“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə Ehtiram Feyzullah oğlu Rüstəm-zadə Şamaxı rayon Mərkəzi Xəstaxanasına direktor təyin edilib.
Bu barədə Teleqraf.com-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Ehtiram Rüstəm-zadə 1989-1995-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. 1993-1998-ci illərdə Bakı şəhər 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasında tibb qardaşı, həkim-pediatr vəzifələrində çalışıb, xəstəxananın intensiv terapiya şöbəsində sağlamlığı kritik vəziyyətdə olan uşaqların müalicəsini həyata keçirib.
1996-1997-ci illərdə Sərhədsiz Həkimlər Təşkilatında İlkin Səhiyyə Xidmətləri Proqramında ümumi həkim kimi iştirak edən Ehtiram Rüstəm-zadə bir çox beynəlxalq tibbi layihələrin təşkilatçısı və rəhbəri də olub.
O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda bir çox vəzifələrdə çalışıb.