29 Oktyabr 2020 16:33
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpla görüşüb.

Dövlət Komitəsindən Teleqraf.com-a bildirilib ki, görüşdə Ermənistanın hərbi təcavüzü və terrorçu siyasəti nəticəsində baş verən hadisələr fonunda uşaq və qadınların hüquqları, gender məsələləri müzakirə edilib.

Azərbaycan-Böyük Britaniya tərəfdaşlığının və əlaqələrinin zəngin tarixə malik olduğunu, uzun illər uğurla inkişaf etdiyini bildirən Bahar Muradova baş verən hadisələrlə bağlı ədalətli mövqeyini açıq şəkildə bildirdiyinə görə qarşı tərəfə təşəkkürünü ifadə edib. Sədr çətin və şərəfli günlərin yaşandığını, Azərbaycanın mövqeyini açıq şəklidə ortaya qoyduğunu, ərazi bütövlüyü və torpaqlarının qaytarılması naminə mübarizə apardığını, bu mübarizənin sonunda inkişaf və rifahın gələcəyinə inandığını vurğulayıb.

B.Muradova Böyük Britaniya səfirliyinə Azərbaycanın müvafiq orqanları, o cümlədən komitə ilə intensiv əməkdaşlıqda maraqlı olduqları, təkliflərlə çıxış etdikləri üçün təşəkkürünü bildirib, münaqişə bitdikdən sonra yenidən quruculuq mərhələsində uşaq və qadınların hüquqlarının müdafiəsi və gender məsələlərinin tənzimlənməsi ilə bağlı birgə əməkdaşlıq məsələlərinə toxunub.

Səfir baş verən hadisələr zamanı həyatlarını itirənlərin ailələrinə başsağlığı verib. C.Şarp bu gün baş verən hadisələrlə bağlı dəstək göstərməyə hazır olduqlarını qeyd edərək, müxtəlif təşkilatlarla əməkdaşlıq çərçivəsində lazımi yardımları edəcəklərini diqqətə çatdırıb. Qadınların tarixboyu sülhün bərqərar edilməsində rolundan danışan səfir Azərbaycan qadınlarının da sülh quruculuğuna böyük töhfə verəcəyinə ümidini ifadə edib. C.Şarp münaqişələrin gender balansının qorunmasına, sülh və təhlükəsizlik prinsiplərinin təmin olunmasına mənfi təsir göstərdiyini qeyd edərək, bu məqamlara diqqət ayrılmasının vacibliyini vurğulayıb. Səfir yenidən quruculuq mərhələsində sülhün və təhlükəsizliyin bərqərar edilməsində komitə ilə əməkdaşlığın uzunmüddətli perspektivdə davam edəcəyinə əminliyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər