15 Oktyabr 2020 19:58
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 15-də Ədliyyə naziri Fikrət Məmmədov İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi ilə onun xahişinə əsasən görüşüb.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, görüşdə Azərbaycan və İran arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin inkişafı, bu əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Həsən Ruhaninin xüsusi rolu, dövlət başçılarının müntəzəm qarşılıqlı səfərləri vurğulanıb, zəngin müqavilə bazasına söykənən əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, hüquqi sahədə uğurla inkişaf etməsi qeyd olunub.

Ədliyyə naziri işğalçı Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş hərbi təxribatlar barədə səfirə ətraflı məlumat verib, xüsusilə dinc əhalinin və mülki obyektlərin, insanların sıx yaşadığı şəhər və rayonlarımızın, o cümlədən təmas xəttindən xeyli aralıda yerləşən Gəncə və Mingəçevir kimi böyük şəhərlərimizin qəsdən və məqsədyönlü şəkildə ağır artilleriya atəşinə tutulduğunu vurğulayıb, nəticədə 43 dinc sakinin həlak olduğunu, 214 nəfərin yaralandığını və 1850 mülki obyektin, o cümlədən yaşayış evlərinin və çoxmənzilli binaların yararsız vəziyyətə düşdüyünü diqqətə çatdırıb.

Eyni zamanda, razılaşdırılmış humanitar atəşkəs rejiminə baxmayaraq Ermənistanın törətdiyi müharibə cinayətləri ilə beynəlxalq humanitar hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını kobud surətdə pozduğu vurğulanıb, işğalçı dövlətin hazırkı rəhbərliyinin açıq-aşkar müharibəyə təhrik edən bəyanatlarına beynəlxalq ictimaiyyətin reaksiya verməməsinin təəssüf doğurduğu bildirilib.

Nazir, həmçinin düşmənin Çikaqo Konvensiyasının tələblərini pozaraq humanitar yardım adı altında mülki aviasiya vasitəsilə Ermənistana silahların daşınması ilə əlaqədar Azərbaycan tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət olunduğu barədə məlumat verib.

Səfir Seyid Abbas Musəvi İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, son hadisələrdə ölkəsinin Azərbaycan dövlətinin və xalqının yanında olduğunu vurğulayıb, işğala son qoyulması ilə bağlı Azərbaycanın haqlı iradəsini qeyd edib, münaqişənin tezliklə danışıqlar yolu ilə həll ediləcəyinə ümidvar olduğunu söyləyib. O, həmçinin Gəncədə baş vermiş son təxribatlar barədə məlumatlı olduğunu bildirib, mülki əhalinin atəşə tutulmasının müharibə cinayəti olduğunu qeyd edib və dinc insanların həlak olmasından təəssüfləndiyini söyləyib.

Qonaq Ermənistana silah-sursatın tranzitinin qarşısının alınması üzrə qətiyyətli tədbirlərin görüldüyünü vurğulayıb. Azərbaycan Ədliyyə nazirinin Ermənistanın hərbi təxribatları ilə bağlı rəsmi müraciətinin iranlı həmkarına təqdim olunduğunu bildirib və onun salamlarını çatdırıb.

F.Məmmədov İranın ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə minnətdarlığını ifadə edib, S.A.Musəviyə uğurlu fəaliyyət arzulayıb, İranın Ədliyyə nazirinə salamlarını çatdırmağı xahiş edib.

Söhbət zamanı iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlığın perspektivlərinə toxunulub, hüquqi yardım, məhkumların verilməsi və digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər