2 Dekabr 2020 14:52
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya başladığı dövrdən indiyədək dövlət səviyyəsində ən yüksək, ən effektli tədbirlər görülür.

Teleqraf.com xəbər verir ki, bunu Tibb Universitetinin professoru Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Bu dövrdə model tipli xəstəxanaların açılması, ölkəyə dərman preparatlarının gətirilməsi, xarici mütəxəssislərin cəlb olunması COVID-19 virusu əleyhinə aparılan tədbirlərin bir hissəsidir. Dünyada yoluxma sayrı 60 milyonu keçib, ölüm halları 1 milyonu ötüb. Dünya ölkələri çox sərt tədbirlər həyata keçirsə də, virus yayılmaqda davam edir. Hazırda qorunma tədbirlərindən başqa çarəmiz yoxdur".

Akif Qurbanov bildirib ki, virusla mübarizədə ilk növbədə qorunma tədbirlərinə düzgün əməl etmək lazımdır: "Maska tənəffüs yollarını bağlamalıdır, əks halda istifadəsinin mənası qalmır. Sosial məsafə və əllərin düzgün yuyulması, dezinfeksiya virusa qarşı mühüm tədbirlərdəndir".

Professor əlavə edib ki, insanlar evdə müalicə olunan xəstədən özünü təcrid etməlidir: "Bu gün ailədaxili yoluxmalar sürətlə artmaqdadır. Ailədaxili yoluxma qeydə alındıqda, həkimə müraciət edib, evdə müalicə oluna bilərlər. Lakin hər bir xəstə şəxs ətrafındakıları qorumalıdır.

Digər bir problem odur ki, vətəndaşlar xəstəlik haqqında məlumatlı deyillər. Şəxs soyuqlama halı hiss edən kimi dərhal xəstəxanaya müraciət edir, ağciyərləri rentgen və kompüter tomoqrafiya etdirməyə cəhd göstərir. Lakin görüntülər təmiz çıxdıqda özünü sağlam hesab edir. Hamı bilməlidir ki, xəstəliyin ağırlaşması virus ciyərlərə düşdüyü zaman baş verir.

İnsanlar qızdırması olan kimi KT etdirməyə cəhd edir. Hamı bilməlidir ki, COVID-19 diaqnozunda TK köməkçi vasitədir. COVID diqanozunda PZR analizləri əsas götürülür" .

Akif Qurbanov bildirib ki, bəzi hallarda xəstəlik simptomsuz keçir: "Biz hər birimiz soyuqlama əlaməti hiss etsək, COVID olduğumuzu düşünməliyik və dərhal özümüzü təcrid etməliyik. Bəzi hallarda PZR analizi neqativ olur, lakin xəstədə əlamətlər davam edir. Bu zaman da xəstə özünü təcrid qaydalarına əməl etməlidir" .

Professor vətəndaşlara tövsiyə edib ki, lazım olmadığı təqdirdə ictimai nəqliyyatdan istifadə etməsinlər: "Görüşən zaman yaxın təmasdan qaçmaq lazımdır. Biz tədbirlərə diqqətlə əməl etsək, yoluxma saylarının artmasına imkan vemərik. İnsanların böyük qismində xəstəliyə qarşı immunitet yaratmasaq, pandemiya ilə mübarizəmiz çətin olacaq. Bəzi şəxslər ola bilər ki, özləri xəstələnib immunitet yaradacaq.

Yaxın zamanda kütləvi COVID vaksinasiyası başlayacaq. Vaksinlər ölkəyə gətirildiyi zaman, proses başlayacaq. Mən əminəm ki, vətən müharibəsində qələbə qazandığımız kimi bu mübarizədə də qalib olacağıq. Bu, təkcə hüquq-mühafizə orqanlarının, medianın işi deyil. Biz birlikdə güclüyük.

Səhiyyə sistemimizi yükləməyək. Hələ də əsgərlərimiz müalicə olunmaqdadır. Biz özümüzü qorusaq, yaralı əsgərlərimizi də qorumuş oluruq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər