23 Oktyabr 2020 22:36
376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 23-də Ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, tarixən qədim köklərə malik dost və qardaş Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin ən yüksək səviyyədə olduğunu qeyd edən nazir müttəfiq münasibətlərimizin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətlərini vurğulayıb.

Bildirib ki, Azərbaycan və Türkiyə qədər dünyada bir-birinə yaxın olan, bir-birini daim dəstəkləyən ikinci ölkə yoxdur. İşğalçı Ermənistanın ölkəmizə qarşı hərbi təxribatlara başladığı andan Türkiyə Prezidenti başda olmaqla türk xalqı Azərbaycanın yanındadır. İlk gündən qardaş ölkənin bütün yüksək rəsmi şəxsləri Azərbaycana birmənalı dəstəyini ifadə ediblər.

Nazir türkiyəli həmkarı Abdulhamit Gülün xalqımız üçün həqiqət anı olan bu günlərdə yanımızda olduğunu, onunla telefon danışığını, rəsmi müraciət ünvanlanmasını, Tvitter hesabı ilə öz dəstəyini bildirməsini minnətdarlıqla qeyd edib. İki ölkənin Ədliyyə nazirlikləri arasında uğurlu əməkdaşlığı, o cümlədən azərbaycanlı hakimlərin tədrisində qardaş ölkənin dəstəyini və digər birgə tədbirlərin səmərəsini vurğulayıb.

Ədliyyə naziri, həmçinin düşmənin hərbi təxribatlarının və müharibə cinayətlərinin Türkiyənin nüfuzlu media nümayəndələri tərəfindən işıqlandırılmasının, dövlətimizin başçısının həmin KİV-lərə müsahibələrinin Azərbaycan həqiqətlərinin dünyaya geniş və dolğun çatdırılması baxımından əhəmiyyətini qeyd edib.

Qonaq Azərbaycan torpaqlarının 30 ildir işğal altında olduğunu, bir milyon insanın demək olar ki, həyatının yarısınadək doğma torpaqlarından didərgin düşdüyünü, münaqişə ilə bağlı beynəlxalq təşkilatların qərarlarının icrasız qaldığını bildirib. Qeyd edib ki, işğala son qoyulmalıdır. O, Türkiyə xalqının, hər bir vətəndaşının ürəyinin Azərbaycanla döyündüyünü, ölkəmizin haqlı mövqedə olduğunu vurğulayıb.

Ş.Malkoç səfər zamanı Gəncədə törədilmiş hərbi təxribatların nəticələrinin şahidi olduğunu söyləyərək dinc insanların Ermənistan tərəfindən bombalanmasını pisləyib, onların törətdikləri müharibə cinayətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması üçün tədbir görəcəklərini vurğulayıb.

Ədliyyə Nazirliyi tərəfindən yaradılmış “Qarabağ Azərbaycandır!” elektron məlumat platformasının (http://www.justice.gov.az/categories/1148) istifadəyə verilməsi görüşə təsadüf etdiyindən tədbirdə onun təqdimatı keçirilib.

Üç dildə (Azərbaycan, ingilis və rus) olan və daim yenilənən platformada Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan xalqına müraciətləri, Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın dinc əhalisinə qarşı yönələn müharibə cinayətləri ilə bağlı dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə müsahibələri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial şəbəkələrdə müraciətləri və mediada çıxışları, Azərbaycan Ordusunun işğaldan azad etdikləri ərazilərimiz barədə rəsmi xəbərlər, həmin torpaqlarda Azərbaycan Bayrağının ucaldılması mərasimlərinə dair video-materiallar, əzəli torpağımız olan Qarabağ və ətraf yeddi rayonun tarixi, mədəni və dini abidələrinə dair fotoqalereya yerləşdirilib.

Daha geniş oxucu kütləsi üçün platformanın digər saytlara inteqrasiyası təmin olunub.

Tədbirdə maraqla qarşılanan platformanın Azərbaycan həqiqətlərinin təbliğində və geniş yayılmasında mühüm vasitə olduğu vurğulanıb.

Görüşdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iştirak edib.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanışı olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər