Dünyada bəlli təcrübə var. Adətən müharibə dövründə həbsdə olan insanlar müraciət etdiyi təqdirdə onların istəkləri nəzərə alınır və müharibədə iştirakına şərait yaradılır. Biz də məsələ qaldırmışdıq ki, imkan daxilində həbsdə olan və müharibədə iştirak etmək niyyəti olan şəxslərə diqqət ayrılsın. Biz bununla bağlı müraciətimizi Prezident Administrasiyasına və Əfv Məsələləri Komissiyasına təqdim etmişdik.
Bu fikirləri Teleqraf.com-a hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
Hüquq müdafiəçisi qeyd edib ki, İnsan hüquqları üzrə ombudsman onların xəbəri olmadan və paralel formada eyni təşəbbüslə çıxış edib: “Xatırlayırsınızsa, bir neçə il əvvəl Tərtər hadisələri zamanı hərbçilər saxlanılmışdı. Onların içərisində haqsız yerə saxlanılanlar da olmuşdu. Bildiyim qədər həmin hərbçilərin ailələri ombudsmana müraciət edib, Ombudsman Aparatına məktub yazıblar ki, bizim uşaqlarımız müharibəyə getmək istəyir. Ombudsman Aparatı da belə bir təşəbbüsü aidiyyəti qurumlar qarşısında qaldırıb. Son nəticədə bu hərbçilər azadlığa buraxılıb və müharibədə iştirak etməyə hazırdırlar. Hesab edirəm ki, bu, çox müsbət hadisədir”.
Novella Cəfəroğlu bildirib ki, Ombudsman İnstitutunun fəaliyyətini müsbət qiymətləndirir: “Ermənilərin alçaqcasına Gəncəyə raket zərbəsindən sonra Ombudsmanın Gəncəyə getməsi, dünya ölkələrinə müraciət etməsi müsbət hadisə kimi xarakterizə edilməlidir. Bu institut işləməyə başlayıb. Bizim yanımıza gələn şəxslər də bu məqamı qeyd edir, bildirirlər ki, İnsan hüquqları üzrə müvəkkilin ofisi məsələlərə adekvat reaksiya verir”.
Hazırda cəbhədə müharibə getdiyini, Azərbaycan Ordusunun irəlilədiyini bildirən hüquq müdafiəçisi əlavə edib ki, Azərbaycan cəmiyyəti Ali Baş Komandanın ətrafında sıx birləşib: “Açığını deyim ki, biz belə həmrəyliyi müsbət qiymətləndiririk. Əlbəttə, biz həm də arzu edirik ki, həbsdə olan problemli məhbuslar azad olunsun. Onların içərisində müharibəyə getmək istəyənlər getsinlər. Bu da müsbət hadisə olardı”.