Əməkdar jurnalist, “Olaylar” qəzeti və eyniadlı informasiya agentliyinin əməkdaşı, Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəylinin İordaniyanın Nayrouz.com saytında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar və terror siyasətindən bəhs edən məqaləsi dərc edilib.
Teleqraf.com-un məlumatına görə, “Azərbaycan erməni terrorunun hədəfində” başlıqlı yazıda müəllif qeyd edir ki, Azərbaycan bir aydan artıqdır erməni terroruna və Ermənistanın təcavüzkar siyasətinə qarşı şərəfli mübarizə aparır. Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğala məruz qoyması, 1 milyona yaxın azərbaycanlını öz yurd-yuvalarından didərgin salmasına baxmayaraq ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürdüyünü qeyd edən məqalə müəllifi vurğulayır ki, yeni ərazilər zəbt etməyi qarşıya məqsəd qoyan Ermənistan dövlətinin bu ilin sentyabr ayının 27-dən başlamış olduğu hücum əməliyyatı bölgədə yeni bir gərginliyin artmasına, müharibənin alovlanmasına gətirib çıxardı.
Müəllif daha sonra yazır:
“Ermənistanın Azərbaycan ərazilərinin daha bir hissəsini zəbt etmək, yeni ərazilər ələ keçirmək istəyinin təbii ki, qarşısı alınmalı, adekvat tədbirlər görülməli idi. Beləliklə, Azərbaycan Ordusu Ermənistanın sentyabrın 27-dən başlamış olduğu hücum cəhdinin qarşısını almağa və əks-hücum əməliyyatı ilə 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarının bir hissəsinin işğaldan azad edilməsinə nail oldu. Ötən müddət ərzində Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində Ermənistan tərəfindən uzun illər işğal altında saxlanılan Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının kənd və qəsəbələri işğaldan azad edildi, tarixi Azərbaycan ərazilərində yenidən Azərbaycan bayrağı dalğalandırıldı”.
Müəllif məqalədə Ermənistanın mülki əhalini hədəfə alması və Gəncəyə həyata keçirdiyi raket hücumundan da yazıb:
"Mövcud reallıq və Azərbaycanın öz haqq işi uğrunda apardığı mübarizədə əldə etdiyi qələbələri həzm edə bilməyən Ermənistan dövləti ənənəsinə sadiq qalaraq yenə də terrora, mülki insanları hədəfə almağa üstünlük verdi. Cəbhədə ağır məğlubiyyətlə üzləşən, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı qarşısında aciz duruma düşən Ermənistanın hərbi və siyasi rəhbərliyi bir tərəfdən Azərbaycandan atəşkəsə əməl olunmasını xahiş etdi, bunun üçün bir sıra dövlətlərdən vasitəçi olmağı istədi, digər tərəfdən öz istədiyi atəşkəsi elə özü kobud şəkildə, vandalcasına pozdu. Özü də cəbhə xəttində, döyüş meydanında deyil, döyüşlərin getdiyi ərazidən yüzlərlə kilometr kənarda, Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə. Eyni zamanda hərbi əməliyyatlardan çox-çox uzaq olan digər şəhər və rayonlarda, Tərtər, Goranboy, Bərdə, Yevlax, Mingəçevir, hətta Siyəzən, Qəbələ, Kürdəmir və Bakıda. Adlarını çəkdiyimiz hər bir şəhər və rayona uzaqmənzilli ballistik raketlər atmaqla, mülki insanların yaşadığı kənd və qəsəbələri artilleriya qurğuları ilə atəşə tutmaqla. Ermənistan dövlətinin təkcə Gəncə şəhərinə atdığı uzaqmənzilli ballistik raket zərbələri nəticəsində 20-dən çox mülki şəxs həlak olub, 100-ə yaxın şəxs xəsarət alıb. Həm oktyabrın 11-də, Azərbaycanla atəşkəs barədə razılığın əldə edilməsindən bir neçə saat sonra, həm də oktyabrın 17-də Gəncəyə atılan raketlərin hədəfi sırf yaşayış məntəqələri olub və bu zərbələr nəticəsində Gəncə şəhərində yüzlərlə ev, eləcə də bir o qədər infrastruktur və iaşə obyekti yararsız vəziyyətə düşüb. Eyni zamanda raket zərbələrinin endirildiyi Beyləqan, Tərtər, Ağdam, Bərdə, Goranboy, Naftalan və digər şəhər və rayonlarda da hədəf mülki insanlar olub və sentyabrın 27-dən başlayan erməni hücumu və terroru nəticəsində ümumilikdə 60-dan çox dinc, mülki insan həlak olub, 300-ə yaxın mülki şəxs yaralanıb. Adları qeyd edilən şəhər və rayonlarda da yüzlərlə yaşayış binası, məktəb və digər inzibati binalara ciddi ziyan dəyib”.
Süleyman İsmayılbəyli qeyd edib ki, Azərbaycan xalqına, mülki, dinc insanlara qarşı həyata keçirilən erməni terroru sivil dünyanın gözü qarşısında baş verir və bu gün insan hüquq və azadlıqlarından bəhs edən beynəlxalq təşkilatlar, dünyanın güc mərkəzləri ermənilərin işğalçılıq və terror siyasətinə "dur" deməkdə maraqlı görünmür:
“Belə olan halda bu müqəddəs missiya – erməni terrorunun qarşısını almaq Azərbaycan dövləti və onun ordusunun üzərinə düşür. Azərbaycan dövləti və ordusu da bu gün həmin missiyanı uğurla həyata keçirməkdədir”.