Xalq artisti Aygün Kazımova dostu, Rusiyanın Xalq artisti Filipp Kirkorov ilə telefon vasitəsilə əlaqə saxlayıb.
Teleqraf.com xəbər verir ki, Aygün Kazımova Filipp Kirkorovla atası Bedros Kirkorovun ermənilərə yardımı ilə bağlı danışıb.
O şəxsi İnstaqram səhifəsində bu sözləri yazıb: “Əziz izləyicilərim, son zamanlar Filipp Kirkorovun atası Bedros Kirkorovun Qarabağa etdiyi humanitar yardımla bağlı çıxan xəbərlərə aydınlıq gətirmək istəyirəm. Filipplə əlaqə saxlamağı özümə borc bildim və telefon danışığımızı olduğu kimi sizə təqdim edirəm:
"Aygün, sən hansı humanitar yardımdan danışırsan? Mənim atam iki aydır xəstəxanada reanimasiyada yatır.
O, öz canının hayındadır, ürəyindən əməliyyat olunub. Elə bir şey yoxdur və ola da bilməz! Bu xəbərlər yalandır! Böhtandır! Belə bir addım atılmayıb! Bu xəbərləri biz təkzib etmişik, bütün rus, hətda erməni mediasında bu haqda məlumatlar da var, açıb oxuya bilərsiniz. Qarabağda baş verənlər məni də çox üzür və mən yalnız sülhün tərəfindəyəm ".
Xalq artisti daha sonra qeyd edib ki, bu xəbər Filipp Kirkorovu da sarsıdıb: “Bu xəbər Filipi də çox sarsıtdı. Əziz həmvətənlərim, çıxan xəbərlər tamamilə yalandır. Əzizlərim, bir xəbəri araşdırmadan bir-birimizi top atəşinə tutmayaq. Unutmayaq ki, bizi düşmən izləyir!
Yeri gəlmişkən Filipp bu günə qədər nə "Can Rossiya", nə "Can Bolqarıstan", nə də "Can Ermənistan” oxuyub.
Amma "Can, Canım Azərbaycanım" ifa edib. Bu mahnıya görə ermənilər Filippi top atəşinə tuturlar, İnstaqram səhifələrində və saytlarında təhqirlər yağdırırlar. Müharibə tək ön cəbhədə deyil, həm də sosial şəbəkələrdədir - informasiya müharibəsi. Odur ki, ermənipərəst insanların oyununa alət olmayaq. Yalnız rəsmi xəbərlərə inanaq”.