14 Oktyabr 2020 12:39
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, 14 oktyabr 2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Bu gün saat 12 radələrində Ağdam rayonu, Çəmənli kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1964-cü il təvəllüdlü Soltanov Saleh Eldar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, yaşayış evinə isə ciddi ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər