Gənclərin ekoloji maarifləndirilməsi məqsədi ilə Bakı Dövlət Universitetin (BDU) Ekologiya və Torpaqşünaslıq və Coğrafiya fakültələrinin tələbələri üçün seminar keçirilib.
“Təmiz Şəhər” ASC-in təşkil etdiyi tədbirdə Milli Məclis Aparatının sektor müdiri Şamil Hüseynov, “EkoReal” QHT-in direktoru Telman Zeynalov, “Təbiət və Həyat” QHT-in sədri Fuad Axundzadə, “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Sabit Zeyniyev tərəfindən mühazirələr oxunub.
Seminarda Milli Məclisin nümayəndəsi tələbələrə ətraf mühitin mühafizəsi sahəsində Milli Məclis tərəfindən qəbul olunmuş qanunlar, qərarlar və normativ hüquqi aktlar barədə məlumatlar verib. “EkoReal” təşkilatının direktoru bərk məişət tullantılarının idarə edilməsi sahəsindəki beynəlxalq təcrübədən, “Təbiət və Həyat” təşkilatının sədri təkrar emal müəssisələrinin yaradılmasının sənayenin inkişafındakı rolundan danışıblar. “Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev isə ASC-nin ekologiya, ətraf mühitin qorunması, tullantıların idarə edilməsi sahələrində gördüyü işlər barədə təqdimatla çıxış edib.
“Təmiz Şəhər” ASC gənc nəslin ekoloji maarifləndirməsi və tərbiyəsi məqsədi ilə 2010-cu ildən ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb və mütəmadi olaraq bu cür seminarlar təşkil edir.