Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkiafına dair Dövlət Proqramı"na əsasən görüləcək işlərlə bağlı mətbuat konfransı keçirib.
Dilçilik İnstitutu Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli bildirib ki, proqram çərçivəsində 3 istiqamətdə iş aparılır:
ölkəyə idxal olunan dərman preparatlarının təlimat vərəqələrindəki dilin monitorinqi aparılır və teleradio verilişlərinin dili üzərində müşahidələrin aparılır. Üçüncü istiqamət isə Bakı şəhərində - Səbail, Nəsimi və Nərimanov rayonlarının ərazisində küçə adları, afişalar, reklam lövhələrinin dili üzərində müşahidələrin aparılmasıdır.
Q.Məhərrəmli qeyd edib ki, artıq bir neçə gündür bu işə başlanıb.
Bəzən bir adın müxtəlif formalarda yazıldığını deyən şöbə müdiri bildirib ki, küçələrdə və digər yerlərdə Azərbaycan dilinin korlanmasının qarşısının alınması üçün xüsusi komissiya yaradılacaq: "Bu sahədə vahid sistemin yaradılması üçün dövlət qurumları, müstəqil media nümayəndələrinin də iştirakı ilə komissiya yaradılır. Komissiyanın qərarları tövsiyə xarakteri daşıyacaq. İnsanlar küçələrdə görünən yanlışlıqlarla bağlı komissiyanın qaynar xəttinə müraciət edə biləcəklər".
Monitorinq şöbəsinin müdiri onu da bildirib ki, hazırda Azərbaycan dilini ən çox korlayan bəzi informasiya saytlarıdır: "Dil həm mətbuatın silahıdır, həm də dili ən çox korlayan da mətbuatdır. İnsanın iki vətəni var. Biri onun yaşadığı coğrafi məkandır, digəri isə onun danışdığı dildir. Biz Vətənimizi birlikdə qorumalıyıq".
SEVİL