Ölkəmizdə pandemiyanın 41-ci həftəsini yaşamaqdayıq. 40 həftə ərzində 25 min 542 yoluxma faktı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"Gündəlik yoluxmalar 29 faiz, ölüm halları 1 faiz olaraq qeydə alınıb. Koronavirus səbəbilə ağırlaşmalar xroniki xəstəlikləri olan şəxslərdə daha çox olur. Ürək-damar, hipertoniya, xərçəng xəstələri bu sıraya daxildir".
O qeyd edib ki, son günlərin statistikası əhali arasında panikaya səbəb olub: "Yoluxan şəxslərin 82 faizi bu xəstəliyi yüngül keçirir və onlar bu səbəblə evdə müalicə oluna bilərlər. Lakin bu şəxslər xəstəxanalara müraciət edir, həkim nəzarəti olmadan dərmandan istifadə edir, sistem vurulması kimi hallara üz tuturlar. Vəziyyətləri ağırlaşdığı zaman isə xəstəxanaya gəlib, işi çətinləşirmiş olurlar".
Nəzrin Mustafayevanın sözlərinə görə, test nəticələri pozitiv çıxanlar və onların ailə üzvləri sosial izolyasiya qaydalarına biganə yanaşırlar: "Bu şəxsləri karantin qaydalarına ciddi riayət etməyə çağırıram. Təəssüf ki, xəstəliyin peyvəndi hələ təsdiqlənməyib. Bu səbəblə sosial məsafə gözləmək, gigiyena qaydalarına riayət etmək, məcbur olmadıqda kütləvi yerlərdən uzaq qalmaq vacibdir. Yoluxma sayının ciddi şəkildə artıdğı dönəmdə əhalinin dəstəyinə ehtiyac var".