Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Erkən nikahla mübarizə istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi əsasında “Milli Düşüncə Milli- Mənəvi Dəyərlərin Təbliği” İctimai Birliyinin çap etdiyi “Erkən nikahla mübarizə” adlı kitabça sosial problem kimi hazırda nəinki dünyada, o cümlədən, ölkəmizdə aktuallıq kəsb edən erkən yaşda nikaha “yox” demək üçün maarifləndirmə işinin gücləndirilməsinə böyük töhfədir.
Teleqraf.com xəbər verir ki, adından da göründüyü kimi, İctimai Birlik milli-mənəvi dəyərlərin təbliğini, onların qorunmasını və inkişaf etdirilməsini əsas hədəf kimi qarşıya qoyub. Bu fakt inkaredilməzdir ki, hər bir xalqı dünyada tanıdan onun mədəniyyəti, elmi və milli-mənəvi dəyərləridir. Tarixin hər bir dövründə ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Milli-mənəvi dəyərlər sistemində ailənin rolu daim yüksək qiymətləndirilir, ona ülvi və müqəddəs dəyərlərin tərənnümçüsü kimi baxılır, milli genefondun saflığının qorunmasında ailəyə böyük önəm verilir. Ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti də bunun bariz nümunəsidir.
Kitabçanın “Ön söz”ündə bu kimi məqamlar geniş şəkildə oxucu auditoriyasına çatdırılır. Qeyd edilir ki, ölkənin inkişaf səviyyəsini, sosial-iqtisadi vəziyyəti, təhsili, insan hüquqlarının inkişafını və digər məsələləri ozündə əks etdirən erkən nikahla bağlı ayrı-ayrı dövlətlər, təşkilatlar öz narahatlıqlarını ifadə edir, ailə institutunun, insan hüquqlarının müdafiəsi istiqamətində həm yerli, həm də beynəlxalq səviyyədə müzakirələr aparır, qanunlar qəbul edirlər. Əsas çağırış bu yönümdə bütün ölkələrin səylərini daha da artırması, insanlığa yaraşmayan belə halların qarşısını almaq üçün imkanların birləşdirilməsidir.
Kitabçada erkən nikahların yaranmasında gender bərabərsizliyindən, erkən evliliklə mübarizə sahəsində həyata keçirilən Strategiyalardan, dünyada və Azərbaycanda belə halları doğuran səbəblərdən və qarşısının alınması yollarından, problemin həllini hüquqi, iqtisadi, təhsil, maarifləndirmə və sair kimi istiqamətlərdə aparmaqla məqbul nəticələr əldə etməyin mümkünlüyündən, respublika üzrə qırmızı, narıncı və sarı xəttə daxil olan bölgələrdən, eyni zamanda, belə nigahların fəsadlarından bəhs olunur, tövsiyələr diqqətə çatdırılır.
Bildirilir ki, “Ailə cəmiyyətin təməlıdir” prinsipindən çıxış edərək, həmçinin ailənin kiçik dövlət olaraq düzğün formalaşdırılmasının hər bir ölkənin inkişafında rolunu nəzərə alaraq kiçik yaşda evliliklərin qarşısının alınması, ailənin şüurlu ata və analar tərəfindən yaradılması, uşaqların qorunması təmin edilməlidir.
Tədqiqatlar göstərir ki, qızların təhsil səviyyəsi artdıqca erkən nikahların mövcudluq faizi azalır. Bu reallıq da xüsusi qeyd olunur ki, ölkəmizdə qadınların xoşbəxt yaşamaları, həyatda fəal mövqe tutmaları üçün hər cür şərait yaradılıb. Dövlətimiz öz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirməyi bacaran, fəal, güclü ailələrin formalaşması üçün çalışır. Bu istiqamətdə mütəmadi olaraq cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, sağlam həyat tərzinin təbliği istiqamətində ardıcıl işlər görülür. Erkən nikahın ailə zorakılığının ən ağır formalarından biri olduğu təbliğ edilir.
Bu günümüzün əsas çagırışlarından biri cəmiyyətin inkişafına öz mənfi təsirini göstərən erkən nikahların qarşısını almağa dəstək olmaqdır. Hər bir məsələnin həllində maarifləndirmə işinin yüksək səviyyədə qurulması əsas amil kimi önə çəkilir. Düşünürük ki, “Milli Düşüncə Milli- Mənəvi Dəyərlərin Təbliği” İctimai Birliyinin çap etdiyi “Erkən nigahla mübarizə” adlı kitabça ictimaiyyət arasında güclü təbliğat və maarifləndirmə işlərinə öz töhfəsini verəcək. Məqsəd erkən nikahın qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına təhlükə yaratdığını və böyük fəsadlara yol açdığını aşılamaqdır.