Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Oktyabrın 24-də səhər saatlarında erməni hərbçiləri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində bağda xurma dərən 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.
Teleqraf.com xəbər verir ki, Azərtac-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri Kəbirli kəndində raketin düşdüyü yerə gedərək kənd sakinləri ilə həmsöhbət olub.
Kənd sakini Nurlan Baratzadə hadisə barədə danışarkən deyib: “Raket atılan vaxt səsə evdən çıxdım. Uşaqların ağlamaq səsini eşitdim. Kömək istəyirdilər. Qaçaraq bağa gəldim. Gördüm iki uşaq Orxanın yanında durub. Orxan da üzü üstə yerə uzanmış halda idi, tərpənmirdi...”
Ermənilərin məqsədinin dinc azərbaycanlı əhalini qorxutmaq olduğunu söyləyən kənd sakini Xasay Məmmədov deyib: “Mənfur düşmən istəyir ki, dinc əhalini atəşə tutub təxribat yaratsın, camaatı qorxutsun. Amma bizim güclü ordumuz var, əsgərlərimizə güvənirik. Düşmən elə bilir ki, yenə də 1990-cı illərdi. O zaman bizim belə ordumuz yox idi. İndi isə qüdrətli dövlətimiz, güclü ordumuz var. İşğalda olan torpaqlarımız azad edilir. İnşallah qələbə bizim olacaq".