27 Oktyabr 2020 21:13
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəşadətli Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları, torpaqlarımızın ard-arda işğaldan azad edilməsi vətəndaşlarımızda, xaricdə yaşayan soydaşlarımızda, eləcə də bir sıra ölkələrin vətəndaşlarında böyük sevinc hissi yaradır. Onlar dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları məktublarda bu sevinc hisslərini bölüşürlər.

Teleqraf.com Prezidentin saytına istinadən həmin məktubların bir neçəsini təqdim edir.

Sarıgül Səvzəliyevadan, Sakarya, Türkiyə:

Çox dəyərli Prezident, hörmətli cənab Ali Baş Komandan!

Mən əslən türkəm, həyat yoldaşım isə Azərbaycandandır. Tarixi çox sevirəm, tarix müəllimiyəm. Universitetdə tarix dərsləri keçərkən Qarabağda yaşanan qətliamları, Xocalı qırğınını göz yaşları ilə oxuyardım.

Bu gün isə rəhbərliyinizlə qəhrəman Azərbaycan ordusunun tarixə yazdıqlarını sevinc göz yaşları ilə izləyirəm.
Azərbaycan tarixində dönüş yaradacaq fəaliyyətinizi yeni nəsillərə ləyaqətlə öyrədəcəyimdən zərrə qədər şübhəniz olmasın.

Qarabağın düşmənlərdən təmizlənməsi uğurundakı mübarizənizi cani-könüldən dəstəkləyirik.

Çox sevdiyimiz Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Respublikasının hər bir sakini kimi lazım olduqda can Azərbaycan üçün canımızı fəda etməyə hazır olduğumuzu bildirmək istəyirəm. Sevgili atanız ulu öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Allahın köməkliyi ilə zəfər Azərbaycan ordusunundur.

Rəbbim Sizi və qəhrəman əsgərlərimizi qorusun.

Atila Məhməd, Mersin, Türkiyə:

Çox hörmətli Prezident.

Allahdan Sizə və xalqınıza daimi lütf və mətanət arzulayır, şəhidlərinizə isə rəhmət diləyirəm. Qədərinizdə nə varsa onu paylaşmaq, qarşılaşdıqlarınız önündə Sizlərlə çiyin-çiyinə durmaq istəyirəm.

Allah Sizi, bizi və bütün islam dünyasını qorusun, Sizin yar və yardımçınız olsun. Bizlərlə xain davranan, oyun oynamağa cəhd edən düşmənlərimiz isə gücün nə olduğunu gördülər.

Uca Rəbbimdən tezliklə işğal altında olan torpaqlarınızı azad etmək üçün xalqınıza kömək olmasını arzulayıram. Bir türk olaraq bu mübarizənizdə daim Sizin yanınızda olmaq, “Bir millət, iki dövlət” ideyasına xidmət etmək istəyirəm. Qəlbimlə, ruhumla və dualarımla Sizin yanınızdayam.

Sizin yolunuzda, haqqın, ədalətin bərpası yolunda qardaşlarımla bir sırada olmaq, Allah qismət edərsə, şəhidlik zirvəsinə ucalmaq mənim üçün şərəfdir.

Artıq analarımızın, atalarımızın göz yaşı axıtmasını, övladlarımızın valideynlərindən məhrum olmasını istəmirik.

Allaha əmanət olun!

Qələmirzə Masiyevdən, Bakı, Azərbaycan:

Çox hörmətli möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız.

Müstəqil Azərbaycanın vətəndaşı olaraq daim Sizin "Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var" şüarınıza inandıq. Yalnız bir çox halda səbrsizlik edirdik. Ancaq "nəyi nə vaxt və necə etməyi də" Sizdən yaxşı bilənin olmamasına inanırdıq.

Nə yaxşı ki, müstəqil Azərbaycanın qurucularından olan bizim nəsil də sayənizdə bu xoşbəxt günləri gördü. Biz dövlətimizlə, Liderimizlə, əvəzolunmaz və möhtəşəm tarix yazan Sərkərdəmizlə fəxr edirik. Ərazi bütövlüyümüzün, milli kimliyimizin, şərəfimiz və ləyaqətimizin bərpasını təşkil və təmin edən bir Lider əbədi olaraq xalqımızın rəhbəri, Lideri kimi tarixə düşdü.

Tam əminəm ki "İlhamla irəli"nin ən məsul və yaradıcı dövrü indi başlayır. Sizi və xalqımızı bu nailiyyətlər mühasibətilə təbrik edirəm. Cəbhə bölgəsinə könüllü olaraq yollanan oğlum daxil olmaqla Allah bütün əsgər və zabitlərimizi qorusun, bizə zəfərlər nəsib etsin!

Qələbə bizimlədir, Qarabağ Azərbaycandır!

Rövşən Rüstəmovdan, İsmayıllı, Azərbaycan:

Möhtərəm Prezidentimiz.

Sizin rəhbərliyinizlə 30 illik torpaq həsrətinə son qoyulduğuna, şanlı Ordumuzun hər gün qazandığı qələbələrə görə Sizə təşəkkür və minnətdarlığımı bildirirəm.

Cənab Prezident, mən belə düşünürəm ki, Siz Azərbaycan Respublikasının Milli Qəhrəmanısınız. Sizinlə bütün Azərbaycan xalqı fəxr edir, hər gün cəbhədə işğaldan azad olunmuş rayon və kəndlərimizdə Azərbaycan Bayrağı dalğalandırılır. Əminəm ki, tezliklə bütün torpaqlarımız düşmən tapdağından azad olunacaq, Azərbaycan Bayrağı hər bir şəhər və rayonda dalğalandırılacaqdır.

Allah Sizi qorusun, kölgənizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin!

Rövşən Zamanovdan, Mingəçevir, Azərbaycan:

Hörmətli Ali Baş Komandan!

Bütün Azərbaycan xalqı Sizinlədir. Mən bir kəlbəcərli kimi, Sizinlə fəxr edirəm. Fəxr edirəm ki, Sizin kimi Ali Baş Komandanımız var.

Allah müzəffər Ordumuzu qorusun!

Siz adınızı Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran bir Sərkərdəsiniz! Bütün Azərbaycan xalqı Sizinlə bir yerdədir.

İşğal olunmuş torpaqlarımızın, o cümlədən Kəlbəcərin bir hissəsinin işğaldan azad olunması xəbərlərini Sizin dilinizdən eşitdikdə, sevincimizin həddi-hüdudu olmadı.

Cənab Prezident, Siz eyni zamanda, bütün Türk Dünyasının qəhrəmanısınız!

Kəlbəcərdə Sizi qarşılamaq, qonaq etmək ümidi ilə yaşayıram.

Xalidə Əsgərovadan, Gəncə, Azərbaycan:

Müzəffər Ali Baş Komandan.

Mən bir şəhid anası kimi Sizin Azərbaycan torpaqlarının, xüsusilə də Fizulinin və Lələtəpə yüksəkliyinin erməni daşnaklarından geri almağınız münasibəti ilə Sizə təşəkkürümü bildirirəm.

Yeganə oğlum, kapitan Zaur İsmayılov 2004-cü ildən Horadiz qəsəbəsindəki hərbi hissədə xidmət edirdi. Gecə-gündüz dincəlmədən əsgərləri ilə birlikdə Lələ təpə yüksəkliyinin geri alınmasına hazırlaşırdı və hər zaman Sizin əmrinizi gözləyirdi.

Oğlum Lələ təpə yüksəkliyi uğrunda gedən döyüşlərdə yaralanan əsgərləri səngərdən çıxarıb geri qayıdanda ürəyindən vurulmuşdu.

Mən öz oğlumla fəxr edirəm. Vətən sağ olsun! Bir ana kimi həm sevinirəm, həm də kədərlənirəm. Sevinirəm ona görə ki, Qarabağdakı torpaqlarımız geri alınır. Kədərlənirəm ona görə ki, bu günü görmədi, amma əminəm ki, oğlum Zaurun ruhu şaddır.

Arzum budur ki, gün o, gün olsun ki, bütün torpaqlarımız geri alınsın. Tezliklə, qələbə bizim olsun. Uca Tanrı Sizi qorusun. Azərbaycan xalqına çox görməsin.

Besik Kuribabaşvilidən, Şəki, Azərbaycan:

Müzəffər Ali Baş Komandan.

Mən 1983-cü ildə Qax rayonunun Meşəbaş kəndində anadan olmuşam. Hərbi xidmətimi 2002-ci ildə Füzuli rayonunun Alxanlı kəndində yerləşən hərbi hissədə tank əleyhinə raket qurğusunun baş atıcısı və manqa komandirinin müavini vəzifəsində yerinə yetirmişəm.

Sizin məlum Fərmanınızı böyük sevinc və fəxr hissi ilə qarşıladıq. Vətənimizin işğal altında olan torpaqlarının azad olunması vaxtı, nəhayət gəlib çatdı. Çoxdan gözlədiyimiz an, səbirsizliklə arzuladığımız zəfər yürüşü üçün bizlərə imkan yaratdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident, Vətənimin bu ağır, lakin şərəfli zamanında, ürəklərin cəbhə üçün, torpaq üçün döyündüyü bir vaxtda, hamının bir nəfər kimi “Qarabağ” deyərək mübarizəyə qalxdığı anda mən də bir Azərbaycan vətəndaşı və azsaylı xalqın nümayəndəsi kimi, Vətən qarşısında müqəddəs borcumu yerinə yetirmək istərdim. Cənab Ali Baş Komandan, doğma torpaqlarımızı düşməndən azad etmək üçün, canımdan və son damla qanımdan keçməklə şəhid olmağa hazıram. Şəhidlik zirvəsinə ucalmaq ömür boyu arzusunda olduğum xoşbəxtliyi yaşamaq deməkdir mənim üçün.

Ulu Öndərimizin layiqli davamçısı kimi Sizə və rəşadətli Ordumuza bu şərəfli yolda böyük uğurlar arzulayıram.
Vətənə verəcəyim candır.

Qarabağ Azərbaycandır!

Firdovsi Təhməzovdan, Laçın, Azərbaycan:

Hörmətli cənab Prezident.

Mən 1992-1994-cü illərdə bir qolum olmadan Qarabağ döyüşlərində iştirak etmişəm. Torpaqlarımızın azad edilməsi, otuz ildən bəri narahat qalmış şəhid ruhlarının şad olması, mənfur erməni faşistlərinin öz layiqli cəzasını alması üçün hazırda gedən döyüşlərdə də iştirak etməyə hazıram.

Əmrinizdəyəm, müzəffər Ali Baş Komandan!

Qarabağ Azərbaycandır!

Abil Məmmədovdan, Tərtər, Azərbaycan:

Möhtərəm cənab Prezident.

Mən və ailəm Sizin apardığınız siyasəti bəyənir və dəstəkləyirik. Vətənimizin ərazi bütövlüyü uğrunda apardığınız bu haqq mübarizəsində Sizə uğurlar və Qələbə arzulayırıq.

Bu gün hər bir azərbaycanlı öz Ali Baş Komandanı və Ordusu ilə haqlı olaraq fəxr edir. Uzun illər çəkilən zəhmətin, həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsini, bəhərini görürük.

Cənab Prezident, Allah Sizi və əsgərlərimizi qorusun.

Qarabağ Azərbaycandır!

Elmin Şıxalıyevdən, Füzuli, Azərbaycan:

Müzəffər Ali Baş Komandanımız.

Siz xalqımızın yenilməz Sərkərdəsisiniz. Artıq hər birimizin ürəyində Sizin qəhrəmanlıq abidəniz ucalıb.
İnanırıq ki, Vətən müharibəmizdən qələbə ilə çıxacağıq. Füzuli rayonunun, xüsusilə anadan olduğum Aşağı Seyidəhmədli kəndinin işğaldan azad olunmasına görə Sizə minnətdarlığımı və daim siyasətinizi dəstəklədiyimi bildirirəm. Hər zaman Sizinləyik! Qarabağ Azərbaycandır!

Qubadlı rayonunun ziyalılarından, Qubadlı, Azərbaycan:

Hörmətli cənab Prezident, müzəffər Ali Baş Komandan.

Komandanlığınızla sentyabrın 27-dən başlanan Qurtuluş Savaşı hər gün yeni qələbələrlə xalqımızı sevindirir, vətəndaşlarımıza sonsuz ruh yüksəkliyi bəxş edir.

Bizim üçün Azərbaycanın hər qarış torpağı doğmadır, əzizdir. Ancaq etiraf edək ki, dünyaya göz açdığımız, 28 ildən bəri həsrət qaldığımız, əzizlərimizin cismi uyuyan Qubadlının yağı düşməndən azad edilməsi xəbərini Sizin dilinizdən eşitmək, ekran-efirdə görüb izləmək bir özgə hissdir. Bizim həyatımızda, mənəvi dünyamızda Qubadlının başqa yeri var. Bu xoş xəbərin bəxş etdiyi duyğunu sözlə ifadə etmək çox çətindir. İnanırıq ki, tezliklə hər birimizin o torpaqları ziyarət etmək, o ellərə dönmək arzumuz gerçəkləşəcəkdir. Xalqımız Laçın, Kəlbəcər, Şuşa, Xankəndinin də yağı tapdağından qurtuluş xəbərini Sizdən eşitmək arzusu ilə yaşayır.
Hər birimiz yaxşı anlayırıq ki, bu zəfər, bu qalibiyyət yürüşü yalnız Sizin siyasi iradəniz, qətiyyətinizin, güclü təzyiqlərə sinə gərib maneələri dəf edən zəkanızın bəhrəsidir, bu qələbələr yalnız Sizin hərbi sərkərdəlik bacarığınız, Milli Ordumuza ilham, güc- qüvvət verən komandanlıq məharətiniz sayəsində gerçəkləşib. Sizinlə fəxr edirik, ən böyük minnətdarlığımız Sizədir. Xalqımızın milli qürur hisslərinin özünə qaytarılması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi Sizin adınıza yazılan əbədi şöhrət, şərəf-şandır. Uşaqdan böyüyə hər bir azərbaycanlının qəlbində bu gün bir İlham Əliyev sevgisi boy atıb, ucalıb. İşğaldan azad edilən hər bölgəmizin ən uca zirvəsində Sizin adınız, surətiniz əbədi heykəlləşəcəkdir, çünki bunu yalnız Sizin kimi qüdrətli Prezident, Komandan reallaşdıra bilərdi. Azərbaycanı əsarətə baş əyməyən xalqı ilə, hərb meydanında savaşmağı, döyüşməyi bacaran ordusu ilə, bütün gücü ilə dünyaya tanıdan, qəbul etdirən Siz oldunuz. Hər zaman Sizinləyik, ölkəmizi işıqlı günlərə aparan siyasətinizi dəstəkləyənlərin ön sırasındayıq. Bizlərə bu sevincli və qürurverici günləri yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk.

Var olun, 100 yaşayın! Allah Sizi, ailənizi qorusun, qalib Prezident, müzəffər Ali Baş Komandanımız!

Qarabağ Azərbaycandır!

Yaşasın Azərbaycan!

Sonsuz sevgi və ehtiramla!

Nanə Babayevadan, Sumqayıt, Azərbaycan:

Hörmətli cənab Prezident!

Oktyabrın 26-da xalqa müraciət edərkən söylədiyiniz nitqlə bir daha xalqımızın Prezidenti olduğunuzu sübut etdiniz.

Siz hər dəfə deyirsiniz “Biz haqq, ədalət istəyirik!”. Xalq da bu haqq yolunda Sizin arxanızdadır, Sizinlə birlikdədir. Bu işdə Sizin də bütün varlığınızla xalqın yanında olmağınızdan qürur duyuruq. Allah haqq işimizdə bizə, əsgərlərimizə kömək olsun.

Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

Orxan Hüseynovdan, Ucar, Azərbaycan:

Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

Bu çətin və şərəfli gündə Sizin əmrinizlə əks-hücum əməliyyatı nəticəsində və güclü Azərbaycan Ordusunun şücaəti sayəsində torpaqlarımızın işğaldan azad olunması münasibətilə Sizi ailəmiz və ucarlılar adından səmimi qəlbdən təbrik edirəm.

Müzəffər Ali Baş Komandan, Sizin hər dəfə xalqa müraciətinizi səbirsizliklə izləyirik, bilirik ki, bizi sevindərəcəksiniz.

Azərbaycanın haqq işində şanlı qələbələrlə yeni tarix yazan müzəffər Ali Baş Komandanımızla daim qürur duyuruq!

Biz zəfər çalacağıq! Nə yaxşı ki bizim Prezidentimizsiniz! Biz həmişə Sizinləyik!

Qarabağ Azərbaycandır!

Günel Allahverdiyevadan, Qubadlı, Azərbaycan:

Möhtərəm cənab Prezident.

Siz bu günlərdə Azərbaycan tarixinin ən şərəfli səhifəsini yazırsınız. Cəbhədə şanlı Ordumuzun şücaəti, siyasi arenada Sizin qətiyyətiniz, iradəniz hər birimizi qürurlandırır.

Mən Qubadlıdan köçkün düşəndə 8 yaşım vardı. Ürəyimizdə müharibənin açdığı yaralarla böyüdük. Amma bu günlərdə torpaqlarımızın azad olunması xəbəri yaralarımıza məlhəm oldu. Qubadlı sakini kimi öz adımdan və bütün qubadlılar adından Sizə və müzəffər Ordumuza dərin minnətdarlığımızı bildirirəm.
Qarabağ bizimdir, zəfər bizimlədir!

Səidə Məhərrəmovadan, Qubadlı, Azərbaycan:

Müzəffər Ali Baş Komandan.

Bizə bu qələbə sevinclərini yaşatdığınız üçün minnətdaram. Azərbaycanın üçrəngli Bayrağı Şuşada və işğal altında olan digər torpaqlarımızda dalğalanacaq. Azərbaycan xalqı Sizi sevir və Sizinlə qürur duyuruq.

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər