, hər kəs yerində idi.

- N.Muradova: Azərbaycandakı konsetləriniz pulsuz olur, bəs Türkiyədəki konsertlərdən nə qədər qazanırsınız?
- Bu barədə danışsam, rəqəmləri açıqlasam maliyyə problemləri yaşayacağam (gülür).

- C.Səlimqızı: Türkiyənin bir çox müğənnisi var ki, gəlib Heydər Əliyev adına sarayda konsert verir, yaxşı da pul aparır...
- Siz onlara pul verməyi sevirsiniz də. Türkiyədən müğənnilər gəlsin, onlara pul verək.

"Tarkanı özünə kumir hesab edən cəmiyyətin siyasi təfəkkürü olmaz"

- N.Muradova: Bizim müğənnilər də şikayətlənirlər ki, təşkilatçılar bizə konsert eləmirlər, Türkiyədən gələnlərə edirlər...
- Sizin müğənnilərin etirazını youtube-dən izləyirəm. Onların bu dediklərinə üzülürəm də. Düzü, Azərbaycandakı müğənnilərinizi dinləmirəm. Amma Şövkət Ələkbərova, Rəşid Behbudova qulaq asıram. Sizdə “toy müğənniləri” anlayışı formalaşıb. Türkiyənin özü gənc sənətçilər qəbiristanlığıdır. Gənc uşaqlar böyük ümidlərlə səhnəyə çıxar, bəziləri bircə mahnıyla şöhrətlənər, bəziləri illər boyu çabalayar, sonra bu sənəti buraxıb gedər. Ya kimsə onların arxasında durub kömək edir, kömək edən olmazsa, ümidlərini qəbiristanlığa gömüb başqa işlə məşğul olarlar.

- C.Səlimqızı: Bu qədər pozitiv olmaq üçün ilhamı nədən alırsınız?
- Mən Allahıma çox inanıram. Mənə mahnı oxumaq, bəstələmək, yazı yazmaq kimi bacarıqları Allah verib. Ailəmizdə də gözəl səslər vardı, amma heç biri Əhməd Şəfəq ola bilmədi. Mən özümü səmazən kimi görürəm. Səmazən Allaha zikr edən, rəqs edər. Allahdan alıb, xalqa verirəm.

"Siyasətçi mədəniyyətlə maraqlanmalı, amma ona qarışmamalıdır"

- C.Səlimqızı: İlahi eşqi başa düşdük, qadın həyatınızda nə dərəcədə rol oynayıb?
- Qadın mənim həyatımda rol oynamır. Allah sənətçilərə görmə vəzifəsi verib. Amma eşqlə görmə vəzifəsi. Qadın bütün bu fenomenlərin içərisində fiziki mənada ən gözəl ünsürdür. Qadının bütün gözəlliklərini yalnız Allahın yaratdığı varlıq kimi deyil, cinsiyyət obyekti kimi dəyərləndirsəniz yanlış edərsiniz. Mən dünyanı bütöv və Allahın camalından bir parça kimi görürəm. Mən uşaq kimi sevirəm, bəzən uşaq kimi küsürəm. Bu qədər çətinliyə, qarşımıza çıxan əngəllərə rəğmən işimizə eyni eşqlə davam etməyimizin səbəbi içimizdəki uşağı öldürməməyimizdir.

- C.Səlimqızı: Mahnılarınız çox üsyankardır, hayqırır. Axırıncı dəfə nə zaman hönkür-hönkür ağlamısınız?
- Dünyanın heç bir şeyi məni ağlatmır. Qarşılaşdığım heç bir güclü məni ağlada bilməz. Anamı iki il öncə itirəndə çox ağlamışdım. Xatırladım, çox pis oldum. Bizə qoyulan qadağalar, çəkdiyimiz əzablar əksinə məni gücləndirir. Özümü çarəsiz hiss edəndə ağlaya bilərəm. Təkcə anamın itkisi çarəsiz buraxdı. Sanki o zaman Allahla rabitən də qopur. Arandakı ən böyük cismani güc anandır, sən onu itirəndə bir tərəfini itirirsən. Atam dünyasını dəyişəndə “Babamı özlədim” deyə bəstə yaratdım, amma anama hələ də mahnı həsr edə bilməmişəm. Çox qəribədir. Azərbaycanda çəkdirdiyim “Sevdiyim” (“Sevduğum”) adlı əsər var. Adanada konsertdə idim. Səhnəyə təzə çıxmışdım, ikinci mahnını oxuyurdum ki, tamaşaçılar “Sevduğum” deyə qışqırmağa başladılar. “Sevduğum” bizdə Qaradəniz şivəsi ilə deyilir. Təsəvvür edin ki, Gəncə mahnısıdır, amma Lənkəranda bu mahnını oxumağımı istəyirlər. Adana şəhər bələdiyyə sədrinə mikrofonu verdim, dedim ki, cənab sədr, sizcə quzeydəki vilayətin mahnısı güneydəki vilayətdə sevgiylə necə istənilir? Dedi ki, bunun bir cavabı var, millət olmaqdır. Bu cür mahnıların bir millətin formalaşmasında çox böyük rolu var. Biz qaradənizliyik, o mahnını atamın ruhunun anamın ruhuna oxuduğu kimi söylədim. Bu, mənim kövrələrək oxuduğum mahnıdır.

"Səhnədə sevişmək qırmızı cizgidir"

- Rövşən Danyeri: Bu yaxınlarda Azərbaycanda teatrların birində bir hadisə yaşandı. Sevişmə səhnəsinə görə tamaşaçılar zalı tərk etdi. Türkiyədə də mühafizəkar sənət olarmı mövzusu ətrafında müzakirə getdi. Sizin fikirləriniz necədir?
- Mühafizəkar sənət olmaz. Sənət sənətdir. Teatrı kinodan ayıran ən önəmli xüsusiyyət odur ki, teatr kollektiv məkandır. Teatrda tamaşaya baxanda əslində onun bir üzvü olursunuz. Kinoda pərdə soyuqdur. Teatrda isə səhnə istidir, onun səhnəsi tamaşaçıdır. Çünki ayağınızı qoysanız, səhnəyə çıxa bilərsiniz. Əslində tamaşaçı teatrda əsərin bir parçasıdır. Sevişmə səhnəsi nə deməkdir? Bu, düzgün iş deyil. Sənət cinsəl əlaqəni, eşqi, sevgini dialoqda, mücərrəd olaraq göstərməlidir. Dialoqun gözəl nümunəsini Füzuli, Nizami Gəncəvi “Leyli və Məcnun”da göstərib. Sənətin qırmızı, mavi və çəhrayı cizgiləri var. Səhnədə sevişmək qırmızı cizgidir.

- R.Danyeri: Bu məsələdə Ərdoğanla eyni fikirdəsiniz...
- Təəssüf ki, eyni fikirdəyəm.

"Özümü türk millətçisi kimi görürəm"

- D.Əhməd: Millətin bütünlüyündən danışdınız, millətin 51 faizi seçkilərdə Ərdoğana səs verir. Sizcə niyə?
- Çox bəsitdir. Propaqanda, təbliğat üstünlüyüdür.

- D.Əhməd: Ərdoğanı niyə sevmirsiniz? 3 səbəb deyə bilərsiniz?
- Mən 3 səbəb deyil, 2 kitab yazdım. Siyasətə sosioloji hadisə kimi baxıram. Ərdoğan Allahın yaratdığı quldur, onu niyə sevməyim ki? Mən onun siyasətini sevmirəm. Onun siyasəti bir an əvvəl Türkiyədən getməlidir. Mən heç kəsə nifrət etmirəm. 1919-cu ildə İstanbulu ingilislər işğal edir. O dönəmin Ziya Göyalp kimi ziyalılarını həbs edirlər. İngilis əsgərləri o zamankı adı “Darülfünun” olan universitetə daxil olurlar, Ziya bəy İstanbul Universitetinin sosiologiya fənnindən dərs deyirdi. İçəri girib deyirlər ki, filan saylı qərarla həbs olunursunuz. O, sənədi əlinə alıb baxır, çölə çıxır. Dəhlizdə professor dostu ilə qarşılaşır. Polisləri görüb müəllim həmkarı soruşur ki, nə baş verir? Mehmet Ziya belə cavab verib: “Heç, bəy əfəndi sosial hadisədir”. Baxın həbs olunmasına belə sosial hadisə deyir. Mən də siyasətə sosial hadisə kimi baxıram. Millət, ailə bütövdür, siz ailənizin parçalanmasını istəyərsiniz? Ailə bir dövlət modelidir. Mən də böyük dövlətimin parçalanmasını istəmirəm. Ərdoğanla bu nöqtədə anlaşa bilmirik. Onun sosioloji cizgisi liberal və Qərbə yönəlik cizgidir. Amma onu mühafizəkarlıqla formalaşdırıb. Mən mühafizəkar deyiləm, millətçiyəm. Özümü siyasi məzmun olaraq türk millətçisi kimi göstərirəm. Ziya Göyalp, Əli bəy Hüseynzadə 100 il əvvəl nə söyləyirsə, mən də eyni şeyləri deyirəm. Türkiyədə siyasi proseslər bu gedişlə davam edərsə, ölkəmizin cənub-şərqi Türkiyədən ayrılar. Bunu korlar da görür, amma siyasətçilər deyirlər ki, narahat olmayın bütövlüyümüz davam edəcək.

"Ziya Göyalp, Əli bəy Hüseynzadə 100 il əvvəl nə söyləyirsə, mən də eyni şeyləri deyirəm"

- D.Əhməd: Prezident seçkilərində Ərdoğana kimi rəqib görürsünüz?
- Onu demərəm. İnşallah prezident seçilməz.

- N.Ehlamqızı: Dövlət Baxçalıdır namizədiniz?
- İstərdim ki, Türkiyənin başına Dövlət bəy keçsin. Həm Türkiyənin, həm də türk dünyasının, eləcə də bütün Avropada əksilən, yeri görünən prezidentlik postuna Baxçalı dərman kimidir.

"Bəzən uşaq kimi küsürəm"

- D.Əhməd: Oxucularımız sual ünvanlayıb. Deyirlər ki, Əhməd Şəfəqin Bakıda biznesimi var ki, tez-tez gəlir?
- Bu qədər tez-tez gələn adam haqqında bu cür düşünmələri normaldır. İnsanların fikirləri pulda, biznesdə olduğu üçün məni də belə zənn edirlər. Yox, mənim biznesim yoxdur. Türkiyədə konsertlərlə pul qazanıram. Öz nəşriyyatımı belə konsertdən qazandığım pullarla maliyyələşdirirəm.

- N.Muradova: “Möhtəşəm Yüzil”i izləyirsiniz? Hürrəm Sultan da öldü...
- Öldümü? Hürrəm onsuz da ölmüşdü. (gülür) Bəli, izləyirəm o filmi.

"Anama hələ də mahnı həsr edə bilmədim"

- N.Muradova: Şah İsmayıl Xətaiyə görə Azərbaycanda böyük təpki gördü. Siz Türkiyədə tarixi faktların saxtalaşdırılması ilə bağlı mövqeyinizi bildirdiniz?
- Tarixlə çox maraqlanan ziyalı olduğum üçün bu məsələdə fikirlərimi bildirirəm. Türkiyə imperiya dövlətidir, Osmanlının varisidir. Filmin ssenari müəllifi Şah İsmayıl, Təhmasibin kimliyini bilməlidir. Qanuni ilə Təhmasibin münasibətləri barədə serial çəkiləndə osmanlıçılıq etməməlidirlər.

"Şah İsmayıl türkcə danışan, şeirlərini türkcə yazan adamdır"

- N.Muradova: Bəs niyə səsimizi eşitdirə bilmədik?
- Eşitdirə bilməzsən. Mümkün deyil, bütün televiziyalar onlarındır. “Möhtəşəm Yüzil”i layihə kimi görürəm. Birinci şərt o idi ki, reytinq qazanmaq istəyirdilər. Düzü, reytinq qazandılar. İlk 6 ay filmi izləmədim, vaxtım olduqca izləyirəm. Çox önəmli tarixçilərin kitabları ilə müqayisə aparıram. Şah İsmayıl və onun oğullarının Azərbaycan üçün nə ifadə etdiyini bilmirlər. Osmanlı və onun qarşısında düşmən görürlər. Şah İsmayıl türkcə danışan, şeirlərini türkcə yazan adamdır. Yavuz Sultan Səlim türk sultanıdır, amma şeirlərini farsca yazıb. Bunu anlayın, görün ki, ortada iki qardaş davası var. İnsan tarixçilərə qulaq asar. Serialların özünəməxsus məntiqi var. Televiziyadan tarixçilik öyrənə bilmərik. Axır vaxtlarda “Möhtəşəm Yüzil”də məni çox da narahat edən şeylər görmədim.

Nərgiz Ehlamqızı

Foto: Xəyal


Müəllif: