Sentyabrın 27-dən başlayaraq Ermənistan–Azərbaycan münaqişəsində hərbi toqquşmalar yenidən alovlandı. Bu dəfə də işğalçı tərəf növbəti təxribata əl ataraq, yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutdu. Azərbaycan vəziyyətə uyğun adekvat tədbirlər gördü və düşmən mövqelərini susdurmaq üçün əks-hücum əməliyyatına başladı. Qısa müddət ərzində düşmən mövqeləri darmadağın edildi, Azərbaycanın 100-dən çox yaşayış məntəqəsi, həmçinin bəzi yüksəkliklər, habelə Suqovuşan işğalçılardan təmizləndi.
Teleqraf.com xəbər verir ki, bu sözləri AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov bildirib.
Onun sözlərinə görə, hazırda düşməni yerinə oturdan ordumuz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində həyata keçirdiyi əməliyyatları uğurla davam etdirir: "Prezident, Ali Baş Komanda İlham Əliyevin qətiyyətli iradəsindən, xalqımızın möhtəşəm dəstəyindən ilhamlanan Silahlı Qüvvələrimiz cəbhənin bütün istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vurur. Paşinyan hökuməti Azərbaycanın əks-həmlə əməliyyatlarının qarşısını almaq üçün elə ilk günlərdən bütün dünyaya saxta, yalan bəyanatlar verməyə başladı. Paşinyan müxtəlif qeyri-konstruktiv yollardan istifadə etməklə yaxın-uzaq ölkələrə üz tutub öncə Azərbaycana dost, qardaş ölkə olan Türkiyəni şantaj etməkdən belə çəkinmədi. Prezident İlham Əliyev oktyabrın 9-da “CNN International” televiziya kanalına müsahibəsində jurnalistin Nikol Paşinyanın iftirasına əsaslanaraq “guya Türkiyə öz zabitləri, generalları, muzdluları, terrorçu cihad döyüşçüləri ilə Dağlıq Qarabağda döyüşmək üçün Azərbaycana minlərlə adam gətirib.
Türkiyə öz hərbi gücü ilə guya müəyyən beynəlxalq logistik strukturları qorumaq üçün orada olduğunu deyir. Azərbaycanda hazırda hər hansı bir türk qüvvələri və ya türk avadanlığı varmı?” - sualına cavabında bildirdi: “Bəli, türk avadanlığı var. Türk qüvvələri yoxdur. Səmimi desəm, Ermənistan prezidentinin dünyaya mesaj ünvanlamaq üçün CNN vasitəsilə şayiə yaymaq məqsədilə bu imkandan istifadə etməsi məni təəssüfləndirir. Mən bunu başqa cür adlandıra bilmirəm, çünki sizin mənə təqdim etdiyiniz kimi, onun dedikləri, mən onun dediklərini görməmişəm, lakin mənim sizdən eşitdiklərim tamamilə yanlışdır, bu, yanlış informasiyadır.
Türkiyə bizə dəstək göstərir, lakin bu, siyasi dəstəkdir, bu, diplomatik dəstəkdir. Bu dəstək olmasaydı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır” ifadəsi ilə bu çox açıq mövqe olmasaydı, çox güman ki, bu gün Ermənistan öz məqsədinə nail olmuş olardı. Bu da münaqişənin coğrafiyasının genişlənməsi və mümkün qədər çox ölkənin bu münaqişəyə cəlb olunmasından ibarətdir ki, bu ölkələr döyüş meydanında onlara kömək etsinlər...”
Emin Bağırovun fikrincə, Ermənistan işğal etdiyi ərazilərdən geri çəkilməmək, Azərbaycan Ordusunun haqlı mübarizəsini dayandırmaq, törətdiyi cinayətləri ört-basdır etmək üçün Rusiyanın da bu müharibəyə cəlbinə cəhd göstərdi: "Gah "genosid"ə məruz qalması, gah da “ərazi bütövlüyünün” pozulması kimi cəfəng iddialar səsləndirdi. Bu hiylələri də reallaşmayanda, Azərbaycanın cəbhə xəttindən aralıda yerləşən Gəncə şəhərini və digər yaşayış məntəqələrimizi raket atəşinə tutdu. Bununla da erməni faşistləri tərəfindən beynəlxalq hüququn norma və prinsipləri, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokolları, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələri kobud şəkildə pozuldu. Məqsəd isə Azərbaycanın bu terror qarşılığında Ermənistan ərzisindəki atəş nöqtələrini susdurmaq və beləliklə, Rusiya başda olmaqla, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını müharibəyə qoşmaqdan ibarət idi.
Lakin Rusiya bu fitnəkarlığı da başa düşdüyünə görə, Paşinyan hökumətini yaxına buraxmadı. Sadəcə tərəflər arasında humanitar atəşkəs razılaşmasının təşəbbüskarı kimi çıxış etsə də, son anda bu da Ermənistanın məkri üzündən gerçəkləşmədi. Rusiya amilinin neytrallaşdırılmasında Prezident Əliyevin həyata keçirdiyi siyasətin mühüm rolu danılmazdır. Belə ki, son 17 il ərzində Azərbaycanın bu ölkə ilə əməkdaşlığı strateji partnyorluq səviyyəsinə yüksəlib. Elə bunun nəticəsidir ki, Ermənistanın işğalçılıq siyasətində arxayın olduğu siyasi aktorların heç biri bu gün ona əvvəlki dəstəyini vermək istəyində və yaxud imkanında deyil".
Emin Bağırovun qənaətinə əsasən, belə bir siyasi şəraitdə illərdir ki, işğalçı mövqedə duran, nəticədə beynəlxalq aləmdə etibarını və nüfuzunu itirən Ermənistandan fərqli olaraq Azərbaycan öz haqlı mübarizəsində, həm də dost və qardaş Türkiyədən mənəvi dəstək gördü. Paşinyan başqa olmaqla, Ermənistan rəhbərliyi və onların havadarları hər vəchlə müharibəni dayandırmağa çalışsalar da, buna nail ola bilmədilər. Çünki Azərbaycana son 30 ildəki kimi, daha mənasız "danışıqlar aparmaq", imitasiya "oyunu" oynamaq sərf etmir.
ATƏT-in Minsk Qrupunun həmsədrləri yenidən fəallaşıb, atəşkəsə çağırsalar da, utanıb həya etmədən problemin “baza prinsipləri” əsasında həllinin zəruriliyini vurğulasalar da, Azərbaycan buna inanmır.
Atəşkəsə yalnız Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa son müraciətində vurğuladığı şərtlər əsasında razılaşmaq olar: “Mənim şərtim birdir – çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik”.
Dövlət başçısının bəyan etdiyi kimi, sadalanan şərtlərin hər biri bütün Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirdiyindən, atəşkəs istəyən Ermənistan tərəfi də, elə ATƏT-in Minsk Qrupu da yeni baza prinsipləri kimi bunları qəbul etməlidir. Başqa yol və üsul yoxdur. Hadisələrin gedişi məhz hazırda bu prinsipləri diktə edir".