30 Noyabr 2020 14:27
408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Kaspi Universitetində növbəti beynəlxalq konfrans keçirilib.

"Pontokaspi və Qafqaz Bölgəsi: ekosistemlərin birləşməsi və izolyasiyası şəraitində dəyişikliklər, canlıların filogenezi, geologiya, ekologiya və coğrafiyası" adlı Multidisiplinar Beynəlxalq Konfrans onlayn şəkildə təşkil olunub və iki gün ərzində - 27-28 noyabr tarixlərində davam edib.

Konfransı giriş nitqi ilə açan universitetin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov pandemiya şəraiti ilə əlaqdar olaraq konfransın onlayn formatda baş tutduğunu, bununla belə mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. H.Bağırov vurğulayıb ki, universitet elmi tədqiqat işinin inkişaf etdirilməsini öz fəaliyyətinin prioritetləri sırasında görür. Konfransın öz mövzusu etibarilə də aktuallıq kəsb etdiyini qeyd edən professor tədqiqatçılara uğurlar arzu edib.

Beynəlxalq konfransda Pontokaspi və Qafqaz Bölgəsi, bu ərazidə ekosistemlərin birləşməsi və izolyasiyası şəraitində yaranmış dəyişikliklər, suda və quruda yaşayan canlıların filogenezi, flora və faunanın özəllikləri, geologiya, ekologiya və coğrafiyası, Pontokaspi və Qafqaz Bölgəsində yaşayan insanların mədəniyyətləri, psixoloji və gerontoloji xüsusiyyətləri, bölgə tarixinin maraqlı məqamları və s. alimlər tərəfindən müzakirə edilib. Multidisiplinar Beynəlxalq Konfransın əsas məqsədi fərqli sahələrdə çalışan dünya alimlərinin diqqətini Pontokaspi və Qafqaz bölgəsinin öyrənilməsinə həsr olunmuş çoxsaylı elmi tədqiqatlara yönəltmək və bu bölgənin qlobal problemlərinin həllinə istiqamətlənmiş tədbirlər hazırlanmasına şərait yaratmaq olub.

Konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Hollandiya, Ukrayna, ABŞ, Özbəkistan, BƏƏ, İtaliya və digər ölkələrin tədqiqatçıları iştirak ediblər.

İki gün davam edən konfransda 5 sessiyada 42 məruzə dinlənib, ümumilikdə isə konfransa 185 məqalə təqdim olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər