Diasporla İş üzrə dövlət Komitəsi Azərbaycan diasporuna müraciət edib.
Teleqraf.com-un məlumatına görə, müraciətdə deyilir:
"Əziz həmvətənlər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi uğrunda atdığı qətiyyətli addımlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun dəyişməsinə səbəb oldu. Təxminən 30 il işğalçıların tapdağı altında qalan ərazilərdə tədricən Azərbaycan bayrağı dalğalanır. Beləliklə, Azərbaycan dövləti ərazi bütövlüyünün tamamilə bərpasına doğru gedir”.
Müraciətdə qeyd olunub ki, hadisələrin bu gedişatı bütün beynəlxalq normaları pozaraq özünü Dağlıq Qarabağda və Ermənistanda “qanuni hakimiyyət” elan edən kukla rejimi arasında çaxnaşmaya səbəb olub:
“Bütün bunların fonunda erməni tərəfi barbar, qeyri-insani addımlar atır, dinc Azərbaycan şəhərlərini və mülki obyektləri atəşə tutur. Cinayətkar rejimlərin bu addımları, əminliklə “Qarabağ Ermənistanındır” bəyanatını verən antiazərbaycan ideoloqlarının aqoniyasından xəbər verir.
Eyni zamanda, rəsmi beynəlxalq təşkilatlar da daxil olmaqla bütün dünya ictimaiyyəti erməni cinayətkarlarının Gəncə istiqamətindəki terror hücumlarını birmənalı şəkildə pislədi.
Beləliklə, erməni tərəfi yalnız hərbi deyil, ideoloji cəbhədə də məğlub olur. Azərbaycanın mövqeyinin (atdığı addımların) qlobal səviyyədə düzgün anlaşılması və dəstəklənməsi Azərbaycan diasporunun aktiv fəaliyyəti nəticəsində baş verir. Bu, yalanları həqiqət kimi təqdim etməyə adət edən dünya erməni lobbisini və onların “tərifli” diasporunu həyəcanlandırmaya bilməz.
Buna görə də bütün mövqelərdəki məğlubiyyətlər fonunda xaricdəki maraqlı erməni dairələrinin azərbaycanlılara qarşı müxtəlif təxribat fəndlərini həyata keçirməsi təəccüblü deyil. Bu qanunsuz aksiyaların məqsədi sonradan Azərbaycan tərəfini cinayət hərəkətlərində ittiham etmək üçün azərbaycanlıları müəyyən addımlara təhrik etməkdir. Sözügedən müstəvidə öz cinayətkar ideyalarının həyata keçirilməsinə üçüncü qüvvələri cəlb edə biləcək ermənilərin təxribatlarına uymamaq çox vacibdir”.
Sonda bildirilib ki, buna görə də, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sizi sayıq olmağa, yalnız yaşadığınız ölkələrin qanunları çərçivəsində fəaliyyət göstərməyə və lazım olduqda hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırır.
Bizim işimiz haqq işidir. Biz qalib gələcəyik! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"