1 Dekabr 2020 20:38
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Cəsur döyüşçü” Azərbaycan Respublikasının medalı haqqında Əsasnaməni təsdiqləyib.

Teleqraf.com-un məlumatına görə, “Cəsur döyüşçü” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması zamanı müstəqil və ya digər qoşun növləri ilə birlikdə strateji və ya xüsusi əhəmiyyətli ərazilərin tutulması üzrə döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, havada və yerdə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

“Cəsur döyüşçü” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “İgidliyə görə” medalından sonra taxılır.

“Cəsur döyüşçü” medalı diametri 38 mm olan, bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş səkkizguşəli lövhədən ibarətdir.

Medalın ön tərəfində səkkizguşəli lövhə dekorativ naxışla bəzədilmiş zolaq ilə konturlanmışdır. Konturun içərisində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca “CƏSUR DÖYÜŞÇÜ” sözləri yazılmış, aşağı qövs boyunca milli ornamentlər təsvir olunmuşdur. Daxili çevrənin içərisində iki kəsişən qılınc və qalxandan ibarət kompozisiya təsvir olunmuşdur. Kompozisiyadan sol və sağ tərəflərdə iki səkkizguşəli ulduz həkk olunmuşdur. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Medal paltara bərkidilmək üçün elementi olan 37 mm x 24 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Tünd qırmızı rəngli xara lentin sol və sağ kənarlarından 3 mm aralı, hər birinin eni 4 mm olan iki şaquli ağ zolaq təsvir olunmuşdur. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər